“Ölkədə siyasi mühit və seçki ilə bağlı hüquqi normalar xalqın iradəsini hətta qismən də olsa ifadə edəcək seçkinin keçirilməsini mümkünsüz edən vəziyyətdə qalmaqdadır”
Milli Şura 1 noyabr 2015-ci ildə keçiriləcək parlament seçkiləri ilə bağlı qərarını verib. Meydan TV Milli Şuranın sentyabrın 10-da seçki haqda qəbul etdiyi sənədi təqdim edir:
Demokratik Qüvvələrin Milli Şurası bu il, noyabrın 1-də keçiriləcək parlament seçkiləri ilə bağlı hələ avqustun 19-da hesabat yayaraq, ölkədə seçkiqabağı mühitin olmadığını, mövcud siyasi şərait və seçki prosesini tənzimləyən hüquqi normaların rəqabət şəraitində, azad və ədalətli seçkilərin keçirilməsinə imkan vermədiyini göstərmiş və vəziyyəti dəyişmək üçün hakimiyyət qarşısında tələblər irəli sürmüşdü.Milli Şura bildirmişdi ki, Azərbaycan hökuməti siyasi təqiblər və repressiyalarla azad və ədalətli seçkilərin keçirilməsində mühüm rol oynayacaq müstəqil vətəndaş cəmiyyəti institutlarını və beynəlxalq təşkilatları, media qurumlarını, habelə real siyasi alternativləri seçkilərindən kənarda qoyub. Bu da ümumilikdə 1 noyabr seçkiləri üçün susdurulmuş vətəndaş cəmiyyəti, böhranlı vəziyyət yaşayan barmaqla sayılacaq müstəqil media, həbslərə və təqiblərə məruz qalmış siyasi alternativlər, qorxudulmuş elektoratla müşayiət olunan siyasi şərait yaradıb.
Milli Şura onu da vurğulamışdı ki, Azərbaycan hökuməti əvvəlki seçkilər kimi, bu seçkini də keyfiyyətsiz hüquqi baza ilə keçirir. 60 günlük seçki kampaniyası, hakimiyyətin tam nəzarətində olan seçki orqanları, namizədlərin irəli sürülməsinin mürəkkəb və problemli prosedurları, cəmi 21 günlük seçkiqabağı təşviqat kampaniyası, güvənilməz və səmərəsiz hüquqi müdafiə mexanizmləri, habelə idarəolunan səsvermə və seçkilərin nəticələrinin rəsmiləşdirilməsi prosesinə əsaslanan hüquqi baza bu seçkilər üçün də xarakterik olaraq qalır.
Milli Şura bildirmişdi ki, hakimiyyət seçkiqabağı mühitin demokratikləşməsi, seçki prosesinə cəmiyyətin və siyasi qüvvələrin inamının yaradılması, saxtalaşdırma prosesinin qarşısının alınması və xalqın iradəsinin seçki nəticələrində ifadə olunması üçün aşağıdakı addımları atmalıdır:
1) Repressiyalar dayandırılmalı, siyasi məhbuslar dərhal azad edilməli, siyasi rəqiblərə və fikir müxtəlifliyinə qarşı təqiblərə son qoyulmalıdır.
2) Real müxalifət qüvvələrinin fəaliyyətinə yaradılan qanunsuz maneələr ardan qaldırılmalı, siyasi hüquqların məhdudlaşdırılmasına son qoyulmalı, sərbəst toplaşmaq azadlığı ölkənin bütün ərazisində təmin edilməlidir.
3) Müstəqil mətbuata qarşı təzyiqlər dayandırılmalı, jurnalistlərin peşə fəaliyyətinə görə üzləşdikləri qanunsuzluqlara son qoyulmalı, TV-lərdə azad debatlar üçün şərait yaradılmalı, müxalif namizədlər üçün ayrılmış pulsuz efir vaxtı artırılmalı, namizədlər üçün Azərbaycan reallığına uyğun pullu efir vaxtı təmin edilməlidir.
4) Seçki Komissiyalarının tərkibi real müxalifətin iştirakı ilə yenidən formalaşdırılmalı, namizədlərin qeydiyyatı proseduru sadələşdirilməli və bununla bağlı yaradılan süni əngəllər aradan qaldırılmalı, depozitlə namizədliyin qeydə alınması təmin edilməli, müşahidəçilərin səslərin sayılması prosesində iştirakı və protokolların əsli ilə təmin edilməsi həll olunmalıdır.
Aradan xeyli vaxt keçib və hökumət seçki kampaniyasına start verib. Lakin Milli Şuranın irəli sürdüyü konstruktiv və zəruri tələblərin heç biri nəzərə alınmayıb, ölkədə azad və ədalətli seçki mühitinin yaradılması üçün hər hansı addım atılmayıb. Ölkədə siyasi mühit və seçki ilə bağlı hüquqi normalar xalqın iradəsini hətta qismən də olsa ifadə edəcək seçkinin keçirilməsini mümkünsüz edən vəziyyətdə qalmaqdadır.
Milli Şura bəyan edir ki, sadalanan problemlər olduğu kimi qaldığından bu seçkinin nəticələrinin Prezident Adminstrasiyasında müəyyən ediləcəyinə heç bir şübhə ola bilməz.
Bütün bu neqativ faktorları, hətta yarım azad və ədalətli seçkilərin keçirilməsi üçün əlverişli şəraitin olmadığını nəzərə alaraq Milli Şura 1 noyabr 2015-ci il tarixində keçiriləcək parlament “seçkiləri”ni legitimləşdirmək üçün vasitə olmaqdan və seçki imitasiyasında iştirakdan imtina edir.