Deputatlar hesab edirlər ki, qətnamə bölgədə vəziyyəti gərginləşdirə bilər
Azərbaycan Mili Məclisi Avropa Parlamentini (AP) separatizmə dəstək verməkdə qınayır.
Bu mövqe Azərbaycanla bağlı qəbul edilən qətnaməyə Milli Məclisin oktyabrın 6-da verdiyi cavab bəyanatında yer alıb.
Avropa Parlamenti oktyabrın 5-də qəbul etdiyi qətnamədə ermənilərin Qarabağdan köçməsini “etnik təmizləmə” adlandırıb.
Milli Məclis isə hesab edir ki, məlum qətnamə separatizmə dəstəkdir:
“Qətnamənin qəbul olunmasında fədakarlıq göstərən Fransa Cənubi Qafqazda sülhə birmənalı olaraq mane olur. Fransa açıq şəkildə separatizmə hər cür dəstək verir. Bu cür qətnamə ilə Avropa Parlamenti öz nüfuzunu aşağı salır. Belə qətnamə ilə Avropa Parlamenti Cənubi Qafqaz siyasətinə zərbə vurur”.
“Bir daha bildiririk ki, Avropa Parlamentini təmsil edən deputatlar seçicilərin deyil, lobbi qruplarının maraqlarını orada təmin edir”, – Milli Məclis bəyanatında qeyd edir.
Avropa Parlamentinin qətnaməsində nə deyilir?
Avropa Parlamentinin oktyabrın 5-də qəbul etdiyi qətnamədə Azərbaycanın Qarabağdakı fəaliyyəti pislənilir.
Bununla yanaşı, qətnamədə Qarabağdan köçən ermənilərlə bağlı hazırkı vəziyyət “etnik təmizləmə”yə bərabər sayılır.
Qətnaməni qəbul edən deputatlar Avropa İttifaqını Azərbaycana sanksiyalar qoymağa çağırırlar.
Onlar hesab edirlər ki, Bakı ilə əməkdaşlığa yenidən baxılmalıdır:
“Avropa İttifaqı Dağlıq Qarabağda atəşkəs rejiminin pozulmasına və buradakı insanların hüquqlarına görə məsuliyyət daşıyan Azərbaycan rəsmilərinə məqsədyönlü sanksiyalar tətbiq etməlidir”.
“Avropa Parlamenti on minlərlə azərbaycanlının qətlə yetirilməsinə görə məsuliyyət daşıyır”
Milli Məclis isə qeyd edib ki, qətnamə BMT-nin, Beynəlxalq Qırmızı Xaç Komitəsinin, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının və digər beynəlxalq təşkilatların səsləndirdiyi bəyanatlara tamamilə ziddir.
Bəyanatda həmçinin vurğulanır ki, Avropa Parlamentinin bölgədən könüllü getmiş erməni sakinlərin ərazidən zorla köçkün düşdüyünü iddia etməsi beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi güdür:
““Dağlıq Qarabağ Respublikası” özünü buraxdığını elan etdikdən sonra Avropa Parlamentinin onu müdafiə etməsi siyasi riyakarlıqdan xəbər verir və bölgədə vəziyyətin yenidən gərginləşməsinə xidmət edir. Avropa Parlamenti Azərbaycan torpaqlarının işğalı dövründə bu qondarma quruma dəstək verməklə işğalın uzun illər davam etməsi, on minlərlə azərbaycanlının qətlə yetirilməsinə görə məsuliyyət daşıyır”.
“Milli Məclis Avropa Parlamentinin rəhbərliyini korrupsiyaya qurşanmış destruktiv və qərəzli qüvvələri dayandırmağa, Cənubi Qafqaz bölgəsində yaranmış yeni reallıqları əks etdirən obyektiv sənədlər qəbul etməklə bölgədə sülh və sabitlik yaradılması səylərinə dəstək göstərməyə çağırır”,– deyə bəyanatda qeyd olunur.
Ekspertlər nə düşünür?
Siyasi şərhçi Zaur Şiriyev Meydan TV-yə deyir ki, Avropa Parlamentinin qətnaməsinin Azərbaycana qarşı sanksiya çağırışının reallaşmasının perspektivi yoxdur.
Onun sözlərinə görə, hazırda ABŞ və Avropanın bir sıra strukturlarından belə açıqlamalar səslənsə də, bu, ikinci dərəcəlidir:
“Sadəcə, sanksiya çağırışı təhdid kimi istifadə olunur. Bunun da səbəbi odur ki, Qərbdə Azərbaycanın hərbi gücdən istifadə edərək Zəngəzur dəhlizini aça biləcəyi qorxusu var. Bakı nə qədər inkar etsə də, inanmırlar. Baxmayaraq ki, Azərbaycan rəsmiləri bu iddianı dəfələrlə inkar ediblər”.
Zaur Şiriyevin fikrincə, sanksiyalar yalnız sülh prosesinin çökəcəyi təqdirdə işə düşə bilər:
“Yəni masada yeni müharibənin baş verməsi mühiti yaranacağı halda sanksiyalar işə düşər. Təbii ki, istənilən halda Ermənistan ordusu Azərbaycanın silahlı qüvvələri qarşısında tab gətirə bilməz. Belə olduğu halda Azərbaycan Ermənistan ərazisinə istər preventiv, istərsə də başqa səbəblərdən hər hansı bölgəyə girərsə, bu zaman çağırışlar reallığa çevrilər. Amma o vaxta qədər çağırışlar tövsiyə xarakterli olacaq”.
Ekspert hesab edir ki, hazırda Azərbaycana qarşı hansısa sanksiya tətbiq olunsa, bu, danışıqların dayanması anlamına gələcək:
“Həm də bu cür vəziyyət Qərbin danışıq prosesinin çökməsi deməkdir. Ona görə Qərb dövlətləri sanksiyaya gedə bilməzlər”.
Son baş verən hadisələr…
Sentyabrın 18-dən Qarabağdan ölüm xəbərləri gəlməyə başlayıb.
Tank əleyhinə minaya düşən iki böyük yük avtomobilinin içərisində 14 nəfər həyatını itirib.
Bunlardan yeddisi polis, qalanı mülki şəxs olub.
Azərbaycan həmin minaların erməni diversiya qrupları tərəfindən yeni basdırıldığını açıqlayıb.
Sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyatlara başladığını elan edib.
Tələbi erməni silahlı qüvvələrinin regiondan çıxarılması olub.
Sentyabrın 28-də isə separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.
Bunu sentyabrın 19-da yaranmış vəziyyətlə əlaqələndirib.
Sonuncu hərbi əməliyyat zamanı Azərbaycan 200-dən çox hərbçisini itirib.
Bu əməliyyatdan sonra rəsmi Yerevan 100 mindən artıq erməni sakinin Qarabağı tərk edərək Ermənistana köçdüyünü açıqlayıb.
Azərbaycan isə dinc erməni sakinlərin reinteqrasiya olunması ilə bağlı çağırış edib.