Direktorun pul tələb etdiyini göstərən görüntülər yayılıb
Mingəçevir şəhərindəki 4 saylı məktəbin direktorunun rüşvət aldığı iddia edilən görüntülər sosial şəbəkələrdə yayılıb. Direktorun dərs saatlarına görə əlavə pul tələb etdiyini əks etdirən görüntülər gizli çəkilib. Görüntülərdən sonra direktor işdən çıxarılıb.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildiriblər ki, Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbin direktoru Azər Qazıyevin müəllimlərdən dərs saatlarına görə rüşvət alması barədə yayılan görüntülərlə bağlı araşdırma aparılıb. Araşdırmanın nəticəsinə əsasən, əmək fəaliyyətində yol verdiyi hüquqpozmaya və kobud nöqsana görə məktəbin direktoru Azər Qazıyev Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun müvafiq əmrinə əsasən, işdən azad edilib.
Agentlik təhsil müəssisələrində əmək fəaliyyətində yol verilən nöqsan, hüquqpozmaların aşkarlanması, qarşısının alınması və aradan qaldırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi məqsədilə monitorinqlərə başlayıb.