Səhlab Bağırov: ”Hər hansı təxribata imkan verilməyəcək”
Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) Milli Şuraya mitinqlə bağlı xəbərdarlıq edib.
Bu barədə APA-ya idarənin rəis müavini, polis general-mayoru Səhlab Bağırov məlumat verib. Rəis müavini deyib ki, mitinq təşkilatçıları idarəyə dəvət olunub və onlara xəbərdarlıq edilib. Bildirilib ki, Milli Şuranın Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqində hər hansı təxribata imkan verilməyəcək:
“Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətdə qeyd olunan şüarlardan başqa şüarların səslənməsinə, həmçinin iğtişaşa və qarşıdurmaya səbəb ola biləcək hər hansı addımın atılmasına imkan verilməyəcək. Əks təqdirdə, mitinqin təşkilatçıları və günahkarlar qanun çərçivəsində cəzalandırılacaqlar”.
Milli Şura sentyabrın 23-də saat 15:00-17:00-dək keçmiş “Məhsul” stadionunda mitinq keçirməklə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) müraciət edib. BŞİH Milli Şuranın sentyabrın 23-də mitinq keçirməklə bağlı müraciətinə razılıq verib.