“Onlara heç olmasa deputat təqaüdü vermək, sosial durumlarını yaxşılaşdırmaq olar”
“Azərbaycanın dövlətçilik tarixinə nəzər saldıqda cəmi 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti digər dövlətlərin 100 illər ərzində edə bilmədiyini çox az müddətə sığdıraraq edə bilmişdi”.
Bu fikirləri Milli Məclisin 11 oktyabr tarixli iclasında “Müstəqillik Günü haqqında” qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı deputat Nizami Səfərov səsləndirib.
“Oktyabrın 18-də Müstəqillik Aktına səs verən deputatlara xüsusi imtiyaz verilsin”
Nizami Səfərov bildirib ki, yeni dövlət idarəçilik formasının təşkili, beynəlxalq siyasətdə sülhpərvər siyasətin təbliği və həyata keçirilməsi, bütün xalqların bərabər yaşamasının təmin edilməsi, müsəlman dünyasında ilk dəfə olaraq kişilərlə bərabər qadınlara seçki haqqının tanınması AXC-nin atdığı əsas addımlardandır:
“Əfsuslar olsun ki, milli dövlətçilik sisteminin inkişafı həmin dövrdə məlum hadisələrə görə davam edə bilmədi. Ancaq bütün bunlar Azərbaycan xalqının əzmini qıra bilmədi. 1991-ci ildə Azərbaycan müstəqilliyi bərpa etdi. 1991-ci ilin iyun ayında Bakıya qayıdan Heydər Əliyev dövlət müstəqilliyinin itirilməsinin qarşısını aldı“.
Deputat Razi Nurullayev “Müstəqillik Günü“nün adı dəyişdirilməsi ilə bağlı ciddi manipulyasiyalar aparıldığından narahatlığını ifadə edib:
“Bu, elə məsələdir ki, burada müxalifət-iqtidar söhbəti olmamalıdır. Bu, hamımızındır. Dünyada “Müstəqillik Günü” və “Müstəqilliyin Bərpası Günü” anlayışı var. Müstəqillik Günü ilə bağlı manipulyasiya etmək istəyənlər doğru yolda deyillər”.
R.Nurullayev təklif edib ki, oktyabrın 18-də müstəqillik aktına səs verən deputatlara xüsusi imtiyaz verilsin.
Deputat Elşad Mirbəşir 8 noyabr tarixinin də dövlət müstəqilliyi ilə əlaqələndirməyin yollarının axtarılmasını vacib sayıb:
“8 noyabr bizə dövlət müstəqilliyinin əsas komponentlərindən birini – ərazi bütövlüyünü qaytarmış oldu”.
“Əvvəllər bu məsələlərə mane olan adamlar var idi, indi yoxdur”
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı qeyd edib ki, 1918-ci ildə Şərqdə ilk müstəqil Azərbaycan Respublikası yaranıb:
“1991-ci ildə isə bunu bərpa etmişik. 1991-ci ilin 18 oktyabrında Müstəqillik Aktını qəbul edəndən sonra foto çəkdirmişdilər. Onda jurnalistlərə demişdim ki, bu, mənim həyatımın ən xoşbəxt günüdür. Cəmi 43 nəfər SSRİ-yə yox demişdi. Naxçıvan MR isə ümumiyyətlə referendum keçirməmişdi. Sonradan o 43 nəfərə özünü qoşmaq istəyən çox olmuşdu. Hesab edirəm ki, hər iki bayram çox yüksək səviyyədə qeyd olunmalıdır. Müstəqilliyin bərpası ilə bağlı müzakirələrdə iştirak etmiş adamların qədrini bilməliyik. Onlara heç olmasa deputat təqaüdü vermək, sosial durumlarını yaxşılaşdırmaq olar. Digər təklifim isə 18 oktyabrın qeyri-iş günü olmasıyla bağlıdır”.
VHP sədri Nuru Paşaya abidə qoyulmasını da təklif edib: “Ya da Türküstan Ordusuna abidə qoyulmalıdır. Yaxud Nargin adasına niyə diqqət yetirilmir? Orada niyə abidə qoyulmur? Əvvəllər bu məsələlərə mane olan adamlar var idi, indi yoxdur. Ona görə də bu məsələlərə diqqət ayrılmalıdır”.
