Milli Məclisdə çimərliklərin hasarlanmasına etiraz edilib

“Təbiətin bizə bəxş etdiyi dənizdən hamı istifadə edə bilməlidir”

Source:


“Təbiətin bizə bəxş etdiyi dənizdən hamı istifadə edə bilməlidir”

“Qanunda “İctimai çimərlik” anlayışı yoxdur. Azərbaycanda isə çimərliklərin çoxu özəldir. Qanun qadağan etmirsə, deməli, özəl şirkətlər hasar çəkə biləcəklər. Hasarlanmış xüsusi dövlət mühafizəsində olmayanları necə edəcəklər? Hərəsindən bir kubik çıxaracaqlar ki, dənizin sahili görünsün? Bu qanunda dolaşıqlıq yaranıb. Özəllərin üstündən keçilib”.

Deputat Fazil Mustafa bu iradı mayın 30-da Milli Məclisdə Torpaq Məcəlləsinə edilən dəyişikliklərin təklifi zamanı səsləndirib.

Həmkarı Çingiz Qənizadə onun bu fikirlərini dəstəkləyib. O, yay fəslinin yaxınlaşdığını və insanlara çimərliklərdən istifadə üçün şərait yaradılmalı olduğunu deyib: “Hər kəs imkanından asılı olmayaraq təbiətin bizə bəxş etdiyi dənizdən istifadə edə bilməlidir”.

“Ölkə başçısının tapşırığına əsasən insanların çimərliklərə rahat girişinə şərait yaradılmalıdır”, – bu fikirləri isə deputat Qənirə Paşayeva səsləndirib. O, dəniz sahillərindəki hasarların sökülməsinin vacib olduğunu deyib:

“Dənizə gedən yollardakı maneələr aradan qaldırılmalıdır”.

Dəyişiklikdə ictimai çimərliklərdə sahilboyu 20-50 metrlik zolağın altında olan torpaq sahəsinin dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu və digər üsullarla bağlanmasına yol verən hallar nəzərdə tutulub.

Hasar və ya bağlanma üçün istifadə edilən tikinti konstruksiyaları qəfəsli olmaqla, sahil tərəfdən dənizin və onun sahilində su ilə qurunun təmas xəttinin görünməsini məhdudlaşdırmamalıdır. Hasarın və ya tikinti konstruksiyasının sahilboyu uzunluğunun hər 200 metrindən bir dövlət sərhədi mühafizəsinin təmin olunması məqsədilə nəqliyyat vasitələrinin hərəkəti üçün yetərli, eni 6 metrdən az olmamaq şərtilə sahilə birbaşa keçid təmin olunmalıdır.

Deputatların çıxışından sonra spiker Oqtay Əsədov qanunda müəyyən boşluqlar olduğunu, bu səbəbdən təklif edilən dəyişikliyin saxlanılaraq gələn dəfə müzakirəyə çıxarılacağını söyləyib.

Ana səhifəXəbərlərMilli Məclisdə çimərliklərin hasarlanmasına etiraz edilib