Milli Onkologiya Mərkəzi

Mənbə: meydan tv

Başlıq: Milli Onkologiya Mərkəzi

Milli Onkologiya Mərkəzinə ayrılan vəsaitin artırılması təklif edilir

"Onkoloji xəstələrin sayı ilbəil artır, hər ay 1200 nəfər müraciət edir"

"Onkoloji xəstələrin sayı ilbəil artır. Müasir dərman vasitələri çox bahadır. Buna görə də dövlət büdcəsindən əlavə vəsaitin ayrılmasına ehtiyac var”.

Milli Məclisin Səhiyyə komitəsinin sentyabrın 18-də keçirilən iclasında komitənin sədr müavini Musa Quliyev deyib.

O bildirib ki, 2019-cu ildə onkoloji xəstələrin müalicəsi üçün dövlət büdcəsindən 30 milyon manat ayrılıb. Millət vəkili bu vəsaitin artırılması üçün hökumətə müraciət etməyi təklif edib.

O, bəzi dərman vasitələri ilə bağlı qeydiyyatın sadələşdirilməsini və onkoloji xəstəliklərlə bağlı müəyyən dərmanların apteklərdə açıq satışının təşkilinə icazə verilməsini də təklif edib.

Deputat, Azərbaycan Milli Onkologiya Mərkəzinin baş direktorunun müavini Kəmaləddin Qafarov da bildirib ki, Mərkəzə ayda 1200 nəfər müraciət edir. Son illər Milli Onkologiya Mərkəzinin texniki imkanlarının genişləndiyini deyən deputat bildirib ki, genişlənmiş sahənin saxlanılması üçün əlavə vəsait lazımdır:

"Dərman, servis və s. məsələlər 5 il öncəki büdcə ilə tənzimlənir. Yəni büdcə 5 il əvvəl necə idisə, indi də elə qalır. Burada avadanlıqların saxlanılması və s. xərclər üçün 5 qat artıq büdcə lazımdır. Yəni burada 20-30 faiz artımla nəsə etmək çətin olacaq”.

K.Qafarov tibb sahəsinin əlavə dəyər vergisindən (ƏDV) azad edilməsinin də vacib olduğunu bildirib: “Ümid edirəm ki, bu məsələyə baxılacaq".

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, mətbuatda bəzi şəkərli diabet xəstələri üçün dərman çatışmazlığı barədə məlumatlara rast gəlinir: “Bunun obyektiv səbəbi var, çünki belə xəstələrin sayı ilbəil artır. İnsanlar arasında ən böyük ölüm yaradan onkoloji xəstəliklərlə bağlı da Milli Məclisdə dinləmələrin keçirilməsi nəzərdə tutulur. Bu sahədə ən böyük problem odur ki, şiş əleyhinə dərmanlar, xüsusilə ən müasir dərmanlarla bağlı çatışmazlıqlar var”.

O qeyd edib ki, münasib vaxt çatdıqda “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Komitə iclasında çıxış edən deputat Qənirə Paşayeva məktəblilər arasında skolioz və kifoz xəstəliklərinin təhlükəli həddə artdığını deyib: "Bu il 25-ə yaxın məktəblini mən müəyyən xəstəxanalara yerləşdirmişəm. İki nəfər şagirdə əməliyyat lazım idi və bu əməliyyatlar da həddindən artıq bahalıdır”.

Bu xəstəliklərin gələcək üçün acı nəticələr doğuracağını deyən deputat məsələ ilə bağlı Təhsil və Səhiyyə nazirlikləri ilə birgə dinləmələr keçirilməsini təklif edib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/qmtk3f

Ən çox baxılan