Milli Məclis bu gün, dekabrın 19-da “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” layihəni qəbul edib.
Qərar qüvvəyə mindiyi gündən dörd ay müddətində amnistiya tətbiq ediləcək.
Amnistiya aktının 20 mindən çox şəxsə şamil ediləcəyi bildirilir.
Məlumata görə, 5 mindən çox məhkum həbs cəzasından azad ediləcək, 3 mindən artıq şəxsin cəzası azaldılacaq. Eyni zamanda, 7 mindən çox şəxsin azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın şəxsin şərti cəzalardan, mindən çox şəxsin isə cinayət məsuliyyətindən azad ediləcəyi gözlənilir.
Layihəyə əsasən, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edənlər, bu əməliyyatlarda həlak olmuş, yaxud itkin düşmüş insanların yaxın qohumları, “Ermənistanın mülki əhaliyə qarşı hərbi təxribatı” nəticəsində əlil olanlar cəzadan və ya cinayət məsuliyyətindən azad edilməlidir.
Siyahıya həmçinin qadınlar, 60 yaşına çatmış şəxslər, cinayət törədərkən yetkinlik yaşına çatmayanlar da daxildir.
Bununla yanaşı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrum olunan bir sıra şəxslər cəzadan azad edilməli və ya cəzalarının çəkilməmiş hissəsi azaldılmalıdır.
Müstəqil hüquqşünaslar bildirir ki, beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınan şəxslərin əksəriyyəti ağır və ya xüsusilə ağır cinayət ittihamları ilə üzləşdikləri üçün bu amnistiyadan yararlanmaq ehtimalları demək olar ki, yoxdur.
Amnistiya elan olunması təşəbbüsü ilə Prezident İlham Əliyev çıxış etmişdi.