Gültəkin Hacıbəyli: “Xaricdən təzyiqlər artıb, hətta ölkə Şimali Koreya ilə müqayisə olunur”
Milli Məclisdə xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiya yaradılıb.
Bu barədə qərar sentyabrın 30-da parlamentin iclasında qəbul edilib.
Komissiyanın sədri deputat Ramid Namazov təyin edilib.
Komissiya xarici müdaxilələr və hibrid təhdidlər ilə bağlı hallara dair hesabatlar və həmin müdaxilələrin qarşını alması üçün təkliflər hazırlayacaq.
“Turan”ın yazdığına görə, komissiya xarici müdaxilələr və hibrid təhdidlər barədə ictimaiyyətin məlumatlandırılması məqsədilə bəyanatlar verə, zəruri hallarda müvafiq istiqamətlər üzrə ictimai dinləmələr keçirməyə, aidiyyəti icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları ilə əməkdaşlıq əlaqələri qura, komitələrin qanun layihələrinə dair müvafiq müzakirələrində iştirak edə bilər.
Komissiyanın müvəqqəti olması maraq doğurduğundan bir sıra suallar yaranır: bu komissiyanın yaranması nəyə hesablanıb? Ümumimiyyətlə, Milli Məclis bu işlərlə məşğul olmalıdırmı? Qonşu ölkələrin parlamentlərində bu adda hansısa komissiyalar fəaliyyət göstəririmi?
“Hazırda dünyada rəqəmsal avtoritarizm genişlənib”
Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı komissiyanın yaradılmasına 3 baxış bucağından baxılmasını vacib sayır.
Qasımlı deyir ki, son illər dünyadakı siyasi proseslər cinayətlərin vüsət almasını sürətləndirir:
“Bu da bir çox ölkələrə qarşı təhdiddir. Məsələn, ABŞ seçkilərinə müdaxilədə bunu gördük, yaxud son bir neçə həftədə İsrailin HƏMAS və “Hizbullah”a qarşı münasibətlərində. Eyni zamanda, terrorçu qruplar da bundan istifadə edir. Həqiqətən də, belə problemlər var. Ancaq Azərbaycan iqtidarı bu komissiyanı yaradanda məqsədi heç də milli təhlükəsizlikdən irəli gəlmir. Məqsəd hakimiyyəti möhkəmləndirib və ötürməkdir”.
Ekspert hesab edir ki, avtoritar rejimlər artıq texnologiyaları əllərində alətə çeviriblər:
“Sosial şəbəkələri nəzarətdə saxlamaqla müxtəlif vasitələrə əl atırlar, həmçinin İsraildən aldıqları avadanlıqlarla özlərinə müxalif şəxslərı, siyasi fəalları dinləmək üçün istifadə edirlər. Yəni daha çox daxili siyasətdə istifadə edirlər. Hazırda dünyada rəqəmsal avtoritarizm genişlənib. Nəzərə alın ki, hakimiyyət rəqəmsal avtoritarizmi quran Çinlə strateji tərəfdaşlığa dair müqavilə imzalayıb. Çin bu gedişatda böyük yol qət edib, deməli, sosial kredit sistemi formalaşdırıblar, insanlara “bal” verib hüquqlarını pozurlar. Hazırda Çin dijital, rəqəmsal diktatura qurmaqdadır və ixrac etməyə başlayıb. Məsələn, Misir, Filippin, Səudiyyə Ərəbistanı ölkələrinin məmurları üçün treyninq keçirlər. Yəni ölkədə kibercinayət adı ilə ört-basdır edərək insanları total nəzarətə götürürlər. Azərbaycan avtoritarizmi də sərt forma alır və Çinlə əməkdaşlığı gücləndirməklə rəqəmsal avtoritarizmə doğru gedir. Ona görə Milli Məclisdə belə komissiyaya müvəqqəti adı vermək gözdən pərdə asmaqdır”.
Qasımlının qənaətincə, bu, Milli Məclisin sahəsi deyil və qanunverici orqan belə işlərlə məşğul olmamalıdır:
“Bu, dövlət təhlükəsizlik orqanlarının sahəsidir. Lakin Milli Məclisdə qanun qəbul olunmalıdır ki, sonra icraedici strukturlar da qanun çərçivəsinə fəaliyyət göstərsinlər. Bir şeyi müsbətdir ki, bunu açıq edirlər, gizlətmirlər. Hökumətin Çinlə bu sahədə əməkdaşlıq etdiyinə şübhə etmirəm”.
