2001-ci ilin əvvəlində Rusiya televiziyasında yayımlanan “Sonuncu qəhrəman” realiti-şousu yadınızdadır? Həmin verlişdə beş-on adamı aparırdılar Panama ilə Kosta-Rikanın arasında arxipelaq adalarından birinə. Okeanın göbəyində sivilizasiyadan uzaq, işıqsız, qazsız, internetsiz, telefonsuz, ərzaqsız bir məkan. Bu realiti-şounun iştirakçıları qırx gün həmin adada vəhşi təbiətə təslim olmadan öz gücləri, səriştəliyi, mərdliyi, fiziki dözümlüyü, psixoloji durumu sayəsində sağ qalmalı idilər. Bütün çətinliklərə rəğmən əldən düşməyib, dözüb, tab gətirib, səbr edib sonacan adada qalan insan tele-proektin qalibi olurdu.
Yüz milyonluq Rusiya əhli işdən yorğun qayıdıb, əlində bir fincan qaynar çay, televizor qarşısında insanların şəraitsiz adada çarpışmasını seyr edirdi.
Banal bənzətmə olsa da, Nardaranda baş verənləri izlədikcə, ilk düşündüyüm bu idi. Azərbaycan cəmiyyəti bu dəfə də tamaşaçı roluna sadiq qaldı. Düzü, seyrçilər“çörək və əyləncə” şüarı səsləndirmədilər, amma nəticə oxşar idi.
Loqoreya! Cəmiyyətin çoxluğu hələ də bu xəstəlikdən sağalmayıb. Buna oral diareya, söz ishalı-da deyilir. Loru dildə desək, boşboğazlıq, hərzəçilik.
Blokadada olan Nardaran əhlinə könüllü, təmənnasız su, çörək aparan olmadı. Kəndə buraxmazdılar, təzyiq göstərərdilər kimi bəhanələr bir qırağa, amma fakt budur ki, bunu heç dilinə gətirəndə yox idi. Əvəzində Nardaran əhlini bolluca qınadılar. Söz topuna tutdular. Əvvəla, başladılar ödənməmiş işıq pulu borcundan. Guya bu ölkədə məmur, rəis, hər hansı “kreslo” sahibi kommunal xidmətlərin, vergi haqların vaxtı-vaxtında ödəyir bircə qalıb kənd camaatı. Sonra başladılar ki, bəs uşaqlarını niyə oxutmurlar, məktəbə nə səbəbdən göndərmirlər?
Ey mənim əziz müsəlman bacı və qardaşlarım, nə vaxt siz, həmin Nardaran camaatının uşaqlarına kitab, dəftər, məktəbli paltarı, çanta, qələm alarsınız, sosial-məişət problemlərini həll edərsiniz, bax, onda gəlib sorarsınız. Hələ ki, bu yersiz psevdo-Zərdabçılığınızı özünüzdə saxlayın.
Nardaran kəndi Sovetlər dönəmindən özünəməxsus koloriti, yerli ayinləri, kök salmış adətləri, dini mərasimləri, illərlə yonulmuş qanunları ilə tanınıb. Və hər tində“tolerantlıq”, “liberalizm” çığıran cəmiyyət həmin kəndin insanlarına ən azından səbrlə, sayqıyla yanaşmalıdır. İnanclı insanların məktəbə hicab geyinməsi, saqqal saxlaması, şalvar qısaltması, məscidlərin gümbəzinə qara bayraq sancması onların seçimidir. Əgər siz bunu qəbuledilməz sanırsınızsa, bu sizin işinizdir.
Ən azından, sadəcə susmağı hələ heç kim qadağan etməyib. Amma öz millətinin nümayəndəsinə “İran agenti”, “fars əlaltısı” adı qoymaq heç kimə şərəf, baş ucalığı gətirmir. Bumu sizin etikanız, dünyaviliyiniz? Ölkə əhalisinin yarıdan çoxu həmin İrana qohum-əqrabasını müalicəyə aparır. Niyə burada həkimləri qoyub, farslardan şəfa gözləyirsiz? Necə onlara inanırsız? Qorxmursuz sizi zəhərləyərlər, səhv müalicə edərlər, beyninizi doldurub, “terorrist” edərlər?
Sosial şəbəkə istifadəçilərinin loqoreyası təkcə bununla bitmir. Əsas mövzular əlbəttə ki, Hacı Talenin İran ruhanisinin əlini öpməsi, dindarlarda silah-sursatın aşkarlanmasıdır.
Açığı “ Qırmızı körpü” gömrük məntəqəsindən bir şüşə əlavə çaxır, “Borjomi” suyu keçirtmək mümkün olmayan yerdə, Bakıdan cəmi 25 kilometr aralıda yeləşən kəndə qumbaranın, topun, tüfəngin haradan peyda olması sual doğurmaya bilməz. Bu ölkədə ovçu olub, hüquqi ov tüfəngi almaq, ebay-dan adi ov bıçağı sifariş verməyin mümkünsüz olduğunu bilirsiz. Bu səbəbdən heç nə deyə bilmərəm. Güman edirəm, hadisədə olanlar və dövlət orqanları bu barədə daha dürüst informasiyaya malikdir.
O ki qaldı, əl öpmək məsələsinə…tutaq ki, mən Sergey Yeseninlə br dövrdə yaşasaydım, şairin Bakıya gəlib, Mərdəkanda qalmasını xəbər tutunca, bir fayton tutub, gedib onun əlindən öpərdim. Burda nə qəbahət iş var ki?
