Şura siyasi məhbus probleminə dair ictimai dinləmənin keçirilməsi haqda qərar qəbul edib
Milli Şuranın Koordinasiya Mərkəzinin növbəti iclası keçirilib. İclasda ölkədəki ictimai- siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə olunub. Bu barədə Milli Şuradan Meydan TV-yə daxil olan məlumata görə, müzakirələrdə mayın 3-də “Məhsul” stadionunda mitinq keçirmək istəyinə Bakı şəhər İcra Hakimiyyətinin qanuna zidd şəkildə razılıq verməməsi bir daha pislənilib və bununla bağlı məhkəməyə müraciət edilməsi ilə yanaşı Milli Şura adından açıqlama yayılması qərara alınıb.
“Milli Şuranın 03 may 2015- ci il saat 15 00- dan 17 00- a qədər “Məhsul” stadionunda “Talana son!” tələbi ilə keçirmək istədiyi mitinqə Bakı şəhər İcra Hakimiyyəti həmin gün eyni saatda qeyd olunan ünvanda başqa bir önəmli tədbirin olacağını bildirərək razılıq verməyib və aksiyanın mayın 2-də keçirilməsini təklif edib. Maraqlıdır ki, hakimiyyət mitinqin keçirilməsi ilə bağlı təklif etdiyi vaxta qanunvericiliyin tələblərinə zidd olaraq 1 iş günü qalmış cavab verib. Bu isə praktiki olaraq həmin günə Milli Şuranın mitinq keçirməsini mümkünsüz etdi. Sonrakı günlərdə aparılan araşdırmalar göstərdi ki, mayın 3-də “Məhsul” stadionunda ümumiyyətlə hər hansı tədbir keçirilmədi. Mitinqə icazə verilməməsi “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun tələblərinə zidd olmaqla hakimiyyətin Milli Şuraya qarşı həyata keçirdiyi məkrli planın davamı və tərkib hissəsi olduğunu göstərdi. Demokratik Qüvvələrin Milli Şurası bir daha vətəndaşların fəaliyyət imkanlarının məhdudlaşdırılması, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun tələblərinin pozulmasını qətiyyətlə pisləyir, hakimiyyəti bu kimi halların qarşısının alınması, ictimai- siyasi qurumların ifadə azadlığının təmin olunması, müxtəlif etiraz aksiyalarının keçirilməsinə şərait yaradılmasını tələb edir”,-deyə məlumatda bildirilir.
İclasda Milli Şuranın mayın 17-də “Məhsul” stadionunda “Talana son!” tələbi ilə mitinq keçirilməsi və bununla bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilməsi qərara alınıb.
Koordinasiya Mərkəzinin toplantısında həm də siyasi məhbusların hüquqlarının müdafiəsi işinin gücləndirilməsi və Azərbaycanda siyasi məhbus probleminə dair ictimai dinləmənin keçirilməsi qərara alınıb.