Milli Şura I Avropa Oyunları ilə bağlı bəyanat yaydı

“Avropa Oyunlarının məşəlini Avropa ölkələrində deyil, Azərbaycanın rayonlarında gəzdirib, bayağı təbliğatını aparması ölkəmiz və dövlətimiz adına utanc gətirir”

Source:


“Avropa Oyunlarının məşəlini Avropa ölkələrində deyil, Azərbaycanın rayonlarında gəzdirib, bayağı təbliğatını aparması ölkəmiz və dövlətimiz adına utanc gətirir”

Milli Şura I Avropa Oyunları ilə əlaqədar bəyanat yayıb. Meydan TV-yə daxil olan sənəddə deyilir: “Təəssüflə qeyd etmək lazımdır ki, neftin dünya bazarında qiymətdən düşdüyü, manatın devalvasiya etdiyi, bütövlükdə Azərbaycan iqtisadiyyatının çökdüyü bir ərəfədə qeyri-rəsmi hesablamalara görə 8 milyard manata başa gələn 1- ci Avropa Oyunları ölkəmiz üçün əks təbliğat ruporuna çevrilməkdədir. Əliyev rejiminin yürütdüyü səriştəsiz və ugursuz, xalqın aşağılanması siyasəti nəticəsində iyun ayının 12- də start götürəcək beynəlxalq idman yarışının açılış mərasimi Avropanın dövlət başçıları tərəfindən faktiki olaraq boykot edildi. Heç şübhəsiz boykotun əsas səbəbi dünya ictimaiyyətinin gözləntiləri əleyhinə olaraq, ölkəmizdə demokratik açılımın baş verməməsi, repressiyaların davam etdirilməsi, siyasi məhbusların azadlığa buraxılmaması oldu”.

Bəyanatda daha sonra deyilir: “Bakıda keçirilən I Avropa Oyunları səmərəsiz büdcə xərcləmələri, qeyri- rəsmi ödənişlər, iş yerlərinin bağlanması, sərbəst hərəkət imkanlarının məhdudlaşdırılması, gələn qonaqlarla müqayisədə Azərbaycan xalqına aşağılayıcı münasibətlərin və fərqin nümayiş etdirilməsi kimi milli-mənəvi, insani dəyərlərə və Konistitusiyaya zidd addımlarla müşayiət olunur. Dünyanın demokratik düzənindən özünü təcrid etməkdə olan Əliyev hakimiyyətinin Avropa Olimpiya Komitəsinin qərarı ilə Bakıda keçirilən Avropa Oyunlarının məşəlini Avropa ölkələrində deyil, Azərbaycanın rayonlarında gəzdirib, bayağı təbliğatını aparması ölkəmiz və dövlətimiz adına utanc gətirir.

Böyük xərclər hesabına başa gələn Avropa Oyunları ilə xalqımızın milli-mənəvi dəyərlərini, adət- ənənələrini təbliğ etmək, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq əvəzinə Əliyev hakimiyyəti ölkəmizi repressiyaların çiçəkləndiyi və monarxiyanın oturuşduğu ölkəyə çevirmək istəyir. 97 il öncə- 1918-ci ildə babalarımızın Şərqdə qurduqları ilk demokratik cumhuriyyət təəssüflə qeyd etmək lazımdır ki, hazırda bir ailənin idarəçiliyi timsalında monarxist dövlət kimi təqdim olunmaqdadır.

Eyni zamanda qeyd etmək lazımdır ki, indiyə qədər fərqli düşünən insanları, müxalifəti daim ermənipərəstlikdə ittiham edən hakimiyyətin Bakıya gələn ermənilərə qucaq açdığı bir vaxtda, aralarında Qarabağ qaziləri olan 80 nəfərdən çox siyasi və vicdan məhbusunu həbsdə saxlaması milli və insani dəyərlər adına rüsvayçı bir davranış olmaqla yanaşı rejimin əsl simasını açıb ortaya qoyur.

Digər təəssüfləndirici məqam ondan ibarətdir ki, Avropa Oyunları ərəfəsindən Milli Məclisin bir qrup deputatı Avropa Parlamenti əleyhinə qəbul etdikləri bəyanatda hüquq və ədalət anlayışına zidd şəkildə həbsdə olan siyasi məhbusları “cinayətkar” adlandırıb. Hakimiyyətin diqtəsi ilə hazırlanan bəyanat rejimin nə qədər anti-demokratik və avtoritar olduğunu bir daha sübut edir”.

Demokratik Qüvvələrin Milli Şurası bir daha hakimiyyətdən I Avropa Oyunları zamanı yerli və beynəlxalq qanunvericiliyə uyğun şəkildə vətəndaşların hüquq və azadlıqlarının qorunmasını, milli- mənəvi dəyərlərə hörmət olunmasını, büdcə talanlarına son qoyulmasını, repressiyaların durdurulmasını, həbsdə olan bütün siyasi məhbusların qeyd-şərtiz azadlığa buraxılmasını tələb edir.

Ana səhifəXəbərlərMilli Şura I Avropa Oyunları ilə bağlı bəyanat yaydı