Məhəmməd Talıblı: ”Birdəfəlik bilməyik ki, büdcənin ağırlıq mərkəzi investisiyayönümlü yox, hələlik daha çox sosialyönümlü olmalıdır”
“Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. 2015-ci ildə keçirilən I Avropa Oyunlarından sonra Azərbaycanda “Formula-1″ yarışlarının təşkili ölkəmizin siyasi və iqtisadi sabitliyinin, beynəlxalq nüfuzunun, böyük tədbir və yarışların keçirilməsi ilə bağlı təcrübəsinin nəticəsidir”.
Bunu “The Business Year” jurnalına müsahibəsində Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Nazirin sözlərinə görə, Azərbaycanda “Formula-1” yarışlarının keçirilməsi idmanın inkişafına mühüm təsir göstərəcək, iqtisadiyyata öz töhfəsini verəcək: “Bundan başqa, ölkənin pozitiv imici ölkəyə uzunmüddətli investisiyaların cəlb olunmasına şərait yaradacaq. Yarışda iştirak edən idmançılar və yarışı seyr edən qonaqların ölkə ilə tanış olmasına imkan yaranacaq, onlar Azərbaycanın uğurlu inkişaf modelini görə biləcəklər” (APA).
Nazirin açıqlamasını Meydan TV-yə şərh edən iqtisadçı Məhəmməd Talıblı deyir ki, yarışlara ev sahibliyi edən istənilən ölkənin rəsmiləri müsbət anonslar verir, sonra nəticələri qiymətləndirməyə gələndə onların heç birini görmək olmur: “Məsələn, deyirdilər ki, Olimpiya oyunlarından, “Evrovision” yarışmasından sonra ölkəyə turistlərin kütləvi axını olacaq. Bəs nə oldu? Statistik təhlillər göstərdi ki, 2015-də ölkəmizə gələnlər 2014-dən artıq olmadı. Dövlət büdcəsindən infrastruktur xərclər üçün milyardlarla vəsait xərclənir, sonra milyonlar xərcləyəcək turistlərin gəlməsini gözləyirik. Bütün bu kənar impulslar daxildəki iqtisadi dinamizmi stimullaşdıra bilmədi axı. İndi də analoji situasiya yaranacaq. Vəd verəcəklər, sonra yenə əvvəlki kövrək iqtisadi situasiya… Bu isə əlavə dövlət büdcəsindən xərclənmə və geri dönməyən ictimai vəsait deməkdir.
“Biz 10 il Formula-1 yarışmasını həyata keçirməliyik. Əgər bundan imtina etsək, hər il üçün 3 milyon dollar cərimə ödəməliyik. Bu, həm əlavə öhdəliklər yaradır, həm də artıq xərclər mənbəyidir. Biz birdəfəlik bilməyik ki, büdcənin ağırlıq mərkəzi investisiyayönümlü yox, hələlik daha çox sosialyönümlü olmalıdır”.