Milli Məclisdə ABŞ müzakirəsi: ”907-ci düzəliş” Azərbaycanı diz üstə çökdürmədisə…”

“Xədicə İsmayıl məsələsi olmasaydı da, başqa bir variantla mütləq Azərbaycana qarşı hücuma keçiləcəkdi”

Source:

Milli Məclisdə Kristofer Smitin “Azərbaycan Demokratiya Aktı-2015″ adlı layihəsi müzakirə edilib. Deputat Aydın Mirzəzadə bildirib ki, bu layihə erməni diasporunun və onlarla bağlı olan müəyyən dairələrin növbəti anti-Azərbaycan addımıdır. Teleqraf bu barədə məlumat yayıb. Deputatın sözlərinə görə, Xədicə İsmayıl məsələsi olmasaydı da, başqa bir variantla mütləq Azərbaycana qarşı hücuma keçiləcəkdi: “İndiki halda belə bir qərarın qəbul ediləcəyi inandırıcı deyil. Çünki Azərbaycan 1992-ci ildəki Azərbaycan deyil. Dünyada özünün modelini sərgiləyən, kifayət qədər nüfuzlu Azərbaycanı bu gün küncə sıxmaq, onunla yarımmüstəmləkə kimi danışmaq qeyri-mümkündür. Əgər 1992-ci ildə ”907-ci düzəliş” Azərbaycanı diz üstə çökdürmədisə, 2015-ci ildə belə bir qərarın Azərbaycana təsiri ümumiyyətlə, ola bilməz”.

YAP rəsmisi qeyd edib ki, təkcə ABŞ Azərbaycana lazım deyil, həmçinin Azərbaycan da ABŞ-a lazımdır: “Əgər belə qərar olarsa, Azərbaycan da əks addım ata bilər. Hesab etmirəm ki, beynəlxalq aləmin aparıcı dövlətlərindən olan ABŞ bu gün regionun lider dövləti ilə münasibətləri pisləşdirmək taktikası seçsin. Bu, ABŞ-ın maraqlarında deyil. Azərbaycan ABŞ-ın ciddi müttəfiqlərindən biridir. Bunu, sadəcə, siyasi gediş adlandırıram. Bütün hallarda ABŞ rəsmi dairələri məsələyə münasibət bildirməli, Azərbaycanla olan müttəfiqlik münasibətlərinə yenidən aydınlıq gətirməlidir”.

“ABŞ Konqresinə təqdim edilən layihədə guya Azərbaycanda adventistlər, baptistlər, protestantlar, Yəhva şahidləri və digərlərinin hüquqlarının pozulduğu iddia olunur. Bu, tamamilə yalandır, layihə qərəzlidir”.  Bunu isə Dini Qurumlarla  İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. O bildirib ki, məqsəd Azərbaycana təsir göstərməkdir: “Bu, alınmayacaq. Bu məsələdə erməni lobbisinin də barmağı var. Layihədə qeyd olunan dini icmalar Azərbaycanda qeydiyyatdan keçib, təkrar qeydiyyatdan keçməsələr də, fəaliyyətlərinə heç bir maneə yoxdur, yenə fəaliyyət göstərirlər. Hətta onlara dini icmalara ayrılan vəsaitdən də yardım ayrılıb. İnanırıq ki, ABŞ hökuməti və Konqres bu layihəni müdafiə etməyəcək. Belə hallar ABŞ-Azərbaycan münasibətlərinə xələl gətirir”.

ABŞ-ın Helsinki Komissiyasının (Avropa Təhlükəsizlik və əməkdaşlıq Komissiyası) rəhbəri, konqresmen Kristofer Smit “Azərbaycan Demokratiya Aktı-2015″ adlı layihə hazırlayıb. Layihədə insan haqlarının durumu ilə bağlı Azərbaycandakı bəzi rəsmi şəxslərə ABŞ vizasının verilməsinin dayandırılması ilə bağlı təklif də var.  Konqresmen layihədə qeyd edib ki, Azərbaycanda bəzi tanınmış şəxslər, o cümlədən “jurnalist, müxalifət funksionerləri və hüquq müdafiəçiləri həbsdə olduğu üçün ölkənin rəsmi şəxslərinin ABŞ-a rahat səfər etməsi qəbuledilməzdi”.  K.Smit bu layihəsini Helsinki Komissiyasına təqdim edib.

Ana səhifəXəbərlərMilli Məclisdə ABŞ müzakirəsi: ”907-ci düzəliş” Azərbaycanı diz üstə çökdürmədisə…”