Milyonlarla manat büdcə vəsaitinə Olimpiya Kompleksləri tikilir…

Azərbaycanı isə beynəlxalq yarışlarda xarici idmançılar təmsil edir

Source:
İlham Əliyev açılışda
İlham Əliyev açılışda


Azərbaycanı isə beynəlxalq yarışlarda xarici idmançılar təmsil edir

Ölkəmizdə 43 Olimpiya İdman Kompleksi var. Onlardan 5-i Bakı şəhərində, 38-i isə regionlardadır. Bu komplekslər əsasən hotel funksiyasını yerinə yetirir. Regionlara gedən qonaqlar harda yer tapmasalar da, Olimpiya Komplekslərində gecələyə bilirlər. Baxmayaraq ki, onların tikintisində məqsəd guya idmana, idmançılara qayğıydı.

Regionlarda əhalinin durumu elədir ki, idman heç yada düşmür. Üstəlik, hakimiyyət idmançı yetişdirməkdənsə, hazır idmançıları – legionerləri ölkəyə gətirməyə üstünlük verir. Burda həm də müəyyən maxinasiyalar da bu işlə məşğul olanların maraqlarına cavab verir.

Azərbaycanda olimpiya hərəkatı da siyasi qərarla, əsasən İlham Əliyev Olimpiya Komitəsinin sədri olduqdan sonra başlayıb. Bir-birinin ardınca Olimpiya Komplekslərinin tikintisinə start verilib. Bu tikintiləri də, demək olar, bütünlüklə müxtəlif iş adamlarının boynuna qoyublar. Məsələn, Lənkəranda Olimpiya İdman Kompleksini o vaxt ən bərkgedən biznes strukturlarından olan “Azpetrol” şirkəti (sahibi Rafiq Əliyev – o vaxt iqtisadi inkişaf naziri olan Fərhad Əliyevin qardaşı – R.H.) tikib 2003-cü ildə istifadəyə vermişdi; İlham Əliyevin prezidentliyə birinci namizədliyi ərəfəsində – 2003-cü ilin 9 oktyabrında. Ancaq 2013-cü ildə Lənkəran Olimpiya İdman Kompleksi yenidən qurulmaq üçün sökülüb. 4 ildən sonra, 5 sentyabr 2017-ci ildə Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 3,0 (üç) milyon manat ayrılıb; kompleksin yenidən qurulması üçün.

2003-cü ilin prezident seçkisi ərəfəsində Bərdədə, Qubada da Olimpiya İdman Komplekslərinin açılışı olub. Qubadakı Olimpiya Kompleksini Ziya Məmmədov tikdirib (“Zqan-Holdinq”). “Şəki Oik “General Construction” MMC-nin balansındadır. Qazax, Qusar və Zaqatala OİK-lərini də bu şirkət öz vəsaiti ilə tikib. “General Construction”u 2001-ci ildə Panamanın “Oceanstream” şirkəti təsis edib. Şirkət azərbaycanlı iş adamı Xəqani Bəşirova məxsusdur. Ümümiyyətlə, idman komplekslərindən 16-nı Gənclər və İdman Nazirliyi, 2-ni “Qaçqınkom”, 3-nü MOK, 12-ni isə müxtəlif şirkətlər öz vəsaitləri hesabına

tikib

”.

Növbəti, 2008-ci il prezident seçkisi ilində daha 6 rayonda – Qusarda, Sabirabadda, Oğuzda, Biləsuvarda, Ağdamda və Salyanda Olimpiya Komplekslərinin açılışı olub. İlham Əliyevin hakimiyyəti illərində 38 Olimpiya İdman Kompleksi tikilib, onlardan 12-si, yuxarıda yazıldığı kimi, müxtəlif şirkətlərin hesabına başa gəlib.

Yeri gəlmişkən, Salyan Olimpiya İdman Kompleksini “Nurgün” şirkəti sahiblik edib. Beləcə, bir çox Olimpiya Kompleksi büdcəyə dəxli olmayan vəsaitlər hesabına başa gəlmişdi. Ancaq bu tikintilərə görə büdcədən hansısa məbləğlərin silinməsi də istisna deyil. Sonrakı illərdə həm iş adamları sıradan çıxarıldığından, həm də neft milyonları ölkəyə axdığından Olimpiya Komplekslərinin tikintisi büdcə vəsaiti hesabına aparılıb. Maraqlıdır ki, təxminən eyni üslubda, eyni ölçüdə tikilən bu qurğulara müxtəlif məbləğdə vəsait ayrılıb.

Məsələn, Saatlı Olimpiya İdman Kompleksinin tikintisinə üst-üstə 8 milyon manat vəsait xərclənib. Saatlıya qonşu rayon olan Beyləqanın bu kompleksinin tikintisini başlamaq üçün 2014-cü ilin 29 avqust tarixində Prezidentin Ehtiyat Fondundan 1 milyon manat ayrılıb. Nədənsə sonrakı illərdə bu tikinti unudulub, yalnız bu il, növbədənkənar seçki ərəfəsində Beyləqan Olimpiya İdman Kompleksi yenidən yada düşüb və bu unutqanlığın bədəlini ödəmək büdcəyə 16,5 milyon manata başa gəlib. “Beyləqan rayonunda Olimpiya İdman Kompleksinin layihə-smeta sənədlərinin hazırlanması və tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.9.11-ci yarımbəndində göstərilmiş məbləğin 16,5 milyon (on altı milyon beş yüz min) manatı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə ayrılsın” – prezident sərəncamında belə yazılıb. Beləliklə, Beyləqan Olimpiya Kompleksi büdcəyə 17,5 milyon manata başa gələcək; yenidən vəsait ayrılmasa… Bu sərəncam prezidentliyə namizədlərin seçki təbliğatına start verildikdən sonra (23.03.2018) imzalanıb. Əslində, bu, prezidentliyə namizədin sərəncamıdır…

Maraqlı məqamlardan biri də odur ki, Gənclər və İdman Nazirliyinin

sayt

ında bütün Olimpiya İdman Kompleksləri ilə bağlı məlumatlar yerləşdirilsə də, onların hansı vəsaitə, nə qədər məbləğə başa gəldiyi, hansı şirkətlərin tikdiyi barədə bir cümlə belə yoxdur.

Daha bir maraqlı məqamsa artan Olimpiya İdman Komplekslərinin fonunda, idmana və idmançılara qayğının fontan vurduğu illərdə, ölkəyə legioner axınınin da çoxalmasıdır. İdmanın bütün növlərində legionerlər yerli idmançıları üstələyir. Elə idman növləri var ki, komanda bütünlüklə legionerlərdən ibarətdir. İstər Avropa Oyunları, istər İslam Oyunları, istərsə də başqa beynəlxalq yarışlarda ölkəmizi daha çox milliləşdirilmiş idmançılar təmsil edir. Belə bir durumda Olimpiya Komplekslərinin tikintisinə, onların saxlanmasına milyonlar xərcləməyin anlamı nədir? İdmanımıza məsul şəxslər (Milli Olimpiya Komitəsinin sədri də), qurumlar nə vaxtsa buna aydınlıq gətirərlər, yəqin…

Azad Rəhimov və İlham Əliyev
Azad Rəhimov və İlham Əliyev
Ana səhifəXəbərlərMilyonlarla manat büdcə vəsaitinə Olimpiya Kompleksləri tikilir…