Aprelin 15-də Beynəlxalq Mətbuat Mərkəzində Milli Şura “Şərq Tərəfdaşlığı ölkələrinin Riqa Sammiti ərəfəsində Azərbaycan-Avropa Birliyi münasibətləri” mövzusunda dəyirmi masa keçirib. Milli Şuranın sədri Cəmil Həsənli bildirib ki, hazırda Azərbaycan üçün ən optimal variant məlum assosasiya sazişini imzalamaqdır. Azərbaycan hakimiyyətinin müxtəlif bəhanələrlə bu sazişi imzalamaqdan imtina etdiyini deyən professor neftin qiymətinin düşməsi nəticəsində ölkədə kritik vəziyyət yarandığını da qeyd edib.
Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev çıxışında bildirib ki, hələ 2008-ci ildə Ümumdünya Valyuta Fondu bildirmişdi ki, Azərbaycanda böhran 2015-ci ildən başlayıb, ən azı 2022-ci ilədək davam edəcək. Bütün bunların mövcud hökümətin siyasətinin nəticəsi olduğunu deyən Mehman Əliyev hakimiyyətin milli maraq anlayışına da toxunub:
“Mən hələ də başa düşmürəm milli maraq nə deməkdir? Biz hələ milli maraq və milli dəyərlər məsələsini müəyyənləşdirməliyik. Məgər milli maraq ondan ibarətdir ki, kimsə hakimiyyəti mənimsəyib, dövləti, xalqı talan eləməlidir, böhran yaratmalıdır? Bu, milli maraqdırmı? Ya milli maraqlar yalan danışmaqdan, böhtan atmaqdan, başqasının cibinə girməkdən, alçaltmaqdan, saxta məhkəmə qurmaqdan ibarətdir? Bu, milli maraqdırmı? Bunu bizə öyrədirlər, bunu bizə yeridirlər”.
Jurnalist Şahvələd Çobanoğlu çıxışında deyib ki, Azərbaycan hakimiyyəti Avropa Oyunları keçirsə də, Avropaya inteqrasiyadan danışanları satqın adlandırır: “Həm Avropa mahnı festivalı keçirirlər, həm də Avropadan hesabatlar səslənəndə, onları ermənipərəstlərin hazırladığı hesabatlar adlandırırlar. Yəni, bu, təkcə səbəblər deyil. Biz başa düşürük ki, Azərbaycanın seçim etməsində geosiyasi çətinliklər var. Yaxşı, Rusiya böyük əngəldirsə, qəzet satmağa nə mane olur Azərbaycanda? Avropa Oyunları keçirə biliriksə, Avropasayağı seçki keçirməyə nə mane olur?”
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli hakimiyyətə xəbərdarlıq edərək, deyib ki, ölkədə vəziyyətin belə davam etməsindən yalnız Azərbaycan iqtisadiyyatı ziyan çəkməyəcək:
“Sizin himayənizdə olan o əziz-girami banklarınız batacaq. O milyardlar qoyduğunuz tikinti şirkətləri batacaq. Bütün başqa sahələrdə gördüyünüz o işlər batacaq. Çünkü onsuz da sizin bir iqtisadi bacarığınız yoxdur. Onun hamısını oğurluq yolu ilə qazanmışdınız. Sona, dibə gəlib, çatmamış, bütün ehtiyatlar xərclənməmiş ölkənin qapıları açılmalıdır. Təcili şəkildə ölkənin qapıları açılmalıdır. Və onun mühim şərti də, bu dəyişikliklər üçün sivil məcra yaratmağın şərti də, məhz, Avropa Birliyinə inteqrasiyanı sürətləndirməkdir”.
Sonda Milli Şura sədri Cəmil Həsənli ölkədə 100 artıq siyasi məhbus olduğunu və hakimiyyəti islahatlara getməyə, siyasi məhbusları azad etməyə çağırıb.