Cəmil Həsənli deyir ki, hakimiyyət sərbəst toplaşmaq azadlığını tamamilə qadağan edib
Bakı Şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının mayın 19-da etiraz aksiyası keçirmək barədə müraciətinə yenidən imtina cavabı verib.
İcra hakimiyyəti Milli Şuranın mitinq üçün təklif etdiyi yerləri məqbul saymayıb:
“Yasamal rayonundakı stadionda “təmir işləri gedir”, metronun 28 may və Nərimanov stansiyalarının qarşısındakı meydanlar isə sərnişin və nəqliyyat vasitələrinin sıx olduğu yerlərdir”.
Milli Şuranın sədri, professor Cəmil Həsənli Meydan TV-yə deyib ki, icra hakimiyyəti səlahiyyətlərini aşır:
“İcra hakimiyyətinə alternativ məkanlar üçün bənd də qeyd etmişik ki, təkliflər versinlər. Göstərdiyimiz hər üç əraziyə qadağa qoyublar. Yaxş bəs harada olar? Bakı şəhərində mitinq keçirilməsi üçün yer olmalıdır, ya yox. Biz mitinq üçün hər üç yeri göstərdik ki, icra hakimiyyəti onlardan birini təklif etsin. Söhbət yerdən getmir, məsələ ondadır ki, hakimiyyət ölkədə sərbəst toplaşmaq azadlığını tamamilə qadağan edib. Ona görə ki hakimiyyət insanların etirazlarından çəkinirlər. Az qala hər həftə korrupsiya faktı aşkarlanır və üstəlik, xalqın sosial vəziyyəti həddən artıq pisləşir”.
“Hakimiyyət ölkəni uçurumun astanasına gətirib, amma insanlara etiraz etməyə imkan vermirlər, vəzifə səlahiyyətlərini aşırlar. Nə Bakı Şəhər İcra Hakimiyyətinin, nə Nazirlər Kabinetinin, nə Prezident Administrasiyasının ölkədə sərbəst toplaşmaq azadlığını qadağan etməyə ixtiyarı var”, – deyə Həsənli əlavə edib.
O, Milli Şuranın müzakirələrdən sonra aksiyanın keçirilməsilə bağlı qərar verəcəyini deyib:
“Əlbəttə, münasibətimizi bildirəcəyik, bu, mənim ilkin açıqlamamdır”.
Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın 21 aprel və 5 may aksiyalarına da icazə verməmişdi.