Hər insanın öz müəllimi, yol göstərəni, idealı, etalonu, lideri var. Bu həmin insanın azad seçim hüququdur. Kimin əlin öpmək, kimin ayağın. İnsanların bəziləri pirlərdə daşları öpür, digərləri heykəllərə, bütlərə baş əyir, bir başqaları pula, vəzifəyə sitayiş edir. İbadət, sitayiş və pərəstiş etmək seçimi hamı üçün azaddır.
Bütün bu ümumimilli loqoreyanın fonunda, televiziya, internet xəbər saytları millətə yaşıl eynək geyindirmək tapşırığı almışdı. Aleksandr Volkovun uşaqlar üçün yazdığı “ Zümrüd şəhərinin sehrbazı” nağılındakı kimi. Povestdə müdrik və ağıllı Qudvin şəhər əhlinə gözlərini günəşin zərərli şüalarından qorumaq bəhanəsi altında yaşıl eynəklər geyindirir. Həmin eynəklərin sayəsində insanlar adi dəyərsizşüşədən qurulmuş şəhəri, yaşıl, parlaq zümrüddən tikilmiş görür və çıl-çıraqlı şəhərdə yaşadıqları üçün qürurlanırlar.
Ali hakimiyyət kahinlərinin istintaqa cəlb etmə məsələsində anti-kreativ olmaları mənə çoxdan məlumdur. Amma budəfə qurulan absurd teatırna Samuel Becketin özü həsəd apara bilərdi. Bir gecədə internet şəbəkəmizdə yep-yeni sözlər peyda oldu. “Milli kimliyimiz”, “sekulyar dövlət”, “ekstremizm”. Bu ifadələrdən ağzı köpüklənən loqoreya xəstələri tez-tez ”ekstremistlər” “ dini terroristlər” sözlərini səsləndirirdilər.
Cənablar, ey mənim əziz, millətsevər, xalqsevər vətəndaşlarım. Dediyiniz ekstremizmin cəmiyyətdə, ölkədə yaranma səbəbləri adətən sosial-iqtisadi krisizlə, əhalinin həyat səviyyəsinin kəskin aşağı düşməsi, totalitar siyasi rejimin müxalifəti boğması, cəmiyyətin fərqli düşünən təbəqəsinə təqiblərlə bağlı olur. Dini ekstremizim durduğu yerdən ot kimi bitmir, kefindən yaranmır. Bu, cəmiyyətin hər hansı təbəqəsinin hakimiyyətə özünü eşitdirmək üsuludur.
Hacı Tale kimdir, nə istəyir, nə uğrunda savaşır kimi suallara cavab aramaqdan ötəri çox düşünməyə lüzum yoxdur. Onu ekstremist, terrorist, islam fundamentalisti, anti-sekulyar adlandırsaz da, hicab, cahillik, aşura üstündə dava etdiyini söyləsələr də, hər şey su kimi aydındır. Tale həqiqəti, reallığı olduğu kimi söyləməkdə qırmızı xətti aşmışdı. Özü də bunun fərqindəydi. Moizələrində ölkədə baş verən israfçılığa, özbaşnalığa, məmur zülmkarlığına, ona qarşı olan hədə-qorxulara son qoyulmasını tələb edirdi.
Hacı Tale gənc, xarizmatik, alqışa layiq mərdliyə malik dini liderdir. İnsan kütləsini arxasınca daşıya bilcək birisidir. Bu xüsusiyyətlərə malik şəxsiyyət artıq təhlükə mənbəyidir. Bir şeyi artıq anlayın ki, sistem kökündə tipik şərq despotizmi üzərində dayanır. Hakimiyyət bir daha açıq və sərt tənqidi qəbul etmədiyini bildirdi.
Siyasi dünyada baş verən dəyişikliklər, neftin dəyərinin kəskin ucuzlaşması, dolların yenidən qalxma ehtimalı, ölkənin bank sektorunda xaos, hər gün böyüyən işsizlik problemi, təhlükəsizlik nazirliyində gözlənilməz kadr dəyişikliyi, Rusiya-Türkiyə münasibətlərinin kəskinləşməsi Azərbaycanda üzümüzə gələn ilin asan olmayacağına işarədir. Bu proseslər ölkədə narazıçılıqlara, siyasi qarşıdurmaya gətirə bilər. Nardaran bu günə kimi öz anklavını, ayağını yerə dirəmək qoçaqlığını saxlaya bilmişdi. Yeri gələndə, sözlərini eşitdirirdilər.
Lakin artıq Nardaran məsələsi demək olar ki həll olundu. Çox güman ki, bu dəfə birdəfəlik. Gələcəkdə qaşınmayan yerdən qan çıxmasın deyə, profilaktik tədbirlər görüldü. Bu ərəfədə Hacı Tale lap yerinə düşdü. Necə deyərlər, soyub-soyub quyruqda niyə saxlayaq? Onsuz da, bu kənd çoxdan boğazda ilişib qalmış balıq tıxı idi. Bakı kəndləri arasında “persona non grata” statusuna malik idi. Nardaran kəndi bu günə kimi bəlkə də ölkədə yeganə məkan idi ki, orada “ata və oğul” plakatları yox idi.
Təəsüf ki, sonda itirən yenə azərbaycan xalqı oldu. Bu, məni çox üzür. Çünki, dünyasını dəyişənlərin hamısı bir millətin, eyni dininə mənsub olub, eyni dildə danışırdılar.
Bu, millətimiz üçün böyük faciədir.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…