Mingəçevir sakini: Polis şöbəsində döyüldüm, başıma silah dayadılar

“Bu sözü mənə zorla dedirtdilər, sonra da telefonu əlimdən aldılar”

Source: Specify Source


“…guya mən polislərdən pul qopartmaq üçün şantaj məqsədilə belə paylaşımlar etmişəm”

“Şəhidlərimiz var, generalımız öldürülüb, mən də haqlı olaraq öz “Facebook” səhifəmdə fikrimi bildirmişəm ki, ölkənin bir tərəfində şəhid qanı axır, o biri tərəfində fahişəxanalara kefə gəlirlər. Buna görə məni Mingəçevir polisinə aparıb döydülər, telefonumu əlimdən aldılar”.

Bunu Meydan TV-yə Mingəçevir sakini, ikinci qrup əlil Teymur Hümbətov deyir. Onun sözlərinə görə, iyulun 13-də polis əməkdaşları onu Mingəçevir Şəhər Polis Şöbəsinə apararaq doyüblər.


“Yazmışdım ki, “arxa yol”dakı əxlaqsızlıq yuvası virus yayır”

“Mingəçevirdə “arxa yol” deyilən yerdə bir kafe fəaliyyət göstərir. Daha doğrusu, adı kafedir, ancaq əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərir, bunu da Mingəçevirdə bilməyən yoxdur. Mingəçevirdə bütün kafelər karantinə görə bağlıdır, ancaq nə hikmətdirsə, bu əxlaqsızlıq yuvası həmişəki qaydada işini davam etdirir. Dəfələrlə o kafeyə gedib karantin vaxtı işləmələrinə, virus yaymaqlarına etirazımı bildirmişəm. Mən vətəndaş olaraq buna etiraz bildirsəm də, Mingəçevirin icra hakimiyyəti ilə polisi həmin kafeyə dəyib dolaşmır. “Facebook”da “Mingəçevir Tenka” adlı səhifəmdə bu barədə yazmışam, rayonun icra başçısından, polisindən xahiş etmişəm ki, bütün kafelərin karantinə görə bağlı olduğu bir vaxtda bu kafenin sərbəst fəaliyyət göstərməsi, həm də əxlaqsızlıq yuvası kimi çalışması virus yayır, bağlayın, adamlar virusa yoluxmasın”.


“Dedilər, cibinə narkotik, evinə silah atarıq”

Teymur Hümbətov deyir, bu barədə sosial şəbəkələrdə paylaşım etdikdən sonra Mingəçevir Şəhər Polis Şöbəsinin işçiləri onun yaşadığı yataqxanaya gəliblər:

“Qapının qarşısına xeyli polis yığılmışdı, qapını yumruqlayır, təpikləyir, söyürdülər ki, nə dovşan kimi girmisən evə, çıx qarşımıza. Mən də qapını açmırdım, DİN 102 Xidmətini yığdım, Baş prokurorluğun qaynar xəttinə zəng vurdum, məlumat verdim. Deyirdim, gedin, rəsmi bildiriş göndərin, gəlim. Deyirdilər, nə bildiriş, bu dəqiqə qapını sındırıb qollarını burub aparacağıq, bizi buna məcbur eləmə. Rəis müavini zəng vurdu, tələb elədi ki, dalınca adam göndərmişik, qapını aç, dedim, bura mənim şəxsi evimdir, heç kim evimin qapısını sındıra bilməz. Dedi, gəl, sübut elə ki, barəsində yazdığın kafe bu dəqiqə işləyir. Sübut eləsən, buraxacağıq, sübut eləyə bilməsən, cavab verəcəksən. Həmin gün çıxıb getdilər, ancaq sabahı gün – yəni iyulun 13-də günorta saat 3-də evin yaxınlığındakı çay evində tutdular. Polis rəisi gəlmişdi, yanında da Daxili Qoşunların əsgərləri vardı. Məni zorla polis şöbəsinə apardılar. Elə bil qatı cinayətkar tutmuşdular, xüsusi əməliyyata gəlmişdilər. Dedilər, rəis səni çağırır, maşına basıb apardılar. Şöbəyə çatanda dedim, məni yox, ilin-günün bu karantin vaxtında virus yayan əxlaqsızlıq yuvasının sahibini, üstündəki “krışasını” tutub bura gətirmək lazım idi. Dedilər, burnunu hər yerə soxma, səhifəndə yazdıqlarını da sil. Ayaqyoluna istədim, ayaqyoluna girən kimi dostlara zəng vurub astaca polis şöbəsinə gətirildiyimi xəbər etdim. Bundan xəbər tutan polis işçiləri məni o ki var çırpdılar, telefonu da əlimdən aldılar”.

image_from_ios (5).jpg
““Facebook”da “Mingəçevir Tenka” adlı səhifəmdə bu barədə yazmışam”


“Başıma silah dayadılar”

Teymur Hümbətovun sözlərinə görə, onu məcbur ediblər ki, vatsapda qardaşına paylaşımı şantaj məqsədilə etdiyini etiraf etsin:

“Başıma silah dirədilər, döyə-döyə məcbur elədilər ki, qardaşıma səs göndərim, guya mən polislərdən pul qopartmaq üçün şantaj məqsədilə belə paylaşımlar etmişəm. Sonra da telefonu özlərində saxladılar ki, özünü yaxşı aparmasan, bu səsindən özünə qarşı istifadə edəcəyik. Gecə saat 12-də məni şöbədən buraxdılar. Hələ də telefonum onlardadır.

Bu günə qədər də telefonumu özümə qaytarmayıblar. Səbəb də odur ki, məni döyə-döyə dedilər, boynuna al, de ki, şərəfsizəm, alçağam. Sonra da bir neçə adama vatsap vasitəsilə səs göndərməyə məcbur etdilər. Həmin səsdə qardaşıma dedim ki, neyləmişəm, səhv eləmişəm. Bu sözü mənə zorla dedirtdilər, sonra da telefonu əlimdən aldılar. Dedilər, indi get, telefonun əlimizdə, səsin əlimizdə, özünü yaxşı aparmasan, özünə qarşı istifadə edərik, evinə silah atarıq, cibinə narkotik atarıq, üzünə adamlar qoyacarıq, get, bir də sosial şəbəkələrdə ağzına gələni yazma, ağıllı ol”.

Mingəçevir Şəhər Polis Şöbəsindən isə bildirilib ki, pandemiya ilə əlaqədar ölkə ərazisində elan olunmuş karantin rejiminin tətbiqinə Mingəçevirdə də nəzarət güclüdür. Polis vəzifəsinə daxil olan sahələrdə gücləndirilmiş iş rejimi ilə çalışır. İaşə obyektləri bağlıdır və belə bir vaxtda Teymur Hümbətov sosial şəbəkələrdə şər-böhtan xarakterli, qərəzli məlumatlar yaymaqla polisin fəaliyyətini şübhə altına alır. Buna görə də o, polis şöbəsinə dəvət edilib, ondan belə fakt varsa, polisə təqdim etməsi istənilib, ancaq fakt təqdim edə bilməyib. Xəbərdarlıq olunaraq sərbəst buraxılıb. Polisdə döyülməsi, başına silah dayanması, hədələnməsi və digər dedikləri isə həqiqətə uyğun deyil.

Teymur Hümbətov deyir, telefonu əlindən alınandan sonra “Facebook” səhifəsi də deaktiv edilib.

image_from_ios (6).jpg
“Bu sözü mənə zorla dedirtdilər, sonra da telefonu əlimdən aldılar”
Ana səhifəBölgəMingəçevir sakini: Polis şöbəsində döyüldüm, başıma silah dayadılar