Milli Şura beynəlxalq birlikdən Azərbaycan hakimiyyətinə sanksiya tələb edir

Source: Foto: sosial şəbəkə

“İstənilən xoşagəlməz hadisəyə görə Azərbaycan hakimiyyəti cavab verəcək”

Demokratik Qüvvələrin Milli Şurası beynəlxalq birliyi Azərbaycan hakimiyyətinin siyasi repressiyalarına qarşı çıxmağa və insan hüquqlarını kobud şəkildə pozmasına görə sərt tədbirlər görməyə çağırıb.

Bu barədə Milli Şura bəyanat yayıb.

Bəyanatda qeyd olunur ki, insan hüquqlarının pozulmasında və ictimai-siyasi fəalların həbsində əli olan vəzifəli şəxslərə qarşı ünvanlı sanksiyalar tələb olunmalıdır.

Sənəd həbsdə 45 gündür ki, aclıq aksiyası keçirən Bəxtiyar Hacıyevin həyatının təhlükədə olması və ölkədə siyasi repressiyaların davam etməsi ilə bağlı qəbul edilib.

“Şərlənərək həbs edilməsinə etiraz olaraq 45-ci gündür aclıq aksiyası keçirən ictimai fəal Bəxtiyar Hacıyevin həyatı təhlükə altındadır. Bəxtiyar Hacıyev 6 gün də quru aclıq etmiş, yəni su da içməmişdi. Bu isə onun səhhətini daha da ağırlaşdırıb və hazırda o, hər an komaya düşə bilər. Təəssüf ki, Azərbaycan hakimiyyəti Bəxtiyar Hacıyevlə bağlı yaranmış vəziyyətin nə dərəcədə təhlükəli həddə çatdığını dərk etmir və onu həbsdə saxlamağa israr edir”, – Milli Şura bəyan edib.

Milli Şura Azərbaycan xalqını vətəndaş cəmiyyətini daha fəal müdafiə etməyə çağırıb:

“Xalqımız özünü rejimin yaratdığı qorxu mühitinə təslim etməməli, hüquq və azadlıqlarının təmin olunması, ölkədə köklü dəyişikliklərin baş verməsi naminə mübarizədə daha yaxından və hamılıqla iştirak etməlidir”.

Sənəddə baş verə biləcək istənilən xoşagəlməz hadisələrə görə, məsuliyyətin Azərbaycan hakimiyyətinin üzərinə düşəcəyi qeyd olunur:

“Milli Şura hakimiyyətin Bəxtiyar Hacıyevə qarşı bu qəddar, insanlıqdan uzaq münasibətini qətiyyətlə pisləyir və xəbərdar edir ki, Bəxtiyar Hacıyev bir an tez azadlığa buraxılmasa, yarana biləcək istənilən xoşagəlməz nəticəyə görə Azərbaycan hakimiyyəti xalqımız və beynəlxalq birlik qarşısında cavab verməli olacaq”.

“Həbsinə etiraz olaraq 45 gündür ki, aclıq edən ictimai fəal Bəxtiyar Hacıyevin həyatı təhlükədədir. Təkcə son bir ay ərzində 14 ictimai-siyasi fəal 25-30 sutkalığa inzibati həbs cəzasına məhkum edilib. Onlardan 5-i Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü, 6-sı “Müsəlman Birliyi” Hərəkatının üzvü, 2-si D18 Hərəkatının üzvü, 1-i neytral ictimai xadimdir. Azərbaycan Xalq Cəbhəsi Partiyası Salyan şöbəsinin sədri, keçmiş siyasi məhbus Zamin Salayev qurama ittihamla növbəti dəfə cinayət məsuliyyətinə cəlb edilib və 3 ay müddətinə azadlıqdan məhrum edilib”, – deyə bəyanatda vurğulanır.

Xatırlatma

Bəxtiyar Hacıyev dekabrın 9-da xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamı ilə həbs edib.

Bu ittihama səbəb olan insident daha öncə böhtan iddiası ilə bağlı fəala qarşı açılmış cinayət işi üzrə məhkəmədə baş verib.

O, bu ittihamla razı deyil.

Dekabrın 15-də Bəxtiyar Hacıyev azad edilməsi tələbi ilə aclıq elan edib.

Bəzi ictimaiyyət nümayəndələrinin və ailə üzvlərinin çağırışlarından sonra o, dekabrın 28-də aclığı dayandırdığını bildirib.

Yanvarın 9-da isə yenidən aksiyanı bərpa etdiyini açıqlayıb və 45 gündür ki, aclıq aksiyasını davam etdirir.

Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham olunur.

Bu maddələrdə 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Bəxtiyar Hacıyevə qarşı cinayət işində söhbət ictimai fəalla jurnalist Ülviyyə Alovlu arasında qalmaqaldan gedir.

Bəxtiyar Hacıyev uzun müddətdir ki, polisə şikayət edərək Ülviyyə Alovlunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirdi.

Bir müddət öncə sosial şəbəkələrdə Yasamal Rayon Məhkəməsində Bəxtiyar Hacıyevlə Ülviyyə Alovlu arasında məhkəmə prosesi zamanı baş verənlərin videogörüntüsü yayılmışdı.

Həmin görüntülərdə Bəxtiyar Hacıyev əlindəki sənədləri masanın üstünə atır.

İddia olunur ki, ictimai fəal məhz buna görə xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham edilir. Lakin Bəxtiyar Hacıyev Daxili İşlər naziri Vilayət Eyvazovun sifarişilə həbs olunduğunu iddia edir. O, zaman-zaman sosial media hesablarında Vilayət Eyvazov və nazirliyin fəaliyyətini tənqid edirdi.

İctimai fəal 2022-ci ilin aprelində naməlum şəxslər tərəfindən paytaxtın mərkəzində oğurlanaraq, zorakılığa məruz qaldığını bildirib.

Faktla bağlı cinayət işi başlansa da, bu günə qədər cinayəti törədən şəxslər tapılmayıb.

Ana səhifəXəbərlərMilli Şura beynəlxalq birlikdən Azərbaycan hakimiyyətinə sanksiya tələb edir