Milli Şura müxalifətin birgə mitinqlərinin keçirilməsi təklifini verdi

Arif Hacılı: ”Bizdən müsbət cavab gözləyin”

Source:


Arif Hacılı: ”Bizdən müsbət cavab gözləyin”

Milli Şura növbədənkənar prezident seçkiləri öncəsi birgə ümumxalq mitinqləri keçirmək təşəbbüsü ilə Müsavat partiyası və ReAL hərəkatına müraciət edib.

Müraciəti Facebook sosial şəbəkəsində profilində Milli Şuranın sədri Cəmil Həsənli yayıb.

Müraciətdə xatırladılır ki, Milli Şura növbədənkənar prezident seçkilərini boykot edir.

“Qərarı zəruri edən səbəb ölkədə seçki mühitinin olmaması, mətbuatın susdurulması, siyasi repressiyaların davam etməsi, ölkədə 160 nəfər ətrafında siyasi məhbusun olması, İlham Əliyevin qəfil seçki sərəncamı və növbəti prezident seçkilərinin vaxtının heç bir zərurət olmadan 6 ay önə çəkilməsi və sair ilə bağlı idi. Milli Şura belə seçki oyununda iştirakı rədd etdi, hakimiyyətin seçki məzhəkəsini ifşa edəcəyini, başlandığı andan qeyri-legitim məzmun daşıyan saxta seçkilərin nəticələrini tanımayacağını, ölkə Konstitusiyası və qanunları çərçivəsində bu saxtakarlığa qarşı mübarizə aparacağın bəyan etdi”.

C.Həsənli təqdirəlayiq hal kimi Müsavat partiyası, ReAL hərəkatının və bir sıra digər ictimai-siyasi qurumların da seçkilərə qatılmamaq və onun nəticələrini tanımamaq haqqında qərarlarını qeyd edib.

“Milli Şuranın Koordinasiya Mərkəzi mart ayından başlayaraq saxta seçkilərə qarşı kütləvi aksiyaların keçirilməsini zəruri hesab edir və birgə ümumxalq mitinqləri keçirmək çağırışı ilə Müsavat partiyasına və Respublikaçı Alternativ (ReAL) hərəkatına müraciət edir. Milli Şura belə hesab edir ki, seçkini boykot edən, hakimiyyətin seçki oyununda iştirak etməyən, onun nəticələrini tanımayan bütün siyasi qüvvələrin və ictimai hərəkatların birgə ümumxalq aksiyası xalqın saxta seçki oyununa qarşı müqavimətinin ifadə olunmasında mühüm addım olacaq”.

Arif Hacılı

Təklifə sosial şəbəkələrdə reaksiya verən Arif Hacılı bu müraciəti xoşməramlı addım kimi qiymətləndirib.

“Bu təklif Müsavat Partiyası Məclisinin saxta seçkilərə qarşı real müxalifət qüvvələrinin birgə mübarizəsi qərarı ilə səsləşən təklifdir. Ən qısa müddətdə Cəmil bəyin bu təklifini dəyərləndirib mövqeyimizi açıqlamaq niyyətindəyik. Bizdən müsbət cavab gözləyin”.

Milli Şuranın təklifi ilə bağlı “Report”-a açıqlama verən ReAL Hərəkatının icraçı katibi Natiq Cəfərli

bildirib

ki, mitinqlər vasitəsilə qısa zaman ərzində dəyişikliyə nail olunmasını mümkünsüz sayır və hesab edir ki, prezident seçkiləri öncəsi mitinqlərin keçirilməsi hökumətə arqument verəcək:

“Bu mitinqlər sərbəst toplaşmaq hüququnun tam təmin olunduğu görüntüsünü yaradacaq. Yəni, bunun bir çox mənfi cəhətləri var. Bu, mənim şəxsi fikrimdir. ReAL Hərəkatında qərarlar kollektiv şəkildə verilir. Milli Şuranın birgə mitinqlərin keçirilməsi ilə bağlı təklifini müzakirə edəcəyik. Müzakirələr zamanı məsələnin mənfi və ya müsbət tərəfləri, mövcud təhlükələr müzakirə olunacaq. ReAL Hərəkatının İdarə Heyətinin qərarı İlqar Məmmədova da göndərilməlidir. O həbsdə olduğu üçün operativ qərar qəbul edə bilmirik”.

Natiq Cəfərli

N.Cəfərli deyib ki, mitinqlə bağlı hərəkatın qərarı bu həftənin sonuna qədər açıqlanacaq.

Hərəkatın idarə heyətinin üzvü Xalid Bağırov təklifə reaksiya verərək, Facebook səhifəsində yazıb ki, Musavat və AXCP-nin növbəti birgə fəaliyyət cəhdini görmək maraqlı olacaq.

“Bu cəhd səmimi olarsa, ReAl ciddi olaraq bu birlikdə yer almaq haqda düşünməlidir”.

Hakim, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə müxalifətin birgə mitinq keçirmək istəyini normal

hesab edir

.

Aydın Mirzəzadə

“Qanun daxilində keçirilən hər hansı bir tədbir məqbuldur. Bu baxımdan demokratik respublika olduğumuza görə, siyasi təşkilatlar və ya vətəndaş təşəbbüsü qrupları qanunun icazə verdiyi bütün fəaliyyət formalarından istifadə edə bilərlər”.

Ana səhifəXəbərlərMilli Şura müxalifətin birgə mitinqlərinin keçirilməsi təklifini verdi