ARXİV FOTO

Mənbə: google

Başlıq: ARXİV FOTO

Mingəçevir sakinləri: Yaratdığımız yaşıllıqları məhv elədilər

Məqalə yeniləndi:  31 İyul 2019

Şəhərin 20 yanvar küçəsində yaşıllıqların məhv edilməsi, tikinti işlərinin aparılması bəzi sakinləri narazı salıb

“Bir dəstə zalımın əlində qalmışıq. Zəhmətlə yaratdığımız yaşıllığı məhv edib yerində tikinti aparırlar. Nə tikdikləri də bəlli deyil, eləcə bir-birinin ardınca tikib qapısına qıfıl vururlar, heç istifadə də etmirlər. Adam məqsədlərini anlaya bilmir”.

Mingəçevirdəki Güllübağ yaşayış massivinin yaxınlığında yerləşən 20 yanvar küçəsinin sakinləri Meydan TV-yə danışırlar ki, yerli icra hakimiyyəti ərazidəki yaşıllığı məhv edib. Bir müddətdir ki, yaşıllıqların yerində tikinti işləri aparılır. Bəzi tikililər hazır olsa da, uzun müddətdir ki, istifadəyə verilməyib və hansı məqsədlə tikildiyi də sakinlərə məlum deyil. Bəzi tikintilərsə hələ də davam edir.

“Kimisi güllər əkmişdi, kimisi meyvə ağacları...”

Sakin Nadir Əliyev:

“Adamlar binaların ətrafını təmizləyib yaşıllıqlar yaratmışdılar. Kimisi güllər əkmişdi, kimisi meyvə ağacları... Skamyalar düzəltmişdik, incəlirdik. Bunlar neylədilər? Özlərini küçə adamları kimi apardılar. Gəlib yaşıllıqları məhv elədilər, dedilər, siz kimsiz ki, burda gül əkirsiz, ağac əkirsiz... Deməli, yaşıllığı dağıtmağın adını da “ərazidə təmizlik işləri aparmaq” qoydular. Dedik, axı, yaşıllıq zibil deyil ki, siz ərazidə təmizliyi gülləri, ağacları qırmaqla aparasız. Burda zibil adamın ağzına girirdi, illərlə gəlib təmizləmirdiz, indi yaşıllıq gözünüzə zibil kimi görünür, qırıb tökürsüz”.

Beləcə, əvvəlcə sakinlərə bildirilib ki, ərazidə təmizlik işləri aparılır. Özbaşına yaradılan yaşıllıq məhv edilib. Ancaq sonradan sakinlərə məlum olub ki, əslində məqsəd başqa imiş.

“Danışanda da deyirlər, prezindetin göstərişinə qarşı çıxırsan”

“Ağacların kəsilməsinə etirazımızı bildirəndə, icra hakimiyyətinin nümayəndəsi gəldi, dedi, başçının əmridir, kişi prezidentin göstərişinə uyğun olaraq abadlıq işləri görür, siz prezidentin göstərişinə, icra başçısının gördüyü işlərə qarşı çıxırsız?.. Yaşıllıq məhv edildi, bir də baxdıq ki, küçəmizə ağır texnikalar gətirildi, qazıntı işləri görüldü, tikinti materialları gətirildi, fəhlələri tökdülər, başladılar tikinti işləri görməyə“, - bunu isə başqa sakin Gülnarə Muradova deyir. Onun sözlərinə görə, binalardakı kommunal xəttlər köhnəlib, evlərdə istilik yoxdur. Qışda adamlar evlərini elektriklə qızdırırlar, ancaq aidiyyəti qurumlar tədbir görmür.

“Hərəsi bir gül əkib, sonra da ərazini zəbt etmişdi”

“İcra hakimiyyətindən gələnlər deyirlər, sizinçün abadlıq işləri görürük. Elə vətəndaşın qayğısına qalandılarsa, elə gəlib binalardakı istilik şəraitimizi qursunlar. Qışda soyuqdan donuruq. Gəlib əkdiyimiz gülləri, meyvələri qırıb atmaqdansa, istiliyi təmin eləsinlər, deyək ki, bəli, hökumət qayğımızı çəkir. Yoxsa ki, özləri üçün yer satıb, obyekt tikib pul qazanırlar, deyirlər, vətəndaşların rahatlığı üçün abadlıq işləri görürük,“- sakinlər deyir.

Sakinlərin deməsinə görə, icra hakimiyyətinin dağıtdığı bəzi yerlər aylardır ki, elə o vəziyyətdə də qalıb. Heç dağıtdıqlarını da daşıyıb aparmayıblar. Təmiz küçələri daha da çirkləndiriblər.

Mingəçevir Şəhər İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, sakinlər yaşıllıq yaratmaq bəhanəsilə binaların ətrafındakı əraziləri hasarlayaraq zəbt ediblər. İcra başçısının göstərişi ilə bir müddət əvvəl hasarlar sökülüb. Tikintilərin isə həmin binaların ərazilərinə aidiyyəti yoxdur: “Birincisi, hərə bir gül əkib, sonra da gül əkdiyi yeri hasara alıb, torpağı zəbt etmişdi. Binanın ətrafındakı əraziləri biri torla, biri taxtalarla, biri daşla hasara almışdı. İkincisi, hansısa sahibkar orda qanuni yolla yer alıb və indi də obyekt tikir, bunun nə binalarla, nə də binaların sakinlərilə, yaşıllıqlarla əlaqəsi var. İcra hakimiyyəti sakinlərin özbaşınalıqlarının qarşısını alıb, zəbt etdikləri torpaqları hasarlardan təmizləyib, abadlıq işləri aparıb. Heç bir yaşıllığa müdaxilə olunmayıb, əksinə, küçədə təmizlik işləri aparılıb, zibil qutuları qoyulub”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  31 İyul 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/08o2gf

Ən çox baxılan