Zaur Qurbanlı

Mənbə: Meydan TV

Başlıq: Zaur Qurbanlı

Milli və Emin Milli dəyərlər

Eminin yanaşması ilə “Salaam Cinema”nın Mehriban Əliyevaya müraciəti arasında bənzərlik görürəm

Ölkədə maraqlı hadisələr yaşanır. Bir müddət əvvəl Elinanın ölümü ilə bağlı spontan şəkildə bəyanatlar yayılırdı. Daha doğrusu, eyni bəyanatı aktivistlər yayırdılar. Bəyanatı kimin hazırladığı bilinmirdi. Yaxşı yazılmışdı. Əvvəllər belə şeyləri hansısa gənclər təşkilatı və ya partiyalar edirdilər. Sonra onları, əsasən, susdurdular. İndi öz-özünə ortaya çıxır. Sanki bəyanat təbii şəkildə bitən bitkidir.

Bir ara təşkilatlanmış şəkildə, kolluq kimi bitirdi. Sonra bu kolluqları ağac olmağa qoymadan kəsib, doğradılar, üstünə də mərmər döşədilər. İndi o mərmərlərin arasından yenə yeni pöhrələr çıxır.

Vətəndaş cəmiyyəti institutları məhv edilsə də, vətəndaş cəmiyyəti özü məhv olmaq bilmir ki, bilmir. QHT-lərin rəhbərlərini həbs edib, ölkədən qovandan, onlara gələn maliyyəni kəsəndən sonra bir gün də görürlər ki, hansısa gənclər yığışıb, bir tarixi binanı və oradakı kinoteatrı qoruyurlar.

“Salaam Cinema” demişkən, o gənclərin mübarizə üsulu da yeni dalğa ola biləcək vətəndaş cəmiyyəti barədə bəzi sözlər deməyə imkan verir. Bu qədər həbs, işgəncə, repressiya boşuna getməyib və mitinq, etiraz, həbs, işgəncə görməyən gənclər artıq qorxublar. Onlar daha praqmatik (kimlərə görəsə opportunist) yanaşırlar məsələyə və konkret nəticəyə oynayırlar. Vitse-prezidentə yazmaq lazımdır? Problem yoxdur, dərhal yazaq. Prezidentdən üzr istəmək lazımdır? No problem, onu da eləyək (söhbət yalnız “Salaam Cinema”-dan getmir).

Bu baxımdan Emin Millinin çağırışı da özünün ikinci baharını yaşayan birinin çılğınlıqlarına oxşayır. Emin işdən çıxdı, idmana gedir, kafedə oturub, çılğıncasına “özünü söydürən” (öz ifadəsidir) postlar yazır. Emin özünü bir neçə il əvvələ nisbətən xeyli gənc hiss edir. Onun üçün klassik müxalifətin, döyülən, tutulan, üzərlərindən repressiya maşını o yan-bu yana dəfələrlə keçmiş, əsas, bəlkə də yeganə kapitalları sınmazlıqları, dönməzlikləri olan mübariz insanların görünən prinsipiallıqları əsas deyil.

Eminin yanaşması ilə “Salaam Cinema”nın Mehriban Əliyevaya müraciəti arasında bənzərlik görürəm – hər ikisi üçün əsas məsələ “biz sınmadıq”, “siz düşmənsiniz, bizi məğlub edə bilməyəcəksiniz” yanaşması deyil, necə edək ki, abidələrimiz, olan-qalan dəyərlərimiz, ümumiyyətlə, ölkəmiz (ölkə, yəqin ki, Eminin vecinədir, digər bir çoxunun yox) itməsin, məhv olmasın, nələrisə yaşadaq, lap bunları sındıranlarla, dağıdanlarla, itirənlərlə əl-ələ verib, nələrsə edək (artıq onlarla birlikdə nə edə biləcəkləri isə naməlumdur).

