Milli Şura: Müxalif fəallara işgəncələr verilir

Bəyanatda təəssüflə qeyd edirlər ki, Azərbaycanın ombudsman institutu Azərbaycan vətəndaşlarına, siyasi fəallara və vətəndaş cəmiyyətinə qarşı bu işgəncələrin qarşısının alınmasında iştirak etmir:

Foto: Meydan TV


Qurum bəyanat yayıb

“Azərbaycanda siyasi müxalifətə, vətəndaş cəmiyyətinə və sadə vətəndaşlara qarşı işgəncələr geniş vüsət alıb”.

Bu fikir Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) 15 avqust bəyanatında yer alıb.

Bəyanatda bildirilib ki, Avropa Şurasının üzvü olan və Avropa Birliyi ilə strateji tərəfdaşlıq münasibətləri qurmağa çalışan Azərbaycanda qəddar və dəhşətli işgəncə praktikasının yer alması və hətta ağır pandemiya şəraitində bu praktikadan siyasi müxalifləri və tənqidçiləri susdurmaq vasitəsi kimi geniş sui-istifadə olunması qorxunc və utancvericidir.

DQMŞ xatırladır ki, iyulun 14-15-də orduya dəstək məqsədilə keçirilən dinc və kütləvi etiraz aksiyasından sonra Xalq Cəbhəsi Partiyasının (AXCP) onlarla üzvü saxlanılıb. Onlardan 17 nəfərinə qarşı ağır cinayət ittihamları irəli sürülüb və barələrində həbs qətimkan tədbiri seçilib. 18 nəfər AXCP fəalı isə inzibati qaydada, əsasən 30 sutka müddətinə azadlıqdan məhrum edilib:

“İstər cinayət, istər inzibati icraat qaydasında təqib olunan bütün müxalifətçilərin prosessual hüquqları saxlandıqları andan kobud şəkildə pozulub. Onların heç birinin ailəsi ilə əlaqə yaratmaq və vəkillə görüşmək hüququ təmin olunmayıb. Nəticədə, saxlanılan şəxslərin durumu və yeri həftələrlə qeyri-müəyyən olaraq qalıb. Saxlanılan AXCP fəallarının bir çoxunu ailələri və yaxınları ilə müqavilə bağlayan müstəqil vəkillərləri müvəkkillərindən imtinaya məcbur ediblər. Etibarlı mənbələrdən alınan və sonradan saxlanılanların özləri tərəfindən təsdiqlənən məlumatlara görə, müxalif fəallara ağır işgəncələr verilib, onların ailə üzvləri ilə telefon əlaqəsinə, vəkillə görüşlərinə maneələr də məhz bu faktları gizlətmək məqsədi ilə yaradılıb”.

Bəyanatda iddia olunur ki, barəsində 3 ağır maddə ilə cinayət işi qaldırılan AXCP fəalı Seymur Əhmədzadə iki gün ərzində davamlı şəkildə ağır fiziki və mənəvi işgəncəyə məruz qalıb:

“AXCP üzvü bu məlumatı ailəsi vasitəsilə cəmiyyətə ötürə bilib. Daha öncə 3 dəfə siyasi məhbus həyatı yaşayan AXCP-nin yüksək səlahiyyətli funksioneri Fuad Qəhrəmanlının ağır və qəddar fiziki və mənəvi işgəncələrə məruz qalması ilə bağlı məlumatların cəmiyyətdə və beynəlxalq dairələrdə ciddi narahatlıq doğurmasına baxmayaraq bugünədək onun ailəsi və müstəqil vəkillə görüşmək hüququ təmin edilməyib. Fuad Qəhrəmanlının məhz təzyiq və şantaj altında vəkildən və barəsində seçilən həbs-qətimkan tədbirindən verilmiş apelyasiya şikayətindən imtinaya məcbur edilməsi şübhə doğurmur. Etibarlı mənbələr onun yaşadığı fiziki işgəncələrdən əlavə, qardaşının narkotik ittihamı ilə həbs olunacağıyla təhdid edildiyini bildirir”.

