''2019-cu il dövlət büdcəsi haqqında'' qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə olunub
“Təəssüflər olsun ki, Milli Məclisin plenar iclasları başa çatdıqdan sonra mediada yazırlar ki, parlament deputatlara çıxış etməyə imkan yaratmır". Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasında spiker Oqtay Əsədov belə deyib.
Bir saata yaxın davam edən iclasda 35 məsələyə baxılaraq, səsvermə yolu ilə təsdiqlənib. Layihələrin əksəriyyəti ikinci və üçüncü oxunuşda müzakirəyə çıxarılıb. İclasda deputatlar demək olar ki, çıxış etməyiblər. O.Əsədov iclasın sonunda bildirib ki, bəzi jurnalistlər şou yaratmaq istəyir. "Hər dəfə çıxış edərkən qanun layihələri barədə məlumatlar verilir, bəzi hallarda deyirəm ki, qanun layihəsi 2-3-cü oxunuşlarda müzakirə edilir. Hamının gözünün qarşısında deputatlara çıxış etməyə imkan yaradılır. Milli Məclisdə akkreditasiyadan keçən jurnalistlər prosedur qaydalarını bilirlər, təəssüflər olsun ki, digər jurnalistlər bundan şou yaratmaq istəyir".
Dövlət büdcəsi artırılır
İclasda "2019-cu il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə edilərək II oxunuşda qəbul olunub.
Ökədə minimum əmək haqqının və pensiyanın artırılması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin 200 milyon manat, İşsizlikdən Sığorta Fondunun büdcəsinin isə 15 milyon artırılması zərurəti yaranıb. Həmin xərclərin qarşılanması üçün məcburi dövlət sosial sığorta haqları üzrə 350 milyon manat əlavə daxilolma nəzərdə tutulur.
Bununla əlaqədar “Büdcə sistemi haqqında” qanunun tələbləri gözlənilməklə əlavə 2019-cu il üzrə icmal büdcənin xərclərinin yuxarı həddinin 215 milyon manat artırılması və dövlət büdcəsindən DSMF-nin gəlir və xərclərinin balanslaşdırılması üçün fonda ayrılan vəsaitin məbləğinin 150 milyon manat azaldılması nəzərdə tutulur.
Minimum pensiya 200 manat olur
İclasıda “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi də ikinci oxunuşda təsdiqlənib. Dəyişiklik əmək pensiyalarının minimum məbləğinin artırılması ilə bağlıdır. Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə parlamentə göndərdiyi layihəyə əsasən, qanunun 6-1-ci maddəsinin (Əmək pensiyasının minimum məbləği) mətni yeni redaksiyada verilir: “Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir”.
“İşsizlikdən Sığorta Fondunun 2019-cu il büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi II oxunuşda qəbul edilib. Qanunla İşsizlikdən Sığorta Fondunun 2019-cu il büdcəsinin gəlirləri və xərcləri artırılaraq, 98 451 400 manata çatdırılır.
“Dövlət rüsumu haqqında" qanuna dəyişiklilklər edildi
"Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişikliyə əsasən, xarici ölkələrin səfirliklərinə və konsulluqlarına viza rəsmiləşdirilməsi üçün verilən notaya görə nəzərdə tutulan 4 manat dövlət rüsumu ləğv edilir.
Digər dəyişikliklə qanun layihəsinin 10-cu maddəsiniə əsasən, (Notariat kontorları və dövlət orqanları tərəfindən notariat hərəkətlərinin aparılmasına, notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin verilməsinə və onun müddətinin uzadılmasına görə dövlət rüsumunun dərəcələri) ərizələrin və ya digər sənədlərin başqasına verilməsi, habelə kağız və ya elektron daşıyıcıda olan ərizə və ya digər sənədlərin hazırlanmış elektron və ya kağız nüsxələri ilə eyniləşdirilməsi haqqında şəhadətnamələrin verilməsi (hazırlanmış hər səhifəyə görə) və digər notariat hərəkətləri üçün 5 manat dövlət rüsumu tutulacaq.
Məhkəmə hakimlərinin təminatı artırılır
"Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişikliklər də ikinci oxunuşda təsdiqlənib. Dəyişikliyə əsasən, hakimlərə aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödəniləcək. Layihəyə görə, Ali Məhkəmənin sədrinə Milli Məclis Sədrinin aylıq vəzifə maaşı həcmində – 2 475 manat əməkhaqqı veriləcək. Bundan başqa, onlara məzuniyyətə çıxdıqları vaxt məzuniyyət haqqı, 2 aylıq əməkhaqqı məbləğində müavinət verilməsi nəzərdə tutulur.
Həmçinin səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı veriləcək:
Bu məbləğ Naxçıvan Ali Məhkəməsinin və apelyasiya məhkəmələrinin sədrləri əlavə 556 manat, ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası ağır cinayətlər məhkəməsinin, hərbi məhkəmələrin və inzibati-iqtisadi məhkəmələrin sədrləri 495 manat, digər məhkəmələrin sədrləri 433 manat dır.
Növbədənkənar sessiyanın son plenar iclası iyulun 12-də keçirələcək.