Hadisə ölkə üzrə elektrik enerjisinin verilməsində problem yaratmayıb
Fövqəladə Hallar Nazirliyi iyulun 5-də Mingəçevirdə Azərbaycan İstilik Elektrik Stansiyasında daha bir yanğının baş verməsi barədə məlumat yayıb.
Məlumata əsasən, iyulun 5-də saat 08:25-də Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhərində “Azərbaycan İES” MMC-nin ərazisində yanğın olması barədə məlumat daxil olub.
Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri saat 08:28-də hadisə yerinə çatıblar.
“Yanğın zamanı cərəyan transformatorlarından birinin açarı, sarğıları və ətrafa dağılmış 400 m² sahədə transformator yağı yanıb.
Digər transformatorlar yanğından mühafizə olunub. Yanğın saat 08:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb”, məlumatda deyilir.
İyulun 2-i və 3-də “Azərbaycan İES”də baş verən iki yanğın ölkə ərazisinin əksər hissəsini elektrik enerjisiz qoyub.
İyulun 4-də prezident İlham Əliyev müşavirədə “Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyevə baş verən hadisələrlə bağlı utanmalı olduğunu
bildirib.