“İşgəncə Azərbaycan hüquq-mühafizə orqanları praktikasında mütəmadi qaydada tətbiq edilən təzyiq və şantaj alətidir. Bu təcrübə, heç şübhəsiz, getdikcə ağırlaşan sosial-iqtisadi böhran, korrupsiya və uzun illərdir Azərbaycan torpaqlarının işğal altında qalması, bu istiqamətdə heç bir irəliləyişin olmaması fonunda vətəndaşların artan narazılığını susdurmağın, cəmiyyəti qorxutmağın sınaqdan çıxmış yolu kimi tətbiq edilir”, – deyə DQMŞ-nin bəyanatında bildirilir.

DQMŞ AXCP fəallarına qarşı işgəncə faktlarının dəfələrlə müxtəlif məhkəmə proseslərində ifşa edildiyini bildirib:

“Saxta ittihamlarla şərlənib həbs olunan AXCP üzvü Aqil Məhərrəmlinin qolunu elektrik cərəyanına bağlayıb, ona huşunu itirənədək işgəncə veriblər. Başqa bir AXCP fəalı Niyaməddin Əhmədovdan böhtan xarakterli “etirafedici” ifadə almaq üçün onun cinsiyyəq orqanlarına elektrik cərəyanı verib böyrəklərindən qan sızanadək dəhşətli işgəncəni davam etdiriblər. Həmçinin AXCP fəalı, ikinci qrup əlil Babək Həsənova və prokurorluğun keçmiş müstəntiqi, ictimai fəal Rüfət Səfərova və başqalarına qarşı işgəncə edilib”.

Bəyanatda bu günlərdə sosial şəbəkələrdə polis bölməsində vətəndaşların çılpaq şəkildə yerə uzadılaraq fiziki və mənəvi işgəncələrə məruz qoyulması, ləyaqətinin alçaldılmasını sübut edən fotoşəkillərin paylaşıldığı qeyd olunur:

“DİN həmin şəkillərin Azərbaycanda çəkilmədiyini, şəkillərdəki vətəndaşların Azərbaycan vətəndaşı olmadığını iddia etsə də, tezliklə həmin işgəncələrin verildiyi məkanı və işgəncəyə məruz qalanların şəxsiyyətini müəyyən etmək və bununla da DİN-nin yalanını ifşa etmək mümkün olub".

Bəyanatda təəssüflə qeyd edirlər ki, Azərbaycanın ombudsman institutu Azərbaycan vətəndaşlarına, siyasi fəallara və vətəndaş cəmiyyətinə qarşı bu işgəncələrin qarşısının alınmasında iştirak etmir:

"Eyni sözləri haqsızlıqla üzləşən insanların yanında olmaq əvəzinə özü inzibati cəza mexanizminə çevrilən və işgəncələrin, qanunsuzluqların gizlədilməsində son dövrlər müstəsna rol oynayan Vəkillər Kollegiyası haqqında da deyə bilərik. Beynəlxalq Qırmızı Xaç Komitəsi Azərbaycanda yer alan işgəncə faktlarına operativ və adekvat reaksiya vermir, vaxtında əzablar içində yardım uman insanların yanında ola bilmir”.

DQMŞ Azərbaycanda baş verən sistematik, davamlı, ardıcıl işgəncə faktlarına göz yummamaq, "insan ləyaqətini alçaldan davranışların, fiziki və mənəvi işgəncə praktikasının Azərbaycan hüquq-mühafizə orqanlarının siyasi fəallarla gündəlik davranış praktikasına çevrilməsinə imkan verməmək" çağırışı ilə Azərbaycan xalqına, demokratik dünyaya, dünya mediasına, BMT, ATƏT, AB, Avropa Parlamenti, AŞPA və s. nüfuzlu beynəlxalq təşkilatlara səslənir.

DQMŞ həmçinin ABŞ və Avropa İttifaqını "ən qısa zamanda artıq sərt diktaturaya çevrilməkdə olan repressiv Azərbaycan rejiminə qarşı geniş və hədəfyönlü sanksiyalar tətbiq etməyə" çağırır.

Azərbaycan hüquq-mühafizə orqanları DQMŞ-nin bəyanatında səslənən işgəncə hallarını dəfələrlə təkzib edib. O, cümlədən, Ombudsman Səbinə Əliyeva da Azərbaycanda işgəncələrin olması barədə deyilənləri bölüşmədiyi haqqında açıqlama verib.

Ana səhifəSiyasətMilli Şura: Müxalif fəallara işgəncələr verilir