Milli Məclis

Mənbə: Foto: arxiv

Başlıq: Milli Məclis

Milli Məclis son iclasını keçirdi, bəzi qanunları təsdiqlədi

Ailə Məcəlləsinə bəzi dəyişikliklər edildi

Milli Məclisin növbəti plenar iclası keçirilib. İclasda bir sıra qanun üçüncü oxunuşda qəbul edilib.

“Tibbi sığorta haqqında” qanuna qəbul edilən dəyişikliklər 2020-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək. İlin sonunadək icbari tibbi sığorta ölkədə mərhələli tətbiq olunacaq.

Qanuna əsasən, icbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsi olmaqla, icbari tibbi sığorta proqramına müvafiq həcmdə əhalinin tibbi və dərman yardımı almasını təmin edir. Gələn ilin 1 yanvar tarixindən icbari tibbi sığorta haqlarının toplanılması nəzərdə tutulur. Vətəndaşların sığorta fonduna müəyyən sığorta haqqı köçürməklə sığorta olunacaqlar. Dövlət tərəfindən isə bütün əhali üzrə təqvim ili üçün adambaşına 90 manat icbari tibbi sığorta haqqının ayrılması nəzərdə tutulur.

Həmçinin dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqının tutulması müəyyən olunub.

Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən isə aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 1%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqının ödənilməsi müəyyənləşdirilib.

İcbari tibbi sığorta fonduna dövlət büdcəsi tərəfindən adambaşına illik 90 manat olmaqla, ümumilikdə 900 mln. manat, işçi və işəgötürənlərdən hər biri üzrə 229 mln. manat, digər mənbələrdən 185 mln. manat vəsaitin toplanılması proqnozlaşdırılır.

2020-ci ilin dövlət büdcəsində icbari tibbi sığortanın tətbiqi də nəzərə alınmaqla səhiyyə xərclərinin məbləği 1 milyard 369 milyon manat müəyyən edilib.

“Tibbi sığorta haqqında” qanuna dəyişikliklərin qəbulu ilə əalqədar olaraq “İcbari sığortalar haqqında” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunların ləğv edilməsi barədə layihə təsdiqlənib.

Ailə Məcəlləsində övladlığa götürmə ilə bağlı dəyişiklik layihəsi də son oxunuşda təsdiqlənib. Dəyişikliyə əsasən, Azərbaycanda övladlığa götürmə ilə bağlı yaş həddi müəyyənləşir. Bununla bağlı Ailə Məcəlləsinin 121-ci - övladlığa götürülən uşaq ilə övladlığa götürən arasında yaş fərqi maddəsinin adı dəyişdirilərək “Övladlığa götürmək istəyən şəxslərə (şəxsə) dair yaş tələbləri” edilir.

Əlavəyə əsasən, övladlığa uşaq götürmək üçün azı 3 il nikahda olan, yaşı 35-dən yuxarı ər-arvada, 1 il müddətinə nikahda olan Azərbaycan vətəndaşlarına və azı 5 il müddətində nikahda olan əcnəbilər və vətəndaşlığı olmayan, yuxarı yaş həddi 55-dək olan şəxslərə üstünlük verilir.

Övladlığa uşaq götürmək istəyən şəxslərə tətbiq edilən yaş limitinə əsasən, ögey ata-ana və yaxın qohumlar istisna olmaqla, övladlığa götürmək istəyən nikahda olan şəxslərdən biri ( ər-arvad) üçün aşağı yaş həddi 25, nikahda olmayanlar üçün 30-dur. Həmçinin övladlığa götürmək istəyən nikahda olmayan şəxslə övladlığa götürülən uşağın yaş fərqi 18-dən az olmamalıdır.

Məcəlləyə digər bir dəyişiklik övladlığa götürülənin soyadının, adının və atasının adının dəyişdirilməsini nəzərdə tutan 125-ci maddəyə edilib. Qüvvədə olan varianta görə, övladlığa götürülən 10 yaşına çatmış uşağın soyadı, ata adı, habelə öz adı yalnız onun razılığı ilə dəyişdirilə bilər. Dəyişikliyə əsasən, 7 yaşına çatmış uşağın soyadı, ata adı və öz adının dəyişdirilməsi barədə fikri öyrəniləcək.

Digər əlavə məcəllənin 126-cı (övladlığa götürənlərin xahişi ilə övladlığa götürülənin doğulduğu yerin və tarixin dəyişdirilməsi) maddəsinə edilir. Bu maddəyə görə, övladlığa götürmənin gizli saxlanması üçün övladlığa götürənin xahişi ilə övladlığa götürülənin doğulduğu yer, eləcə də onun doğum tarixi 3 aydan çox olmayaraq dəyişdirilə bilər. Övladlığa götürülmüş uşağın doğum tarixi isə uşaq 1 yaşına çatana qədər dəyişdirilə bilər. Bu dəyişikliklər məhkəmə qətnaməsində göstərililməlidir.

Yeni əlavə olunan bəndə görə, 10 yaşından yuxarı övladlığa götürülmüş uşağın doğulduğu yerin dəyişdirilməsinə yalnız onun razılığı ilə yol verilir.

İclasda Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov bildirib ki, “Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatı haqqında” yeni qanun layihəsi hazırlanır.

Onun sözlərinə görə, yeni qanun layihəsi bir sıra məsələlərlə yanaşı, soydaş anlayışının statusunu da müəyyənləşdirəcək:

"Dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz, diaspor təmsilçiləri belə qanunu çoxdan gözləyir. Qanunda onlara vəsiqə verilməsi də nəzərdə tutulur. Bu da onların bir çox mövcud problemlərinin həllinə müsbət təsir göstərəcək”.

R.Hüseynov əlavə edib ki, yaxın vaxtlarda formalaşacaq yeni parlamentin ilk qəbul etdiyi qanunlardan biri də məhz bu olacaq.

Parlament dekabrın 2-də Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin təyin olunması üçün Prezidentə müraciət edib.

Prezident məsələnin Konstitusiyaya uyğun olub-olmamasını müəyyənləşdirilməsi üçün Azərbaycan “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı dekabrın 2-də Konstitusiya Məhkəməsinə sorğu göndərib. Məhkəmə sorğuya dekabrın 4-də baxaraq cavablandıracaq.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/5qs608

Ən çox baxılan