Milli Məclisdə Nəcməddin Sadıkovun mühakiməsi tələb olundu

Nəcməddin Sadıkov. Foto: Azərtac

“Günahsız ölən zabit və əsgərlərimizin haqqını geri qaytaraq”

“Keçmiş Baş qərargah rəisi Nəcməddin Sadıkov mühakimə edilməlidir”.

Bunu dekabrın 23-də Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa Milli Məclisin iclasında səsləndirib.

Xəbəri”modern.azyayıb.

“Bizdə deyirlər ki, gedənin arxasından danışmaq olmaz, amma bu vacibdir. Hüquq-mühafizə orqanları açıq-aşkar keçmiş Baş qərargah rəisi Nəcməddin Sadıkovu mühakimə etməlidirlər”, – deyə deputat bildirib.

Onun sözlərinə görə, orduda təmizlənmə aparılmalıdır: “Biz nahaqdan günahsız ölən zabit və əsgərlərimizin haqqını geri qaytaraq. O baxımdan da bu proseslərə daha məsuliyyətli yanaşmalıyıq. Ordumuzun təmizlənməsi istiqamətində işlərə baxmalıyıq”.

O, ötən gün Türkiyənin Prezident kitabxanasında keçirilən sərgini xatırladaraq əlavə edib ki, Prezident İlham Əliyev Şuşanın azad olunması ilə bağlı təqdim olunan planı geri çevirib və başqa planla Şuşanı azad edib:

“Bəlkə də, aprel döyüşlərində də bəzi planlardan xəbəri olsaydı, o bunu geri çevirərdi, bu qədər əsgər və zabitimiz günahsız həyatını itirməzdi”.

Nəcməddin Sadıkov 2021-ci ilin yanvarında ordu sıralarından ehtiyata buraxılıb.

Deputat Fazil Mustafa
Foto: Meydan TV

Müdafiə Nazirliyinin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun adı müharibə bitəndən sonra nazirliyin rəsmi saytının struktur bölməsindən çıxarılmışdı.

44 günlük müharibə zamanı Nəcməddin Sadıkovun Füzuli rayonunun Şükürbəyli kəndində saxlanıldığı və Bakıya gətirilərək vəzifəsindən kənarlaşdırıldığı haqda məlumat yayılmışdı.

O, 1993-cü ildən Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi vəzifəsində olub.

Tərtər işi”nin mahiyyəti nədir?

2017-ci il mayın 7-də Azərbaycanın hüquq-mühafizə orqanları Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxsin həbs edilməsi ilə bağlı məlumat yayıblar.

“Tərtər işi” kimi tanınan bu işdə hərbi qulluqçular vətənə xəyanətdə ittiham olunublar.

Sonralar istintaq və dindirilmələr zamanı 11 şəxsin “vətənə xəyanət” adı ilə işgəncələr nəticəsində öldürüldüyü aşkarlanıb.

“Tərtər işi” həm Azərbaycanda, həm də beynəlxalq müstəvidə müzakirələrə səbəb olub.

İşgəncələrə Qarşı Ümumdünya Təşkilatının (OMCT) 2021-ci ildə yaydığı məlumata görə, çoxlu işgəncə halları olan bu hadisələrdə ən az 78 nəfər saxlanılıb və 25 nəfər qapalı keçirilən məhkəmələrdə 12 ildən 20 ilədək həbs cəzasına məhkum edilib.

2021-ci ildə həmçinin İşgəncə Qurbanlarına Dəstək Günü ərəfəsində Avropa Şurası Parlament Assambleyasının 24 üzvü Azərbaycanda işgəncələrin araşdırılması təşəbbüsü ilə çıxış edib.

Sənəd müəllifləri “Tərtər işi”ndə miqyaslı işgəncələr faktı ilə əlaqədar araşdırmaların zəruriliyini vurğulayıblar.

Onlar bildiriblər ki, 1000-dən çox hərbçi və mülki şəxs casusluqda və dövlət xəyanətində şübhəli bilinərək saxlanılıb.

Onlardan 200 nəfərdən çox şəxsə cinayət işi açılıb, çoxu işgəncələrə və qeyri-insani rəftara məruz qalıb, 11 nəfər isə həlak olub.

Zərərçəkmişlərin ailələrinin və yerli hüquq müdafiəçilərinin uzun illər davam edən etirazlarından sonra 2021-ci ilin dekabrında “Tərtər işi” ilə bağlı yeni istintaq başlanıb.

Məlum olub ki, həbs olunan və öldürülən şəxslərin heç birinin günahı sübuta yetirilməyib.

Yenidən istintaq başlayandan sonra işgəncə və başqa qanunsuz hərəkətlərə məruz qalmış 280 nəfər zərərçəkmiş qismində tanınıb.

Baş Prokurorluq isə yaydığı açıqlamada bildirib ki, əvvəlki dövrdə zərərçəkmiş kimi cəlb olunanlarla birlikdə hazırda ümumilikdə 397 nəfər zərərçəkmiş var.

Prokurorluğun 2022-ci il dekabrın 6-dakı son məlumatına görə, dövlətə xəyanət ittihamı üzrə həbs edilənlərdən 19 şəxsin təqsirləri sübuta yetirilmədiyindən cinayət təqibinə bəraətverici əsaslarla xitam verilib.

Ana səhifəSiyasətMilli Məclisdə Nəcməddin Sadıkovun mühakiməsi tələb olundu