Ümumiyyətlə, 2014-ə qədər mövcud olmuş “ən təmiz”, “ən cəsarətli”, “ən aktiv”, “ən dəli” yarışması artıq geridə qalıb. Etiraf etmək lazımdır ki, bu ölkədə inqilab olmadı, olmaq ehtimalı da azdır. Bu ölkə qonşularından fərqli olaraq, sürünə-sürünə dəyişir. Başqa sözlə, “dəyişmək istəyən sürünməlidir” məntiqi trenddir. Artıq işini, azadlığını, bəzən ailəsini itirmək hesabına müxalifətçiliyini, etirazını davam etdirən insanlar arxa plandadır. İndi ön planda mövcud vəziyyətdə ən dib ləyaqətsizliklərə yuvarlanmadan, ortada bir yerdə özü üçün pul qazanan, yaradıcı, rəngli gənclikdir. 2014-ə qədər üzdə olanlar “Yarat”la işləməyi özlərinə sığışdırmazdılar, indi isə gənclik son illərin yeganə hərəkətliliyi adından vitse-prezidentə məktub yazır, məktubuna reaksiya alan kimi isə “siyasətə qarışmırıq” tipli bəyanat verərək, bu hərəkətliliyin sona çatdırılmasına çağırış edir.

Yadıma “Nida”nın bir bəyanatı düşür. Hansısa hüquq pozuntusuna etiraz edən hərəkat bəyanatında sonda bildirmişdi ki, biz təqsirkarların məsuliyyətə cəlb olunmasını tələb etmirik, inqilab edib, özümüz hamısını yoluna qoyacağıq. Fərq 180 dərəcəyə yaxındır.

Yeni dalğada “balalarımızın üzünə necə baxacağıq?” məsələsi də fərqli həll olunur. Əvvəl belə idi ki, balasının üzünə alnıaçıq baxmaq istəyən mitinqə gəlməli idi – trend bu idi. İndi isə balasının üzünə dik baxmaq istəyən gərək homofob, seksist olmasın, politkorrekt olsun və s. Ümumiyyətlə, əziyyət verən, çətin olan, axının əleyhinə fiziki olaraq, getməyi tələb edən işlər şərəf-ləyaqət indikatoru olmaqdan çıxardılıb. Bu cəmiyyətdə homoseksual olmaq nə qədər çətin olsa da, homofob olmamaq o qədər də çətin deyil. Kimisə “gay-lər də insandır, onları təhqir etmək olmaz” kimi mövqe qoyduğuna görə döyməyiblər, yəqin. Yaxud “məncə, qadınlarla kişilər bərabərdir” fikrinə görə də, kimisə çıxdaş eləməzlər, baxmayaraq ki, bu cəmiyyətdə qadın olmaq zülmdür. Bu, ilk baxışda nəzərə çarpmayan fərqdir. LGBT oriyentasiyasına malik olmaq və bunu açıq demək çətindir, amma heteroseksual olub, LGBT hüquqlarını müdafiə etmək təhlükəli deyil, eləcə də digər oxşar məsələlərdə bu cür davranmaq olar. “Filankəs necə adamdır?” – “Ooo. O, qadınlara “xanım” deyib, müraciət edir. Seksistin biridir. Rədd elə”. İndikator budur artıq. Qadınlara “xanım” demə, amma siyasi fəaliyyətin, etirazın, aktivliyin olmasın, yenə də olacaqsan “yaxşı adam”. Cəmiyyətimizin dəyərlərini dəyərləndirmə sistemi yerindən oynayıb. 26 illik repressiyalar boşuna getmir, enerji itmir.

Bütün bunların fonunda artıq tam fərqli yeni oyanma gedir. Bu oyanmanın ən əsas xüsusiyyəti hələ ki, “siyasiləşməmə”sidir. Təbii ki, vətəndaş cəmiyyətisənsə, artıq siyasisən. Bunu dərk etmələri ilə xeyli üzvlərini itirəcəklər, amma hələ ki, dərk etmirlər, öz amplualarında gedirlər. Elə bilirlər ki, əjdahanın xətrinə dəyməsələr, qırmızı xətləri keçməsələr, öz xırda yaradıcı biznesləri ilə məşğul ola biləcəklər.

Ən pisi odur ki, onlar bütün bu susqunluqlarını, təslimiyyətçiliklərini hansısa ali məqsəd uğrunda etmirlər. Hedonist, opportunist maraqlardan başqa bir şey yoxdur ortada (mən empatiyanı ən yüksək eqoizm nümunəsi sayıram). Çünki bu xalqda milli özünüdərk getməyib, fərdlərin məqsədləri milli çərçivəyə düşmür. Əsas məsələ bir binanı, bir kinoteatrı qorumaq olmamalı idi, daha geniş – milli və ya milliyə yaxın olmalı idi. Emin Milliyə yox.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/4ngja3

Ən çox baxılan