Azər Qasımlı qonşu ölkələrin qanunverici orqanlarında bu cür komissiyaların olması barədə konkret məlumata malik olmadığını deyib:
“Mənim qarşıma belə komissiya çıxmayıb, özü də müvəqqəti. Ancaq avtoritar, totalitar rejimləri araşdırmaq olar. Bildiyim qədər Səudiyyə Ərəbistanı və Misir bu istiqamətdə çalışır, hətta Çin onların məmurlarına təlimlər də keçib. Məsələn, Çin “İpək yolu” layihəsinin internet şəbəkəsini yaratmaq təşəbbüsü ilə çıxış edib. Bu, o deməkdir ki, Cənubi Qafqazdan da keçməklə rəqəmsal avtoritarizmə xidmət edən sistem qurmağı planlaşdırılar. Səhv etmirəmsə, 2024-cü ilin martında Gürcüstan da Çinlə strateji tərəfdaşlığa dair saziş imzalayıb. İvanaşvili hakimiyyəti Alasaniyada ABŞ şirkətinin nəzarətində olan liman alıb Dünya Bankının “qara siyahısı”nda olan Çinin Kommunist Partiyasının nəzarətindəki şirkətə verdilər. Yəni Azərbaycan tək deyil, Gürcüstan da bu prosesin içindədir və ümumi prosesin tərkib hissəsidir”.
“Bu komissiya hakimiyyətin qarşıdan gələn təzyiqlərə ön hazırlığıdır”
Demokratik Qüvvələrin Milli Şurasının beynəlxalq məsələlər üzrə koordinatoru Gültəkin Hacıbəyli hesab edir ki, parlament xalq təmsilçiliyi orqanı olduğundan millətin taleyinə təsir edən istənilən məsələni müzakirə edə bilər:
“Normal ölkələrdə belədir. Məsələn, Böyük Britaniya parlamentində elə məsələ yoxdur ki, müzakirəyə çıxarmasınlar. Hətta hüquqda Böyük Britaniya parlamenti haqqında belə bir deyim də var ki, bu parlament hər şeyə qadirdir, təkcə kişini qadına, qadını kişiyə çevirməkdən başqa. Yəni parlamentlərdə təhlükəsizlik məsələləri müzakirə olunur. Ancaq söhbət demokratik ölkənin yox, Azərbaycanın Milli Məclisindən gedir ki, bu orqanın deputatları lazım olan zamanda addımlar atmayıblar. Konkret olaraq, 30 il Azərbaycan əraziləri işğal altında qalanda yalnız bir dəfə – 2000-ci ildə Qarabağ məsələləsini müzakirə ediblər, amma bununla bağlı komitə yaratmayıblar, halbuki təhlükəsizlik məsələsi idi. Yaxud Azərbaycanla bağlı Ermənistan, İran və Rusiyadan qaynaqlanan təhdidlər olub, lakin bunların heç biri ilə bağlı parlamentdə müzakirələr də aparılmayıb, komitələr də yaradılmayıb. İndi kimsə dünyanın çox qarışıq dönəmə daxil olduğunu, şimalda Rusiya-Ukrayna savaşı, güneydə İran-İsrail münasibətlərinin müharibə həddində olmasını əsas gətirə bilər. Elə hakimiyyət də komissiyanı beynəlxalq amillərlə bağlayacaq. Ancaq parlamentdə müzakirəyə çıxarılan təhlükələr milli maraqlardan daha çox hakimiyyətin öz maraqları ilə bağlı olacaq”.
“Son zamanlar Azərbaycana Qərbdən təzyiqlərin artdığını görürük. Dünən AŞPA-da birmənalı olaraq Azərbaycanda legitim hakimiyyətin olmadığı haqda fikirlər səsləndirildi. Hətta utancverici bir fikir deyildi ki, prezident və parlament seçkiləri Şimali Koreya seçkilərindən fərqlənmir. O cümlədən, ABŞ Konqresində də oxşar müzakirələr oldu. Düzdür, bunların hamısında Qarabağ komponenti də var, yəni məhz haqsız iddialar bu məsələ ilə bağlıydı. Bu, Qərbin özünün də maraqlarına da zərbədir, çünki bu ritorika demokratik dünyanı haqsız çıxarır. Bütövlükdə götürdükdə hakimiyyətin avtoritarzimdən diktaturaya keçidinə bir cavabdır. Görünən odur ki, dünya birliyi bu gedişata biganə qalmaq istəmir, artıq Avropa Parlamentindən Azərbaycanla bağlı sanksiya təhdidləri eşidilir. Nəzərə alanda ki, demokratiya və insan haqlarının durumunda Azərbaycandan irəlidə olan Gürcüstan hökumətinin və parlamentinin bir çox üzvlərinə, həmçinin İvanaşvili ailəsinə bu sanksiyalar tətbiq edilir. Görünür, bunlar rəsmi Bakını da narahat edir. Hakimiyyət də anlayır ki, artıq rejimə qarşı sanksiyalar gündəmə gələ bilər. Ona görə bu komissiya ölkənin maraqlarına təhdid kimi təqdim etmək məqsədi ilə yaradılıb”, – deyə Hacıbəyli qeyd edib.