“İstiqlalçı deputatların alçaldılmasını qəbul etmirəm”
Deputat Əli Məsimli 18 Oktyabrın qeyri-iş günü kimi qeyd edilməsini istəyib:
“Ümumiyyətlə, 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününün və 28 May – Müstəqillik Gününün bayram kimi qeyd edilməsi məsələsinə aydınlıq gətirmək lazımdır. Hazırkı qanunvericilik aktlarına görə, 18 Oktyabr iş günü, 28 May qeyri-iş günü kimi qeyd olunur. Bu bayramlar arasında fərq qoyulmasını düzgün hesab etmirəm. 18 Oktyabr – Dövlət Müstəqilliyi Gününün hər il dövlət bayramı kimi qeyd edilməsi ilə bağlı fərman var, amma bu günü qeyri-iş günü kimi qeyd etmirdik. Bunu bərpa etməliyik və 18 Oktyabrı da qeyri-iş günü kimi qeyd etməliyik”.
Yeni Azərbaycan Partiyasının üzvü, deputat Siyavuş Novruzov bildirib ki, AXC-Müsavat cütlüyünün əməlləri nəticəsində Azərbaycan öz müstəqilliyini ən gec elan edən ölkələrdən biri olub:
“Ümummilli lider Heydər Əliyev Naxçıvanın SSRİ-dən ayrılmasına nail olub. Oktyabrın 18-də bizim hansısa bəyanatımız, müraciətimiz olacaqsa, bu hissə də nəzərə alınmalıdır. Ümummilli lider parlamentdə müstəqilliyin bərpasına çalışan ilk insanlardan olub. O vaxtkı dövrdə iki səsvermə olub. Bu gün özünü istiqlalçı deputat hesab edənlər bütövlükdə müstəqilliyin bərpasına səs verməyən deputatları qeyri-istiqlalçı deputat hesab edirlər. Tarix gələcəyə düzgün çatdırılmalıdır”.
Hakim partiya üzvünün çıxışına reaksiya verən həmkarı Vahid Əhmədov deyib ki, 1991-ci il oktyabrın 18-də Azərbaycanda “Müstəqillik Haqqında Konstitusiya Aktı” qəbul edilib:
“Burada bəzi deputatlar qeyd edirlər ki, Azərbaycan MDB-də müstəqilliyini ən gec bərpa edən ölkələrdən biridir. Bəzi deputatlar o zaman çıxış edirdilər ki, Azərbaycan müstəqilliyini bərpa etsə, öz-özünü dolandıra bilməyəcək. İndi burada danışmaq çox asandır. Bu zalda referendumla əlaqədar 43 deputat səs verdi ki, SSRİ ləğv edilsin. Onlardan biri də ulu öndər Heydər Əliyev idi. İndi durub SSRİ-nin saxlanılmasının əleyhinə səs verən istiqlalçı deputatların alçaldılmasını qəbul etmirəm”.
“Bu layihəni təkcə adla bağlamaq lazım deyil”
Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli ümid edib ki, Nazirlər Kabineti müvafiq qərar qəbul edərək 18 oktyabrın da qeyri-iş günü hesab edəcək.
O bildirib ki, cəmiyyətdə müxalifət cəbhədə olanların müstəqilliyi dövlət əleyhinə hadisəyə çevirməsi heyrət yaradır:
“Dünyanın əksər ölkələrində Müstəqillik Günü qeyd olunur. Respublika Günü çox az ölkələrdə qeyd olunur. Bu layihəni təkcə adla bağlamaq lazım deyil”.
YAP-çı deputat Aydın Mirzəzadə son vaxtlar İran-Azərbaycan münasibətlərinə toxunaraq qarşı tərəfi suçlayıb:
“İranlı deputatlar, rəsmilər, hətta generalların Azərbaycana qarşı təhdidləri səngimək bilmir”.
Aydın Mirzəzadə qeyd edib ki, bir neçə ay əvvəl həmkarı Bəhruz Məhərrəmov İranla bağlı fikrini deyəndə deputatlar onu məzəmmət edib:
“Amma bu gün İran parlamentində Azərbaycanın müstəqilliyi şübhə altına alınır. Heç bir İran generalının təhdidi Azərbaycanı qorxutmayacaq. İranın etdikləri ilk növbədə özünə ziyandır”.
Spiker Sahibə Qafarova Aydın Mirzəzadənin söylədiklərinə qısa cavab verib:
“Bəhruz Məhərrəmova parlamentin reaksiyası Azərbaycanın dostluq, humanitar siyasətinin davamı idi”.
Yeni qanun layihəsinə əsasən, 28 May Respublika Gününün Müstəqillik Günü kimi qeyd edilməsi, 18 Oktyabr – Dövlət Müstəqilliyi Gününün isə Müstəqilliyin Bərpası Günü kimi adlandırılması nəzərdə tutulur. Layihə I oxunuşda qəbul olunub.