Milli Şura üzvü təxribata məruz qaldığını deyir

Vahid Məhərrəmov yaşadığı binanın komendantı tərəfindən təhqir olunduğunu bildirir

Source:


Vahid Məhərrəmov yaşadığı binanın komendantı tərəfindən təhqir olunduğunu bildirir

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov təxribatla üzləşib. Bu barədə məlumatı “Azadlıq” qəzetinə Vahid Məhərrəmovun özü verib. Onun sözlərinə görə, sentyabrın 27-də səhər 10-dan etibarən mənzilinə verilən elektrik enerjisi heç bir səbəb olmadan kəsilib: “Borcum yoxdur. Amma işığı kəsiblər, səbəbi bəlli deyil”. Onun müraciəti əsasında “Azadlıq” qəzeti məsələ ilə əlaqədar “Azərişıq” ASC ilə əlaqə saxlayıb. “Azərişıq”ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, qurumun nümayəndələri məsələni yerində araşdıracaq.

Bundan sonra redaksiya yenidən Vahid Məhərrəmovla əlaqə saxlayıb. Vahid Məhərrəmov deyib ki, həqiqətən də “Azərişıq” ASC-nin nümayəndələri onun yaşadığı “Belıy Lebed” MTK tərəfindən inşa olunan Yeni Yasamal qəsəbəsi, Dadaş Bünyadzadə küçəsi 15-də yerləşən binaya gəliblər. “Azərişıq” ASC-nin nümayəndələri Vahid Məhərrəmovun mənzilinə gedən elektrik enerjisini bərpa etmək istəsələr də, binanın Səttar adlı komendantı buna mane olub.

Vahid Məhərrəmovun sözlərinə görə, həmin şəxs ona hücum çəkib, küçə söyüşləri ilə təhqir edib. Komendantın sözlərindən belə anlaşılıb ki, Vahid Məhərrəmovun işıqsız qalması onun müxalifətçi olması ilə bağlıdır. Ekspert məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edəcəyini bildirib.

Vahid Məhərrəmov Milli Şuranın son mitinqlərinin təşkilatçılarından biri olub.

Ana səhifəXəbərlərMilli Şura üzvü təxribata məruz qaldığını deyir