”Kim bundan narahat olursa, çalışıb nöqsanı aradan qaldırsın”
Parlamentin sentyabrın 30-da keçirilən plenar iclasında deputatlar internet mediasından şikayətləniblər.
Hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat Məlahət İbrahimqızı internet mediasını məzmununa görə tənqid edib.
“Dünyanın heç bir yerində internet üzərindən dövlət başçılarını “belə təhqir etmirlər””
O, Meydan TV və “Facebook”-dakı “Sancaq” səhifəsinin məzmunundan şikayətlənib. Deyib ki, onlar ölkə başçısı haqqında qərəzli məlumatlar paylaşırlar:
“Mən o yazıların hamısını “screen shot” etmişəm. İndi internet televiziyaları ilə bağlı qərar qəbul edə bilmirlər. Çünki qanunda bu məsələylə bağlı boşluq var. Payız sessiyasının gündəliyinə internet üzərindən yayımlanan televiziyaların tənzimlənməsi ilə bağlı qanun layihəsinin salınmasını təklif edirəm”, deyən depuatat görə, dünyanın heç bir yerində internet üzərindən dövlət başçılarını “belə təhqir etmirlər”.
Məlahət İbrahimqızının internetin tənzimlənməsi ilə bağlı təşəbbüsünün sessiyada müzakirəsi dəstəklənməyib.
“Saxta seçkiləri çəkib göstərmək cinayətdir bəyəm?”
Adı parlamentdə hallandırılan “Sancaq” səhifəsinin idarəedicilərindən olan Mehman Hüseynov deputata cavab verib: ““Sancaq” satılmış televiziyalardan və ya su borusu deyil ki, onu açıb, bağlayalar. ”Sancaq”ı bağlamaq üçün gərək, ümumiyyətlə, interneti kəsəsiniz”.
Bloqçu daha sonra sual edib: “Deyirsiz ki, məmurların zibillərini açıb yayırıq. Məmur özbaşınalığını, ölkədə olan qanunsuzluğu, rüşvətxorluğu, saxta seçkiləri çəkib göstərmək cinayətdir bəyəm?”
“Yaxşı olar ki, millət vəkili həmin eyiblərin aradan qaldırılmasına çalışsın”
Meydan TV direktoru Emin Milli isə deyib ki, Meydan TV jurnalist prinpislərinə hörmətlə yanaşır və heç vaxt efirində təhqirə yol verməyib:
“Biz ancaq tənqid edirik və nöqsanları qabardırıq. Kim bundan narahat olursa, çalışıb nöqsanı aradan qaldırsın. Güzgünü sındırmaqla eybi gizlətmək olmur. Yaxşı olar ki, millət vəkili həmin eyiblərin aradan qaldırılmasına çalışsın”.