“İşğalçını silahlandıran dövlətə geniş qucaq açmaq qarşılığında bütün demokratik dünyaya müharibə elan etmək ölkəmizin özünütəcridinə aparmaqla yanaşı, Qarabağ probleminin ədalətli həllinə də ciddi maneələr yaradır”
Milli Şura hakimiyyətin təhlükəli Qarabağ siyasəti ilə bağlı bəyanat yayıb.
Bəyanatda bildirilir ki, son dövrlər, xüsusilə də, Avropa Şurası Parlament Assambleyası tərəfindən Azərbaycanda demokratiya və insan hüquqları sahəsində yaranmış vəziyyəti sərt tənqid edən və bütün siyasi məhbusların azadlığını tələb edən qətnamənin qəbulundan sonra Azərbaycan hakimiyyətinin mükaliməsində anti-Qərb ritorikası yenidən güclənmişdir. Avropa liderlərinin iştirakı olmadan Avropa Oyunları keçirən və bu məqsədlə ağır iqtisadi böhran yaşayan ölkənin büdcəsinin üçdə birinə bərabər olan bir vəsaiti israf edənlər, gecə-gündüz nəzarətlərində olan media orqanlarından Avropa Oyunlarının cahanşümul məziyyətlərindən və dövlətimiz üçün necə taleyüklü olmasından danışanlar eyni zamanda Avropaya meydan oxuyur, onu Azərbaycanın Avropa Şurasından çıxacağı ilə hədələyirlər. Özü də bu hədələr Avropanın aparıcı ölkəsi olan Almaniyanın Bundestaqında Qarabağın və əfrat rayonların Ermənistan tərəfindən işğal olunması, soydaşlarımızın zorakılıqla Ermənistandan qaçqın salınması haqqında qətnamənin qəbul edildiyi bir zamana, Avropa məhkəməsinin laçınlı qaçqınların işi üzrə ədalətli qərar qəbul edərək torpaqlarımızın işğalına və köçkün vətəndaşlarımızın hüquqlarının pozulmasına görə bütün hüquqi məsuliyyəti Ermənistan Respublikasının üzərinə qoyduğu bir vaxta təsadüf edir. Avropa, ABŞ, demokratik dünya Qarabağla bağlı nə qədər qətiyyətli mövqe sərgiləyirsə, Azərbaycan hakimiyyəti bir o qədər aqressiv şəkildə Qərbin üzərinə gedərək az qala bütün dünyanı “ermənipərəst” çıxarır. Bu ona görə baş verir ki, aparıcı Qərb dövlətləri və instututları Qarabağ məsələsi ilə yanaşı, ölkəmizdə insan hüquqları və demokratiya məsələləri ilə bağlı da daha uca səslə danışmağa, daha kontret tələblər irəli sürməyə başlayıblar”.
Milli Şura Azərbaycan hakimiyyətinin dayağı və himayədarı olan Rusiyanın işğalçı Ermənistan ordusunun silahlanmasına 200 milyon dollar kredit ayırmasına diqqət çəkərək hesab edir ki, Moskva torpaqlarımızın 25 ilə yaxın bir müddətdə işğal altında qalmasının təminatçısı olsa da, bütün bunlar Azərbaycan iqtidarının Rusiya sevgisinə kölgə sala bilmir. İşğal faktını pisləyən və bu fakta görə Ermənistanı sorumlu bilən Avropanı “ermənipərəstlikdə” ittiham edən yapçılar nədənsə, avtoritar rejimin dayağı olan Rusiyanı hətta 200 milyonluq silah rüsvayçılığına görə də qınamağı cəsarət etmirlər: “Sadalananlar Əliyev rejiminin Qarabağ, ərazi bütövlüyü, qaçqınlar və məcburi köçkünlər kimi taleyüklü problemlərimizi öz hakimiyyət maraqlarına qurban verdiyinin əyani sübutudur. İşğalçını silahlandıran dövlətə geniş qucaq açmaq qarşılığında bütün demokratik dünyaya müharibə elan etmək ölkəmizin özünütəcridinə aparmaqla yanaşı, Qarabağ probleminin ədalətli həllinə də ciddi maneələr yaradır. ATƏT-in lahiyə koordinatorluğu səviyyəsində kiçik bir təmsilçiliyini də ölkədən çıxaran qüvvələr Qarabağ probleminin həllində müstəsna beynəlxalq mandata malik olan ATƏT-in Minsk qrupundan hansı ədalətli mövqe tələb edə bilər? Azərbaycan hakimiyyətinin bu yanlış və bəzi hallarda hətta avantürist davranışları Ermənistanda demokratik hərəkatın vüsət aldığı indiki vaxtda xüsusilə təhlükəlidir”.
Bəyanatda daha sonra bildirilir ki, demokratiya uğrunda mübarizəsi ilə Qərb üçün daha cəlbedici olan və məhz bu prosesin qarşısının alınması məqsədilə Rusiya tərəfindən daha çox “qayğı” ilə əhatə olunan Ermənistanın hazırkı mövqeyi Azərbaycandan milli və dövlətçilik maraqları baxımından daha məsuliyyətli və daha praqmatik addımlar atmağı tələb edir: “İndiki vəziyyətdə öz vətəndaşlarından qisas almaqla, 80-dən artıq günahsız insanı şərləyərək həbsdə saxlamaqla, öz “prinsipiallığını” bu yolla sübut etməklə bütün demokratik dünya ilə qarşıdurma yaratmaq ilk növbədə Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həlli baxımından milli və dövlətçilik maraqlarımıza qarşı təhdiddir. Demokratik Qüvvələrin Milli Şurası Azərbaycan hakimiyyətindən Qarabağ probleminin ədalətli həlli üçün yaranmış fürsətləri öz dar hakimiyyət maraqlarına qurban verməməyi, Qərblə konfrontasiyanı dərinləşdirmək kimi perspektivsiz, dövlətçilik maraqlarına zidd və təhlükəli siyasətdən imtina etməyi tələb edir”.