Milli Kitabxananın işçiləri: Bizi məcburi öz hesabımıza məzuniyyətə göndərirlər

“Dövləti kitabxanaçıların pulu xilas edəcək?”

Source:
Kitabxananın fotosu
Kitabxananın fotosu


“Dövləti kitabxanaçıların pulu xilas edəcək?”

“Milli Kitabxanada işləyirəm. Dövlət idman yarışları keçirir deyə, bütün işçiləri öz hesablarına məzuniyyətə göndərirlər. Nədir, büdcədə pul yoxdur?”

Mirzə Fətəli Axundov adına Milli Kitabxanada çalışanların şikayəti var. Onlar Meydan TV-yə yazaraq 400 nəfər işçinin məcburi, öz hesabına məzuniyyətə göndərildiyini deyiblər:

“İşçilərdən bəzilərini 3-4, bəzilərini 1 ay, bəzilərini isə 10 gün olmaqla evə yola saldılar. Anlaya bilmirik, dövləti bu yazıq kitabxanaçıların pulu xilas edəcək?”

“Aldığımız pul nə idi ki, yarıdan çoxunu kəsmək istəyirlər”

İşçilər bildirirlər ki, kitabxana bu aydan qənaət rejiminə keçib. 5 şöbə ləğv olunaraq əvəzinə 3 şöbə təsis edilib:

“Əvvəlcə dedilər, 10 günlük məzuniyyətdir. Sonradan məlum oldu ki, daha uzun müddətədir. Bu qədər allahsızlıq olmaz. Direktorumuz Kərim Tahirov istədiyini edir. İşimizi itirmək qorxusundan səsimizi çıxara bilmirik. Bu əmr hardan gəlib axı? Niyə kitabxanaçıları bu qədər incidirlər? Guya aldığımız əməkhaqqı nə idi ki, indi onun da yarıdan çoxunu kəsmək niyyətindədirlər?!”

Kitabxanaçılar 40 ildir qəpik-quruşa işləyir

Şikayətçilər deyirlər ki, 6 ay idi əmək haqları 100 manat artmışdı. Onun sevincini doya-doya yaşaya bilməmişdilər ki, indi də məcburi məzuniyyət məsələsi çıxıb ortaya:

“Bu 6 ayda direktor hər gün iclas edib və maaşımızın qalxmasını başımıza qaxıb. Bizim bu artıma layiq olmadığımızı deyib. Halbuki biz kitabxanaçılar 40 ildir qəpik-quruşa işləmişik. Onun üzrxahlığını edən yoxdur”.

Heç kim işsiz qalmayıb

Meydan TV məsələyə münasibət öyrənmək üçün M.F.Axundov adına Milli Kitabxana ilə əlaqə saxlayıb. Kitabxanadan şöbələrin ləğv edildiyini təsdiqləyiblər. Ancaq buna rəğmən işçilərin ixtisar edilmədiyini deyiblər. “Kərim müəllim iclas keçirib, elan etdi. Ancaq heç kim işsiz qalmayıb. Sadəcə bəzi şöbələr ləğv edilib. Daha doğrusu, birləşdirilib. Məzuniyyət məsələsi ilə bağlı açıqlama vermək səlahiyyətimiz yoxdur”.

Məzuniyyət məcburi yox, könüllüdür

Kitabxananın direktoru Kərim Tahirov APA-ya açıqlamasında işçilərin öz hesabına məzuniyyətə məcburi yox, könüllü göndərildiyini deyib:

“Bizim əməkhaqqı fondunda kiçik çatışmazlıq var. Bu, xırda problemdir, iyul ayında həllini tapacaq. Kim öz hesabına məzuniyyətə getmək istəmirsə, işini davam etdirir. Əvvəllər öz hesabına məzuniyyət vermirdik, indi təklif etdik ki, kim istəsə 5-10 gün məzuniyyət götürə bilər. Bir də təkrar edirəm ki, bu, məcburi yox, könüllüdür”.

Ana səhifəXəbərlərMilli Kitabxananın işçiləri: Bizi məcburi öz hesabımıza məzuniyyətə göndərirlər