Milli Platforma üzvləri Azərbaycan hakimiyyətinə və Avropa İttifaqına çağırış etdi

Qurum bəyanat yayaraq fəalların həbsini pisləyib

Source: Meydan TV


Qurum üzvləri bəyanat yayaraq fəalların həbsini pisləyib

Avropa İttifaqı Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platformasının 28 üzvü həbs olunan ictimai-siyasi fəallarla bağlı bəyanat yayıb.

Meydan TV-yə daxil olan sənəddə deyilir ki, bəyanata imza atmış Platforma üzvləri hakimiyyətin müxalifət lideri (Musavat partiyası və Milli Şuranın idarə Heytinin üzvü) Tofiq Yaqublunun xuliqanlıq (CM-nin 221.3-cü maddəsi) və vətəndaş cəmiyyəti fəalı və jurnalist (Sumqayıt Gənclərinin Maarifləndirilməsi İctimai Birliyinin sədri), hüquq müdafiəçisi Elçin Məmmədin oğurluq cinayəti (CM-nin 177.2.4-cü maddəsi) ittihamı ilə həbsini və hazırkı pandemiya bəhanəsilə karantin rejimini pozmaq ittihamı ilə siyasi və ictimai fəalların, jurnalistlərin İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə həbsini pisləyir. Təşkilat hakimiyyəti yaranmış yeni situasiyadan müxaliflərə qarşı sui-istifadə praktikasını dayandırmağa və onları azad etməyə çağırır.

“Məlum karanatin rejimi dövründə ehtimal olunan İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsini pozmaqda ittiham edilən üç AXCP (Azərbaycan Xalq Cəbhəsi Partiyası) fəalı (Faiq Əmirli həm də “Azadlıq” qəzetinin maliyyə direktorudur, Ruslan Əmirov həm də AXCP sədri Əli Kərimlinin şəxsi mühafizəçisidir), iki ADR (Azərbaycan Demokratiya və Rifah Hərəkatı – Vəfadar Əliyev, Şakir Məmmədli) üzvü, iki MBH (“Müsəlman Birliyi” Hərəkatı – Samir Babayev, Hikmət Ağayev) üzvünə və bir ictimai fəala (Nəriman Abdulla) qarşı məlum maddənin cərimə sanksiyası deyil, 15-30 gün müddətində inzibati həbs sanksiyasının seçilməsi və həmin şəxslərin bir çoxunun ittihamdan öncə həbs edilməsi şəraiti həbslərin siyasi xarakterli olduğunu söyləməyə əsas verir. Jurnalistlər Natiq İsbatovun 30 sutka və İbrahim Vəzirovun 25 sutka inzibati həbslə cəzalandırılıması, Mirsahib Rahiloğlunun isə Şirvan şəhərində peşə fəaliyyətini həyata keçirərkən polis tərəfindən saxlanılması və 30 günlük inzibati həbs edilməsi isə karantin rejimindən sui-istifadənin geniş olduğuna dəlalət edir”, – bəyanatda vurğulanır.

Həmçinin qeyd olunur ki, AXCP üzvləri – hakimiyyəti ciddi tənqid videoları ilə gündəmə gəlmiş Aqil Hümbətov hazırda 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib, Baba Süleyman isə evi məlum SMS proseduru ilə tərk etsə də, polis tərəfindən saxlanılıb və Nəsimi Rayon Məhkəməsinin qərarı ilə İXM-nin 211-ci maddəsi ilə 30 sutka müddətinə inzibati qaydada həbs edilib:

“Bu müddət ərzində karantin qaydalarının pozulması iddiası ilə inzibati həbsə məruz qalan ictimai-siyasi fəalların sayı artmaqda davam edib.

“Azadlıq” qəzetinin əməkdaşı, AXCP funksioneri Təzəxan Mirələmli Ata Abdullayevin şikayəti əsasında CM-in 221.1-ci maddəsi ilə açılmış qondarma cinayət işi üzrə təqsirləndirilmiş şəxs qismində cəlb olunub. Aprelin 20-də isə AXCP-nin Salyan rayon təşkilatının üzvü Elzamin Salayev məlum “Salyan hadisəsi” ilə bağlı polis əməkdaşının şikayəti əsasında Salyan Rayon Məhkəməsi tərəfindən 2il 3 ay müddətinə azadlıqdan məhrum edilib”.

Milli Platforma vurğulayır ki, Azərbaycan Avropa Şurasının üzvüdür və onun üzərinə hüquqi öhdəliklər qoyan bir sıra konvensiyalarını ratifikasiya edib:

“Azərbaycanla Avropa İttifaqı arasında Strateji Tərəfdaşlıq Sazişi üzrə danışıqların mühüm bir komponenti kimi 2017-ci ilin payızından başlayaraq hər il Avropa İttifaqı-Azərbaycan arasında insan hüquqları üzrə dialoq keçirilir.

