İlham Hüseyn hələ müraciətə cavab almadıqlarını söyləyir
Bakı Şəhər İcra Hakimiyyəti
(BŞİH) Demokratik Qüvvələrin Milli Şurasının fevralın 23-nə təyin etdiyi mitinqə icazə verməyib. Bu barədə “Report” məlumat yayıb, ancaq agentlik istinad göstərməyib.
AXCP Rayəsət Heyətinin üzvü İlham Hüseyn Meydan TV-yə deyib ki, 1 saat əvvəl icra hakimiyyətində olub, ona müraciətə cavabın hələ hazır olmadığını deyiblər:
“Ancaq indi hakimiyyətə yaxın mediadan Bakı Şəhər İcra Hakimiyyətinin cavabını oxudum. İcra hakimiyyətinə yenə zəng etdim, götürmədilər”. O, hansı qərarın olacağı sualına “hələ müzakirə edəcəyik” deyə cavab verib.
Demokratik Qüvvələrin Milli Şurası fevralın 16-da mitinq keçirmək haqqında qərar qəbul edib. Aksiyanın keçirilməsi
fevralın 23-nə
planlaşdırılmışdı.
Milli Şuranın sədri Cəmil Həsənlinin sözlərinə görə, mitinqin əsas tələbləri siyasi məhbusların azad edilməsi, xalqdan oğurlanmış pulların xalqa qaytarılması, milləti bankların maliyyə əsarətinə salmış problemli kreditlərin dövlət tərəfindən ödənilməsi, yəni soyğunçu bank borclarının ləğv edilməsi, uşaq pullarının verilməsi və sair demokratik çağırışlardan ibarətdir.