Natiq Aslanov: “Üç aydır mənə deyirlər ki, “səbrli olun, araşdırma gedir””
Mingəçevir Şəhər Prokurorluğunun binasından düşən 32 yaşlı Turalə Aslanovanın ölümüylə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində 3 aydan çoxdur araşdırma getsə də, ortada nəticə yoxdur. Onun ailəsi də bundan narazıdır. Goranboy rayonu, Düzqışlaq kənd sakini Natiq Aslanov deyir ki, qızının ölümünə səbəb olanlar cəzalandırılmayıb.
“Hər gün gedib torpağına baş çəkməkdən başqa da heç nə edə bilmirəm”
Hadisə bu il, iyulun 19-da baş verib. Meydan TV hadisəni gündəmdə saxlayır.
“Üç aydır mənə deyirlər ki, “səbrli olun, araşdırma gedir”. Nə vaxta qədər? Hər şey ortadadır, sadəcə, günahkarları cəzalandırmaq lazımdır. Onu da hələ ki, eləmirlər. Mən də geri çəkilən deyiləm. Ölərəm, amma bu işdən əl çəkmərəm. Günahı olanlar sərbəst gəzirlər, mənim uşağım isə qara torpağın altındadır. Hər gün gedib torpağına baş çəkməkdən başqa da heç nə edə bilmirəm, – Natiq Aslanov Meydan TV-yə danışır.
Atasının sözlərinə görə, Turalə Aslanova Mingəçevirdə pasport-qeydiyyat bölməsində inspektor işləyirdi. O, Mingəçevir Şəhər Prokurorluğunda istintaqı gedən 413 min manatlıq dələduzluqla bağlı cinayət işi üzrə dindirməyə cəlb olunmuşdu. Hadisə baş verən gün – iyulun 19-da prokurorluqda Kəmalə Quliyeva adlı qadınla üzləşdirilib:
“Kəmalə Quliyeva ilə əvvəl bir yerdə işləmişdilər. Kəmalə maliyyə bölməsinin rəisi idi. Ortada kifayət qədər faktlar, sübutlar var ki, adamlardan sələmlə götürülən pullar Kəmaləyə verilib. 2022-ci ilin avqustundan Kəmalə pulları və faizləri qaytarmayanda qızım pul sahiblərinin yanında pis vəziyyətdə qalıb. Kəmalə demişdi ki, “narahat olma, həll eləyəcəm”. Aylar keçsə də, həll eləməmişdi. Kəmalə Quliyeva ilə üzləşdirmə onun bu hərəkətlərinə görə idi. Ortada sübutlar ola-ola Mingəçevir prokurorluğu onu qoruyurdu…”.
Üzləşmədə Turalə Aslanova pulların Kəmalə Quliyevada olduğunu deyib və adamların pullarının qaytarılmasını tələb edib.
Kəmalə Quliyeva isə üzləşmə zamanı Turalə Aslanovanın onun ünvanına səsləndirdiyi ittihamlara etiraz edib.
“Müstəntiq qızımı 3 saat yarım orada niyə saxlamışdı? Öldürməkdən ötrü?”
Natiq Aslanov danışır ki, hadisə günü həm özü, həm də həyat yoldaşı Mingəçevirdə prokurorluq binasının qarşısında olublar. Onlar istintaq hərəkətinin başa çatmasını, qızının çıxmasını gözləyiblər. Atasının sözlərinə görə, günorta saat 15.00 radələrində vəkil Zabil Qəhrəmanov çıxsa da, Turalə çıxmayıb:
“Üzləşmədə qızımın vəkili Zabil yanında olub. O çıxıb dedi ki, “üzləşmə qurtardı, sənədlər imzalandı, indi Turalə çıxacaq”. Ondan sonra Kəmalə də çıxıb getdi. Biz də bir neçə dəfə maraqlandıq ki, niyə bu uşaq çıxmır? Soruşurduq, elə deyirdilər ki, “narahat olmayın, çıxacaq”. Təsəvvür edin, iş saatı qurtarmışdı, axşam saat 6-nı keçmişdi, amma buraxmamışdılar. O müstəntiq Zaur Tarverdiyevdən niyə soruşmurlar ki, bu adamı 3 saat yarım hansı səbəbə orada saxlamışdın? Öldürməkdən ötrü? Orada bir vəkil də olub – Emin Kiçikbəyov. Vəkil də müstəntiqə demir ki, sən niyə bu adamı buraxmırsan çıxıb getsin? Bir də gördük ki, Təcili Tibbi Yardım maşını gəldi. Onu içəri salıb, qapıları bağladılar. Yenə də bizə demədilər ki, uşağının başına bu işi gətirmişik. Sonradan xəstəxanada bilmişik. Əslində, xəstəxanaya aparmağa ehtiyac yox idi. Məsələ prokurorluğun binasında bitmişdi…”.
“Prokurorun hər şeydən xəbəri olub”
Natiq Aslanov Mingəçevir şəhər prokuroru, onun köməkçisi, müstəntiq Zaur Tarverdiyev, cinayət işində adı keçən Kəmalə Quliyeva da daxil olmaqla, bir sıra şəxslərin cəzalandırılmasını tələb edir. Deyir ki, bir neçə dəfə Baş prokuror Kamran Əliyevin qəbuluna düşməyə, onunla bölgələrə səfərləri zamanı görüşməyə çalışıb. Ancaq cəhdləri nəticə verməyib.
“Samuxa, Gəncəyə gələndə görüşmək üçün neçə dəfə teleqram vurdum, imkan vermədilər. Axırıncı dəfə təxminən 10 gün əvvəl prokurorluqda olmuşam. Orada araşdırmaları Tural müəllim aparır. O da deyir ki, narahat olma, araşdırma gedir. Guya Mingəçevir prokurorluğundan Zaur Tarverdiyevi çıxarıb, sərəncama göndəriblər. Bilmirəm ki, nə dərəcədə doğrudur. Lap doğru olsa da, bir müddət sonra başqa yerə işə göndərərlər. Kəmaləni də deyirlər, işdən çıxarıblar. Hə, nə olsun?! Bəs kim cəzalanıb? Mingəçevirin prokurorunun da baş verən hər şeydən xəbəri olub. Ona görə qızım əvvəl Baş prokurora, prezidentə məktub yazmışdı, amma baxan olmadı. Ürəyim partlayır, kasıb olanda adamın başına hər oyunu gətirərlər?”, – Natiq Aslanov əlavə edib.
Prokurorluq: “Araşdırma davam etdirilir”
Baş Prokurorluğun hadisə ilə bağlı yaydığı məlumatda bildirilir ki, 1991-ci il təvəllüdlü Turalə Aslanova özünü Mingəçevir Şəhər Prokurorluğunun ikinci mərtəbəsindən ataraq, intihar edib.
Sentyabrda Baş Prokurorluğun idarə rəisləri canlı yayımda sualları cavablandırarkən Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov Turalə Aslanovanın ölümüylə bağlı suala belə cavab verib:
“Mingəçevir Şəhər Prokurorluğunun binasından özünü ataraq intihar edən Turalə Aslanovanın işi ilə bağlı araşdırma davam etdirilir”.
Onun sözlərinə görə, bu işlə bağlı çoxsaylı dindirmələr aparılır.
Daxili İşlər Nazirliyinin (DİN) Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Gəncə Şəhər Şöbəsində işləyən Kəmalə Quliyeva da hadisədən sonra işdən çıxarılıb.