Milli Platforma dərin narahatlıqla bildirir ki, Azərbaycan hakimiyyətinin hazırkı situasiyadan tənqidçi kəsimi cəzalandırmaq üçün sui-istifadə etməsi onun Avropa Şurası üzvü kimi öhdəliklərinə ziddir, Avropa İttifaqı ilə imzalanacaq perspektiv Strateji Tərəfdaşlıq Sazişinə maneədir, Azərbaycan xalqı və vətəndaşının maraqlarına ziddir və Azərbaycanın siyasi mühiti, vətəndaş cəmiyyəti üçün arzuolunmaz mühit yaradır”.

Milli Platforma Azərbaycan hökumətini:

  • Barəsində əsassız ittihamlarla cinayət işi açılmış müxalifət lideri, keçmiş siyasi məhbus Tofiq Yaqublu və hüquq müdafiəçisi, hepatit C xəstəsi Elçin Məmməd barəsində həbs qət-imkan tədbirinin dəyişdirərək azad etməyə və cinayət işinə xitam verməyə;
  • Koronavirus pandemiyası ilə əlaqədar karantin müddətində inzibati qaydada həbs edilmiş jurnalist, siyasi və ictimai fəalların azad edilməsini və hazırkı çətin dönəmdə ölkədə həmrəylik mühitini təmin etməyə;
  • Avropa Parlamentinin 17 janvar 2019-cu ildə 533 deputatın səsi ilə qəbul etdiyi “Azərbaycanda Mehman Hüseynovun işi” adlı (2019/2511) saylı qətnaməsində1 irəli sürdüyü çağırışlara əməl etməyə;
  • Avropa Şurası Parlament Assambleyasının bu ilin Qış Sessiyasında qəbul etdiyi 2322 saylı qətnaməsində Azərbaycan hökumətinə çağırışının tələblərini yerinə yetirməyə və AŞPA-nın Azərbaycan üzrə həmməruzəçilərinin COVİD-19 ilə bağlı çağırışlarını3 nəzərə almağa ;
  • Siyasi zəmində jurnalistlərə, blogerlərə, insan hüquq müdafiəçilərinə, vətəndaş cəmiyyəti fəallarına və müxalif səslərə qarşı təqib və həbs praktikasına son qoymağa və ölkədə geniş etimad mühitini təmin etməyə;
  • Vətəndaş cəmiyyətinin səmərəli fəaliyyətinin təmin edilməsi üçün 2014- cü ildən davam edən hüquqi və praktiki maneələri aradan qaldırmağa və vətəndaş cəmiyyəti ilə səmərəli əməkdaşlıq mühiti yaratmağa;
  • BMT-nin İnsan Hüquqları Komitəsi, insan hüquq müdafiəçiələrinin vəziyyəti üzrə Xüsusi Məruzəçi, Avropa Şurası və digər beynəlxalq qurumların ifadə azadlığı barəsində verdiyi tövsiyələri icra etmək üçün konkret və effektiv tədbirlər görməyə çağırır.

Milli Platforma Avropa İttifaqını:

  • Avropa İttifaqı ilə Azərbaycan arasında keçirilən insan hüquqları dialoqunu vətəndaş cəmiyyətinin səmərəli iştirakı ilə intensivləşdirməyə;
  • Avropa İttifaqı ilə Azərbaycan arasında davam edən Strateji Tərəfdaşlıq Sazişi üzrə danışıqlarda vətəndaş cəmiyyəti də daxil olmaqla bütün maraqlı tərəflərin səmərəli iştirakını və prosesin şəffaflığını təmin etməyə;
  • Avropa İttifaqı ilə Azərbaycanın həyata keçirdiyi Strateji Tərəfdaşlıq Sazişi üzrə danışıqların tez və səmərəli yekunlaşması yolunda maneələrdən biri olan mövcud siyasi məhbus probleminin Avropa İttifaqı ilə Azərbaycan arasında insan hüquqları dialoqunun növbəti mərhələsinədək sistemli və bridəfəlik həllinə nail olunması üçün Azərbaycan hökumətilə daha intensiv və səmərəli işçi təmasın qurulmasına çağırır.

Milli Platformanın 70 üzvü var. Onlardan 28-i, əsasən ictimai-siyasi fəallar bu bəyanata imza atıb.

Ana səhifəXəbərlərMilli Platforma üzvləri Azərbaycan hakimiyyətinə və Avropa İttifaqına çağırış etdi