Milli Qəhrəmanın oğlunun şərləndiyi və işgəncəyə məruz qaldığı iddia olunur

Həbs. Foto: Meydan TV

Həyat yoldaşı: “Ona deyiblər ki, səndən sonra ailəni də gətirmişik bura, “podvaldadı””

Milli Qəhrəman Məhərrəm Seyidovun oğlu Habil Seyidov hazırda həbsdədir. Həyat yoldaşı onun işgəncə və təhdidlər yoluyla törətmədiyi cinayətin üzərinə götürməyə məcbur edildiyini deyir.

1993-cü il təvəllüdlü Habil Seyidov 2022-ci ilin dekabrında həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham irəli sürülüb.

Elnarə Seyidova Meydan TV-yə danışır ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları onun və 7 yaşlı oğlunun gözü qarşısında həyat yoldaşını zorla sürüyüb aparıblar. Həmin vaxt onun əlində torba və ya başqa nəsə olmayıb:

“Onun üstünə 3 kiloqram narkotik qoyublar. Onu götürüb apardıqları yerdə kameralar var. Aylardır həmin kameraların görüntülərini almaq üçün müraciət etmədiyim yer qalmayıb. Haqlıdırlarsa, niyə vermirlər o görüntüləri? Qoysunlar ortaya, göstərsinlər ki, baxın, bu vəziyyətdə saxlanılıb. Qoya bilməzlər, çünki yalanları ortaya çıxacaq, ona görə də gizlədirlər”.

Həyat yoldaşının sözlərinə görə, həmin gün avtomobildə birlikdə olublar. Ərinə zəng gəlib:

“Maşında mən və 7 yaşlı oğlum da vardı. Biz oturduq, yoldaşım düşdü, zəngləşdiyi adamı gözləyirdi. O adam gəlib çıxmadı. Bir də onu gördüm ki, dörd tərəfdən tökülüşdülər. Sən demə, onu tutmaq üçün əvvəldən hazırlanmış plan imiş. Mülki geyimdə idilər. Onu döyə-döyə apardılar. Mənimlə də kobud danışırdılar, hətta söyüş işlətdilər. Tələb edirdilər ki, maşının qapılarını açıb düşüm. Mən də açmırdım. Biri dedi ki, sındırın şüşəni. Uşaq da qışqırır, ağlayırdı. Yanlarında bir nəfər daha sakit formada dedi ki, “düş, taksiyə min, get”. Deyirəm ki, niyə? Siz kimsiniz axı? Mən “102”yə xəbər verəcəm. Onda dedilər ki, biz də polisik, ehtiyac yoxdur “102”yə. Həmin vaxt bir hissəsi yoldaşımı götürüb aparmışdı. Qalanı da maşını apardı. Məni açarı götürməyə qoymadılar…”.

Üç gün həyat yoldaşının harada saxlanması, durumu, onun nədə ittiham olunması haqda heç bir məlumat ala bilmədini deyən Elnarə Seyidova bildirib ki, yalnız Bakı İstintaq Təcridxanasına köçürüləndən sonra onunla əlaqəsi olub. Onun sözlərinə görə, bundan sonra bilib ki, Habil Seyidovu aparanlar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları imiş.

“Yoldaşıma işgəncə veriblər, təhqir ediblər, başına oyun açıblar. Ona deyiblər ki, səndən sonra ailəni də gətirmişik bura, “podvaldadı”. Canını qurban vermiş adamın övladının başına gələnlərə baxın… 3 kiloqram narkotiki qoyublar qarşısına. O da deyib ki, ailəmi buraxın, lap 3 ölüm də olsa, götürərəm. Mən inkar eləmirəm, yoldaşım narkotik istifadəçisidir, xəstədir, narkoloji dispanserdə qeydiyyatdadır. Amma bu qədər narkotik onluq deyil axı. Nə üstündə olub, nə maşınında. Mənim gözümün qarşısında götürüb aparıblar. Onun əlində heç nə olmayıb axı. O ərazidəki kamera görüntülərindən də görünəcək. Maşında da heç nə yox idi. Hə, məni düşürəndən sonra nəsə qoyublarsa, o, başqa məsələ”.

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi
Foto: Azərtac

Həyat yoldaşı əlavə edib ki, Habil Seyidovun qanunsuz həbsi, eləcə də işgəncəyə məruz qalmasıyla əlaqədar Ombudsman Aparatına, prokurorluğa və başqa dövlət orqanlarına çoxsaylı məktublar göndərib. Bir müddət öncə işgəncə şikayətilə əlaqədar prokurorluqdan reaksiya gəlib, məsələni araşdırmaq üçün Bakı İstintaq Təcridxanasına nümayəndə göndərilib:

“Mart ayında bədəninə baxanda yoldaşım deyib ki, üstündən üç aydan çox vaxt keçib, bu vaxta iz qalar?!”

Hazırda bu iş üzrə istintaq davam edir. Habil Seyidovun ittiham olunduğu maddədə 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Şərur rayon Daxili İşlər Şöbəsi yanında mühafizə şöbəsində baş inspektor vəzifəsində çalışan Məhərrəm Seyidov 18 yanvar 1990-cı ildə Kərki kəndində döyüşlərdə həlak olub. O, Şərur rayonunun Şəhidlər Xiyabanında dəfn edilib.

DİN-in mətbuat xidmətindən bildirib ki, iddialar şəxsi mülahizələrdir, müdafiə xarakteri  daşıyır. H.Seyidov narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilir. Məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib. İstintaq hərəkətləri davam etdirilir.

Ana səhifəSosialMilli Qəhrəmanın oğlunun şərləndiyi və işgəncəyə məruz qaldığı iddia olunur