“Hökumət 2014-cü ilə nisbətən 2015-ci ildə qeyri-neft sektoru üzrə daxilolmaların təxminən 500 milyon manat artaçağını proqnozlaşdırır və bu da kifayət qədər probemli görünür”
Müstəqil iqtisadçı Rövşən Ağayev Milli Məclisə təqdim olunan büdcə layihəsinin ətraflı təhlilə ehtiyac olduğunu bildirsə də, riskli bir büdcə kimi qiymətləndirib. O, bu barədə öz Facebook səhifəsində yazıb.
Rövşən Ağyaev yazır ki, hökumət büdcə hesablamaları üçün neftin qiymətini 90 dollar götürüb: “Halbuki BVF-nun qlobal iqtisadiyyatın yaxın perspektivləri (2014-2016-cı illər) ilə bağlı verdiyi bədbin proqnozlar, Beynəlxalq Energetika Agentliyinin neft bazarında tələbin azalacağı ilə bağlı proqnozları, İrana qarşı sanksiyaların azaldılması, ABŞ-ın neft-qaz idxalından imtina edərək özünün ixracatçı ölkəyə çevrilməsi, neftin qiymətinin azaldılması ilə bağlı ABŞ və Səudiyyə Ərəbistanı arasında sövdələşmənin əldə edilməsinə dair məlumatların dolaşması fonunda neftin qiymətinin 70-80 dollar intervalında qərarlaşacağı ilə bağlı rəylər üstünlük təşkil edir. İkincisi, neft gəlirlərinin azalma riskinin böyük olduğu bir vaxtda 2014-cü ilə nisbətən 2015-ci il büdcə gəlirləri 1,054 milyard manat (5.7 faiz) artımla proqnozlaşdırılır. Öz növbəsində Neft Fondunun transfertlərinin 1.051 milyard artımı nəzərdə tutulur. Transfertlərin ümumi həcmi 10.388 milyard manat proqnozlaşdırılır. Üçüncüsü, hökumət 2014-cü ilə nisbətən 2015-ci ildə qeyri-neft sektoru üzrə daxilolmaların təxminən 500 milyon manat artaçağını proqnozlaşdırır və bu da kifayət qədər probemli görünür”.
Rövşən Ağayevin sözlərinə görə, layihədə gəlirlərə adekvat olaraq xərclərin də artımı nəzərdə tutulur – 1.037 milyard manat və ya 5.2 faiz. Artımların 90 faizə qədəri tikinti (təxminən 670 milyon manat artır), müdafiə (141 milyon manat artır), səhiyyə (52 milyon manat artır). Yerdə qalan xərc istiqamatələri üzrə artım ümumilikdə 174 milyon manat təşkil edəcək.
Onun həmkarı, Müsavat Partiyasının üzvü Qubad İbadoğlu da layihə barədə öz fikirlərini Facebook-da bölüşüb. Onun sözlərinə görə, 2015-ci ilin büdcəsinin açıqlanan parametrləri ilə tanışlıq göstərir ki, hökümətin hələ də aydın və sabit fiskal siyasəti yoxdur və bu hakimiyyət hələ də iştahla neft gəlirlərini “yemək”lə məşğuldur.
Qubad İbadoğlu bildirib ki, ötən ilin büdcəsi təsdiq olunan zaman açıqlanan orta müddətli makroiqtisadi proqnozlara görə, növbəti 3 ildə büdcənin xərclərinin hər il orta hesabla 2,36 faiz azaldılması nəzərdə tutulurdu, lakin, ona əməl olunmayaraq gələn il üçün proqnozlaşdırılan büdcə xərcləri bu illə müqayisədə 5,2 faiz artırılıb: “Bunu şərtləndirən başlıca dəyişiklik tikintiyə yönələcək xərclərin gələn il bu illə müqayisədə 670 milyon manat artırılması olub. Kurs dəyişikliyini təsdiq edən digər fakt isə Dövlət Neft Fondundan transferlərin bu il əvvəlki illə müqayisəd 17 faizdən çox azaldılmasına baxmayaraq, gələn il bu ilə nisbətən 11,4 faiz artırılmasıdır. Bunlar əsasən 2 səbəbdən baş verir: Birincisi inveztisiya büdcəsinin səmərəliliyinin aşağı olmasına görə onun ildən ilə artırılmasına baxmayaraq, infrastruktur problemlərinin həll edilə bilməməsi, ikincisi isə qeyri-neft sektorunun vergi potensialından istifadə səviyyəsinin aşağı olması, xüsusilə də siyasi hakimiyyətin nəzarətində olan iri vergi ödəyicilərinin vergidən kütləvi yayınması”.
İqtisadçının sözlərinə görə, növbəti ilin büdcə parametrlərinin qiymətləndirilməsi göstərir ki, hökümət yenə də zəruri fiskal qaydalar yaratmadan və hətta olanlara əməl etmədən neft gəlirlərinin sürətli xərclənməsi siyasətini davam etdirmək əzmindədir. Xüsusilə də yığıma gedən vəsaitin azaldılmasına gətirib çıxaran bu siyasət gəlirlərin nəsillərarası ədalətli bölüşdürülməsi ilə bağlı hökümətin strategiyasına ziddir.