Milli Ş əmsalı

Source:



Beynəlmiləlçiliyi millətçilik əvəz edəndən sonra vaxtilə bütün bihesablıqları proletariatın ayağına yazan cəmiyyətimiz indiki əməllərinə başladılar “milli dəyər”lərlə bəraət qazandırmağa. Nəzərə alsaq ki, bizim həyatımızın əsas özəllikləri elə bəd əməllərdən ibarətdir, “milli” kimi sırınan dəyərlərin də əksəriyyəti mahiyyətcə mənfi olaraq qaldı. Yaltaqlığı hörmət, rüşvəti şirinlik, sırtıqlığı bacarıq, alçaqlığı dolanışıq sayanlar bütün bunları dəyərlərimizin “mililiyi”nin ayağına yazdılar.

Bu “milli” həngaməyə tamaşa etdikcə həqiqətən milli olan ədiblərimizin vaxtilə bizim tatar-müsəlman cəmiyyətinin təzahürlərinə bəslədikləri çılpaq münasibəti məndə də eyni hissləri oyatdı və mən bu köhnə-yeni dəyərləri “milli Ş” əmsalı ilə ölçməyə başladım.

Nədir bu əmsal? Xaliqdən gizli deyil, məxluqdan niyə gizli qalsın, açığını deyim ki, “Ş” əmsalı faydalı ev heyvanının adı olan və bizim milli şifahi ədəbiyyatın geniş istifadə etdiyi “eşşək” sözündəki “Ş” hərfinin sayından götürülüb. İstənilən qərəzsiz və ədalətli azərbaycanlı razılaşar ki, biz gündəlik həyatımızda hər hansı bir insanın həddini aşan bihesablığı ilə rastlaşanda öz mənfi çalarlı hisslərimizi həmin adam barəsində dediyimiz “eşşək” sözündəki “Ş” hərflərinin vurğusu və sayı ilə dəqiq ifadə edirik.

Məsələn, məmur tamamilə qanuni bir işə görə vətəndaşdan rüşvət tələb edirsə, onun barəsində yerində deyilən “eşşək” sözündə iki deyil, üç “Ş” hərfinin işlədilməsi o deməkdir ki, onun əməli 3 “milli Ş” əmsalına vurulur.

Yaxud, bir tikinti şirkətinin sahibi bir mənzili üç müştəriyə satır, pullarını mənimsəyir və binəvaları üz-üzə qoyur. Bu “milli” sahibkar neçə “milli Ş” əmsalına layiqdir? Məncə, burada simiclik etmədən ona 4 “milli Ş” əmsalı vermək olar.

Yaxud, Təhsil Nazirliyində hansısa başbilən orta məktəb müəllimlərinə buyurur ki, şagirdlərə “Ramil Səfərovun erməni hərbçisini öldürərkən göstərdiyi qəhrəmanlıq” mövzusunda sərbəst inşa yazdırsınlar. Nazirlikdəki bu başbilən neçə “milli Ş” əmsalına layiqdir? Sizi bilmirəm, amma mən səxavətlə ona 5 “milli Ş” əmsalı verərdim.

Xalqın pulunu yeyb harınlamış hansısa yeni azərbaycanl şəhər qəbristanlığında ı ümumi yolun hesabına öz əmvatının uyuma sahəsini genişləndirir və hərəkətə ciddi əngəl törətdiyi üçün hər gəlib-keçəndən öz əmvatının ünvanına yağlı-yağlı söyüş və lənət qazanır. Siz bilən bu igid neçə “milli Ş” əmsalı qazana bilər? Mən ona tərəddüd etmədən 3 “milli Ş” əmsalı verərdim.

Nazirimiz Avropaya səyahətdən qayıdır, nökər-naibini ətrafına toplayıb oradakı abadlıq və qanun-qaydanın üstünlüyündəndanışır, sonra isə “mən burada olmayanda, dövlətdən nəyi çalmısınız, gətirin görək” deyirsə, ona 4 “milli Ş” əmsalı vermək insafdan olmazmı?

Yaxud külfətini güclə dolandıran birisi təzə model bahalı telefon almaq üçün bankdan quldur faizi ilə borc alırsa, bu məxluqa necə də 5 “milli Ş” əmsalı verməyəsən?

Seçkilərin saxtalaşdırılacağını əvvəlcədən yüz faiz bilə-bilə seçki ərəfəsində qurban bayramı öncəsi qəssab dükanının girişində birincilik uğrunda kəllələşən qoçlar kimi özünü aparan müxalifət liderlərinin vücudunu necə də 5 “milli Ş” əmsalına vurmayasan?

Bir əsrdir butun əmək hüquqları amansızlıqla pozulan Azərbaycan zəhmətkeşlərinin bütün bu əsr ərzində bircə dəfə belə həqiqi və mədəni həmkarlar ittifaqı yarada bilməməsinin səbəbi həmin bu “milli Ş” əmsalının ucbatından deyilmi?

Sizin hər gün və hər yerdə gördüyünüz və barəsində qəzet və saytlarda oxuduğunuz bihesablıqları törədən qəhrəmanlar öz hərəkətləri ilə, siz bilən, neçə “milli Ş” əmsalına layiq olduqlarını sübuta yetirirlər?

Münsif sizsiniz, neçə versəniz, elə o qədər də alacaqlar.

Ancaq hərdən öz hərəkətlərimizi də bu əmsal baxımından qiymətləndirib cəmiyyətimizdə insaf və ədalət payını artırmağa çalışsaq, Allaha xoş gedər…


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəMilli Ş əmsalı