“Minevli Kəsəmən”dən bir ev qalıb, o da dağılır

Abidə sonuncu dəfə Xalq Cəbhəsinin hakimiyyəti dövründə təmir edilib

Source:


Abidə sonuncu dəfə Xalq Cəbhəsinin hakimiyyəti dövründə təmir edilib

XIX əsrin sonlarına qədər indiki Qıraq Kəsəmən kəndinin Kürə yaxın hissəsində, çökəkdə “Minevli Kəsəmən” adlanan kənd olub. Kəndin tarixi çox qədimə gedib çıxır. Ondan günümüzə bir nişanə gəlib çıxmasa da, ərazidə yaşayışın olduğunu onun yerində dövlət qoruğuna aid baxımsızlıqdan dağılmaq üzrə olan köhnə məscid (XIX) binası və XIII-XIV əsrə aid yadelli işğalçılardan qorunmaq üçün nəzərdə tutulmuş qaladan (istehkam) bilmək olar. Bundan başqa, vaxtilə həmin kənddən köçən nəsillər var ki, bu dəqiqə də el arasında “Kəsəmənin bici” deyilən Çaylı kəndində və digər ərazilərdə məskən salıblar.

Köhnə Minevli Kəsəmən kəndinin yuxarı tərəfində, təpənin üzərində daha bir tarixi abidə var ki, o da İsrafil ağanın evidir. Qıraq Kəsəmən kəndinin hazırkı sakinlərinin danışdığına görə, ev o səbəbdən yüksəklikdə tikilib ki, ağa ətrafı görə bilsin. Adından da göründüyü kimi, kənddə biri-birinə bitişik min dənə ev olub. Deyilənlərə görə, evlər o qədər yaxın imiş ki, kəndin bu başından bir evin üstünə çıxıb ta axırıncı evin damına kimi getmək olurmuş…

İsrafil Ağa Kərbəlayevin evi dövlət qoruğu sayılır. Zamanında kimsə abidənin üzərinə lövhə asıb gedib. Kənardan görünən mənzərə onu deyir ki, sonralar bu adda abidənin olduğu yaddan çıxarılıb. Biz evi ziyarət edən zaman lövhə yerdə idi, üzərini palçıq örtmüşdü, yazılar oxunmurdu.

Kənd sakinləri binanın baxımsızlığından narahatdır. Onlar binanın itməsini həm vaxtı ilə ərazidə yaşamış bir toplumun, bir ulusun unudulması, yaddan çıxarılması, həm də yaşadığı mahalda, qəzada yoxsul insanların əlindən tutmuş İsrafil ağanın izinin itməsi kimi qiymətləndirirlər.

“İsrafil ağa Kərbəlayevin evi tarixi binadır. Tarixi təxminən XIX əsrin əvvəllərinə təsadüf edir. Ağsaqqalların söylədiyinə görə, bina tikilən zaman sement qarışdırılanda sudan yox, süddən istifadə olunub. Sovet hakimiyyəti dövründə bu binadan həkim məntəqəsi, uşaq baxçası, daha sonralar isə quş ferması kimi istifadə olunub. Xalq Cəbhəsinin hakimiyyəti dönəmində əsaslı təmir edilən binanın görünüşü, üstünün dam örtüyü təzələnsə də, sonralar bu yöndə heç bir addım atılmayıb. Bu gün isə demək olar, tamamilə dağılmaq təhlükəsi qarşısındadır. Binanın ayaqda qalması üçün heç bir iş görülmür. Sadəcə lövhə asıb gediblər. O da sizin gördüyünüz kimi yerdədir. Yağış yağıb, palçıq örtüb üstünü, yazılar güclə oxunur” – deyir, kənd sakini Qəmbər müəllim.

***

XX əsrin əvvəllərinə kimi Qazax qəzasının tanınmış bəylərindən, xeyriyyəçi insanlarından biri olan İsrafil Ağa Kərbəlayev Qaçaq Kərəm ilə qan düşməni olub. Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində bəy ailəsində dünyaya göz açıb.

Qazax şəhərində mövcud olan Qədim hamam və 4 nömrəli məktəbin binasını tikintisi onun adıyla bağlıdır. Dövlət tərəfindən qorunan Qədim hamam onun adını daşıyır. Qazaxda Ağ Evlər deyilən binalar var ki, onların da tiktisi İsrafil Ağanın adıyla bağlıdır.

Məscid tikintisinə də onun böyük köməkliyi dəyib. Belə nəql edirlər ki, Qazaxda bu gün də fəaliyyət göstərən Cümə Məscidinin tikintisi üçün pul lazım olub. Ağanın üstünə gələndə o deyib: “Mənim pullarım ağa puludur, hamısı haramdır. Allahın evinin tikintisinə layiq deyil”. Üstünə pul üçün gələn adamları evinə göndərib: “Yoldaşıma deyin, anamın tikdiyi divardan asılı xalçanı versin, aparın satın”, – deyib.

Onun doğum tarixi bəlli olmasa da, 1917-ci ildə Bolşeviklər tərəfindən malı, mülkü dağıdılaraq hazırkı Ağstafa rayonunun ərazisində yerləşən Poylu körpüsünün üzərində güllələnib.

Ana səhifəXəbərlər“Minevli Kəsəmən”dən bir ev qalıb, o da dağılır