Komissiyanın müvəqqəti olduğuna gəlincə, Hacıbəyli deyir ki, ölkəyə davamlı, permanent təhdid ola bilməz, ona görə bu qurum hakimiyyətin qarşıdan gələn təzyiqlərə ön hazırlığıdır.
O bildirib ki, Azərbaycan xalqı funksional institut olaraq siyasi müstəvidən kənara çıxarıldığından, cəmiyyət də zəif olduğundan bu cür məsələlərin hesabını hakimiyyətdən soruşa bilmir:
“Biz hələ bilmirik ki, təhdid deyəndə Milli Məclis nəyi nəzərdə tutur. Təhdid geniş anlayışdır, hazırda ciddi saymasam da, İranın da Azərbaycanın ərazi bütövlüyünə təhdidi ola bilər. Ona görə ciddi saymıram, çünki güney qonşumuz özü problemlər içindədir. Yaxud siyasi məhbuslar haqqında hökm verən hakimlərin, yaxud onlara işgəncə verən Ədliyyə Nazirliyinin əməkdaşlarının sanksiya siyahısına salınmasına cavab da sayıla bilər. O baxımdan hakimiyyətin bu məqsədini tam bilməsək də, böyük ehtimalla söhbət iqtidarın maraqlarına yaranan təhdidlərdən gedir”.
“Rusiyadakı vətəndaşların ölkəyə qayıtmalarının çətinləşdirilməsinin hüquqi mexanizmləri yaradılır”
Təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu komissiyanın yaradılmasının səbəblərini ölkə başçısı İlham Əliyevin ilk iclasdakı çıxışının kontekstində axtarmağı vacib sayır:
“İllərdir ki, Əliyevin çıxışlarında “heç kim bizə təzyiq edə bilməz” deyir, eyni zamanda, xaricdən təhdidlərin olduğu barədə fikirlər səsləndirir. Amma birinci dəfəydi ki, Əliyev quru sərhədin bağlı saxlanılmasını xarici təhlükələrin olması ilə əlaqələndirdi. Nazirlər Kabineti isə 4 ildir ki, tamam başqa səbəblər göstərirdi və elə Əliyevin çıxışından sonra Əli Əsədov imzaladığı sərəncamda da karantinə görə quru sərhədlərin bağlı olduğunu qeyd etdi. Halbuki dünyada COVİD-19 çoxdan unudulub. Mən də dəfələrlə səbəbin xarici təhdidlər olduğunu demişdim. Bəli, xarici təhdidlər var, xüsusilə geosiyasi vəziyyətin qaynar olması səbəbindən bu təbiidir. Amma heç bir ölkə quru sərhərlərini bağlamaqla xarici təhdidlərlə mübarizə aparmır. Xarici təhdidlərlə mübarizə aparan müvafiq qurumlar var: müdafiə, təhlükəsizlik, sərhəd qoşunları və s. Görünür, bu məsələyə əvvəlcədən hazırlıq görülüb, komissiyanın sədri Ramid Namazov indiyə qədər Prezidentin xarici əlaqələr üzrə köməkçisinin xidmətində çalışıb. Beləliklə, Prezident Administrasiyasının funksiyalarının Milli Məclisə tədricən genişləndirilməsinin şahidi oluruq”.
