Mingəçevirdə köçkünlərin ev davası

Mingəçevir şəhərinin girəcəyində məcburi köçkünlər üçün daha bir şəhərcik salınıb. Artıq bir neçə həftədir ki, bu 11 doqquzmərtəbəli binaya köçkünlərin köçü başlayıb.  Ev alanlar sevinir, almayanlar isə yolu kəsir, haqqını tələb edir, illərdir yaşadıqları xarabalıqlardan canlarını qurtarmağa çalışırlar.


Üfunət qoxuyan yataqxananın 36 sakini

Həmin mənzillərər köçmək həsrətilə yaşayan 36 ailə də var. Onlar 20 ildən artıqdır ki, M.P.Vaqif  küçəsi 17 ünvanda yerləşən yataqxanada məskunlaşıblar. Əksəriyyəti Laçın rayonundan olan bu köçkünlərin sığındığı otaqlar artıq tamam yararsız hala düşüb. Yay-qış binanın divarları nəmişlikdən kif bağlayır, tavanı uçub tökülür. Antisanitariya, üfunət iyi əlacsız qalan bu insanlarda artıq müxtəlif xəstəliklər yaradıb.

Yataqxananın sakinləri deyir ki, ətraf yataqxanaların hamısını illərdir köçürüblər. İki ildir onlara da köçürüləcəyi ilə bağlı vədlər verilir, amma yerinə yetirilmir. Buna etiraz olaraq köçkünlər 3-4 dəfə aksiya da keçiriblər, ancaq səslərinə səs verən olmayıb.  Əlacı dövlət orqanlarından üzülmüş köçkünlərin yeganə ümidi problemlərinin işıqlandırılmasına qalıb.

Aksiyaçılar ev bölgüsünün düzgün aparılmadığını deyirlər

Hər gün onlarla məcburi köçkün Qaçqınkomun Mingəçevir nümayəndəliyinin qarşısına yığışaraq etiraz edirlər.

“Mətbuatda yazırlar ki, guya aksiya keçirənlər Mingəçevir şəhərində qeydiyyatda olmayanlardır, ev almaq üçün başqa yerlərdən gəlib müvəqqəti burada məskinlaşıblar. Yalan məlumatdır, biz illərdir yataqxanada bu şəraitdə yaşayırıq, ancaq bizə ev verilmir, əvəzində ötən dəfə ev almış adamlara ev paylanır. Elə adamlar var ki, hər oğluna ayrılıqda ev alıb. 14, 16 saylı məktəblərdə yaşayan bir neçə nəfər var ki, ötən dəfə ev alıb, həmin evi kirayə verib, indi yenisini alıb. Bəs Allah bunu götürər? Ev bölgüsü çox ədalətsiz aparılır ” – deyə adının açıqlanmasını istəməyən məcburi köçkünlərdən biri deyib.


Aksiyaçıların halı pisləşib

Sentyabrın 22-də Mingəçevir şəhər İcra Hakimiyyətinin qarşısında  100-dək  məcburi köçkün növbəti etiraz aksiyası keçirib. Əsasən Kəlbəcərdən və Ağdamdan olan məcburi köçkünlər ev tələbi ilə keçirdiyi aksiya polisin nəzarəti altında baş tutub.

Şikayətçilər icra başçısı ilə görüşmək istəsələr də, buna nail ola bilməyiblər. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yerli nümayəndəsi Hüseyn adlı şəxs etirazçılara bildirib ki, onları Qurban bayramından sonra qəbul edəcəklər. Hazırda ev paylanışına məsul olan şəxslər Mingəçevirdə deyillər. Bu zaman qadınlardan biri nümayəndəyə hücum edib. Aksiya iştirakçılarının sözlərinə görə,

Hüseyn adlı nümayəndə həmin qadını təpiklə vuraraq özündən uzaqlaşdırıb. Nəticədə qadının halı pisləşib. Aksiya zamanı daha bir neçə nəfərin halı pisləşib və onlara təcili tibbi yardım briqadası yardım göstərib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yerli nümayəndəliyindən bildirilib ki, evlərin bölgüsü əvvəlcədən hazırlanmış siyahıya əsasən aparılır və heç bir qanun pozuntusuna yol verilmir. Evlər, ilk növbədə, məktəb, bağça və yataqxanalarda məskunlaşan şəxslərə veriləcək. Növbəti mərhələdə isə digər şəxslər ev sahibi olacaqlar: “Heç bir məcburi köçkün evsiz qalmayacaq”.

Ana səhifəVideoMingəçevirdə köçkünlərin ev davası