Milli Məclis: Məmur yaltaqlanmaq üçün Azərbaycanda bir kişi olduğunu deyir

Qüdrət Həsənquliyev ölkədə yaltaqlığın qadağan edilməsini istəyir

Source:


Qüdrət Həsənquliyev ölkədə yaltaqlığın qadağan edilməsini istəyir

“Bizdə hansısa məmur yaltaqlanmaq üçün Azərbaycanda bir kişi olduğunu deyir. Özünü kişi saymır, özü bilər. Amma bizim xanımların həyat yoldaşları, ataları, oğulları var. Özümüzü kişi hesab edirik. Dövləti xarici və daxili təhlükədən qoruyan generallar, ağsaqqallar var. Başqasını təhqir etmək, aşağılamaq yaltaqlığın ən iyrənc formasıdır. Düşünürəm ki, deputat yaltaq olmamalıdır”, – Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev belə deyib.

Deputat “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı bildirib ki, belə adamlar dərhal vəzifədən kənarlaşdırlmalıdır:

“Birdən evə gedəndə övladları onlardan kim olduqlarını soruşdu? Özünü kişi sayıb-saymaması ilə maraqlandı? Məmurlar danışanda, yaltaqlananda da heç olmasa bilsinlər ki, hansı formada yaltaqlanmaq lazımdır. Hesab edirəm ki, bu yaltaqlığın bir nümunəsidir və bu cür məmurlar dərhal cəzalandırılmalıdır”.

Qüdrət Həsənquliyev müzakirə olunan qanunun maddəsinə istinad edərək, müvafiq əlavələrin edilməsini istəyib:

“Burada biz 4-cü maddədə qeyd edirik ki, deputat başqasının şərəf və ləyaqətini alçaldan çıxışlardan çəkinməlidir. Biz icra orqanı məmurunun belə bir çıxışı ilə rastlaşmışıq. Yəqin bunu hamınız eşitmişdiniz. Mətbuatda onun səs yazıları da qoyulmuşdu. Öz kollektivinin qarşısında deyir ki, “mən yaramaz bir rüşvətxoram”. Dövlət, bələdiyyə qulluqçularının da etik davranışı haqqında qanuna da bu salınmalıdır. Yəni, bu çıxışla o tək öz şərəf və ləyaqətini alçaltmır. Ola bilsin o fikirləşir ki, özünün şərəf və ləyaqəti yoxdur. Amma dövlət orqanını nüfuzdan salır. Ona görə sabah bizim də hansısa bir deputatımız xəstələnə, iraq olsun, belə bir çıxış edə bilər”

Milli Məclisin sədri Oqtay Əsədov isə deputata cavabında belə deyib:

“Deyəsən sənin ürəyin doludur. Ay Qüdrət, əgər yaltaqlığın şkalası varsa, denən, onu qoyaq!”

Sədr Oqtay Əsədov qanun layihəsinin müzakirəsindən əvvəl mətbuata da iradını bildirib:

“Ötən müzakirələrdə mən qanun layihəsi barədə bəzi yumşaldılmalar təklif etdim. Mətbuat isə götürüb yazdı ki, Oqtay Əsədov qanuna etiraz edir. Çox təəssüf edirəm ki, fikrim belə anlaşılıb. Bu qanun layihəsi olduqca mükəmməldir və ümumiləşdirilmiş sənəddir”.

Əli Hüseynli isə deyib ki, referendumdan sonra deputatlarla bağlı müddəaların Konstitusiyaya əlavə edilməsi Milli Məclisdə buna dair xüsusi qanun layihəsinin hazırlanmasını zərurətə çevirib. O qeyd edib ki, ikinci oxunuşda bəzi rəy və təkliflər nəzərə alınıb: “Biz birinci oxunuşda etik davranış pozuntusu olmayan, amma gələcəkdə onu ehtiva edəcək və digər qanunlarla tənzimlənə bilən məsələləri çıxardıq. Amma ümumilikdə layihə etik davranış qaydalarını əhatə edir”.

Bildirilib ki, 13 maddədən ibarət olan qanun layihəsində Milli Məclisin iclaslarında etik davranış, insanların hüquqlarına, işgüzar nüfuzuna hörmət, qərəzsizlik, qanunsuz maddi və qeyri-maddi nemətlərdən, imtiyazlar və güzəştlərdən imtina, hədiyyə alma qadağası şərt kimi qoyulur:

“Layihəyə sonradan yeniliklər də edilib. Layihənin 4-cü maddəsində deputata hüquqi şəxsin işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlər etməməklə yanaşı, qeyd olunmuş “bu cür çağırışlar etməmək” qadağası götürülüb. Layihənin 6-cı maddəsinin 4-cü bəndi də ləğv olunub. Deputat Azərbaycan Respublikasının Milli Məclisinin nüfuzunu möhkəmləndirməyə, deputat adını, şərəf və ləyaqətini uca tutmağa borcludur”.

Layihə səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Ana səhifəXəbərlərMilli Məclis: Məmur yaltaqlanmaq üçün Azərbaycanda bir kişi olduğunu deyir