Oruclu düşünür ki, xarici təhdid deyəndə hakimiyyət heç də Qərb ölkələrindəki mühacirləri nəzərdə tutmur:
“Çünki mühacirlər nəinki birləşə bilmir, hətta öz aralarında mübarizə aparırlar. Onların arasında hakimiyyətlə əməkdaşlıq edənlər də var. Türkiyədəki mühacirlərin böyük əksəriyyəti Bakıdan idarə olunur və onlar hakimiyyətə loyallıqları seçilir. Belə olan halda, “Xarici təhdidlər hardandır?” sualı yaranır. Quru sərhədlərin bağlı qaldığını nəzərə alsaq, o zaman xarici təhdidin Rusiyadan olduğunu görərik. Ancaq məsələ bir qədər fərqlidir, Rusiya siyasətini qarışdırmayaq. Rusiya ilə Azərbaycan hakimiyyətinin münasibətləri çox yaxşıdır, hətta Bakı xarici siyasətini Moskva ilə razılaşdırır. Söhbət Rusiyada işsiz qalan, diskriminasiyaya məruz qalan azərbaycanlılardan gedir ki, hakimiyyət onları təhdid sayır. Bəlkə də, haqlıdırlar, çünki ölkədə sosial-iqtisadi durum elə həddədir ki, Rusiyadan qayıdanlar yalnız işsizlər ordusuna qatılacaqlar. Bu da onların etirazçı kütləyə çevrilməsi ilə nəticələnəcək, yəni birinci səbəb budur”.
Onun fikrincə, komissiya müvəqqəti və VII çağırış Milli Məclisin dövründə fəaliyyət göstərəcəksə, deməli, söhbət hansısa hüquqi bazanın yaradılmasından gedir:
“Rusiyadakı vətəndaşların ölkəyə qayıtmalarının çətinləşdirilməsinin hüquqi mexanizmləri yaradılır. Yaxud xaricdə hökumətə müxalif olanların ölkəyə qayıdışının birdəfəlik yolunu bağlamaq məqsədi güdülür. Bilirsiniz, Rusiyada “Xarici agentlər haqqında” Qanun qəbul olunub, Gürcüstanda da oxşar qanunun yaradılması rəsmi Tbilisinin çox sərt təcridinə gətirib. Görünür, Azərbaycanda bunu başqa formada etmək istəyirlər. Mahiyyət etibarı ciddi fərq yoxdur və bunu Milli Məclis vasitəsilə edirlər. Söhbət təhdidlərdən gedirsə, bu qurum Prezident Administrasiyasında, yaxud başqa qurumların nəzdində olmalıydı. Komissiyanın adına diqqət edin: “Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiya”. Hibrid təhdid dedikdə çoxşaxəli qanunlar toplusu nəzərdə tutulur ki, bu, Azərbaycana xarici təhdidləri tam məhdudlaşdıracaq, ya da aradan qaldıracaq. Lakin bu, qeyri-mümkündür, çünki xarici təhdidlər böyük və düşmən dövlətlər tərəfindən iki formada həyata keçirilir: yumşaq və sərt güc faktoru. Birincisi vətəndaş cəmiyyətləri, diplomatik, iqtisadi yolla, bölgədə yaşayan müxtəlif əhali qrupları vasitəsilə, ikincisi isə hərbi yolla həyata keçirilir”.
Ərəstun Oruclu deyir ki, hakimiyyətin bunun qarşısını almaq üçün hansı addımları atacağı bəlli deyil:
“Lakin son zamanlar bir tendensiya görünür, ayrı-ayrı şəxslər haqda geniş şəkildə dövlətə xəyanət maddəsi tətbiq olunur. Bir çox hallarda bu maddənin tətbiqi xeyli suallar doğurur. “Tərtər işi”ni xatırlaya bilərəm. Belə çıxır ki, hökumət ölkəni xaricdə yaşayan öz vətəndaşlarından qorumaq niyyəti güdür. Bütün sadaladıqlarımın bir səbəbi var: hakimiyyətin daxili və xarici fəaliyyəti uğursuz olub. Bilirlər ki, Rusiya-Ukrayna müharibəsi sonda miqrantların dönüşünə səbəb olacaq, bunun qarşısını almaq üçün indidən profilaktik tətbirlər görmək istəyirlər. Nə dərəcədə effektiv olacaq, bunu demək çətindir. Ancaq bilin ki, istənilən absurd qanunu qəbul edəcəklər və bu, hökumətin götürdüyü beynəlxalq öhdəliklərə cavab verməyəcək, əvvəllər qəbul etdikləri qanunları da pozacaqlar. Bir daha deyirəm, bu, vəziyyəti xilas etməyəcək, çünki sosial-iqtisadi vəziyyət ağırdır, heç düzəlməyəcək də. İkinci, vətəndaşların elementar hüquqları təmin olunmayınca, qanunun aliliyi əsas götürülməyincə, nəhayət, aydın hədəfləri olan xarici siyasət həyata keçirməyincə Azərbaycana daxildən və xaricdən təhdidlər də artacaq, bununla da mübarizə aparmaq mümkün olmayacaq”.