Zərdüşt Əlizadə

Mənbə: Meydan TV

Başlıq: Zərdüşt Əlizadə

Milli jurnalistikanın ağır məğlubiyyəti

Mediamızın gerçək vəziyyətə naşı baxışını sübut edən misallar

Qarabağ savaşında həm ordu, həm cəmiyyət döyüşürdü. Təsadüfi deyil ki, İkinci Qarabağ Müharibəsinə Azərbaycanda Vətən müharibəsi adı qoymuşdular.

Sovet dövrünü görmüş yaşlı nəslin yaddaşında bu sözlər bütöv bir həyat tövrünü canlandırır. Bu tövrə xalqın kişilərinin əksəriyyətinin səfərbər edilməsi, cəmiyyətdə kef və büsatın arxa səfə şəkilməsi, sinfi və maddi ziddiyyət və fərqlərin milli mənafe naminə unudulması, xalqın bütün diqqətinin orduya və cəbhəyə yönəlməsi daxildir.

Bu tövrə medianın, jurnalistikanın imkanlarının qələbə naminə səfərbərliyi də daxildir. Sovet qəzet və jurnalları, sovet jurnalistləri və yazıçı-şairləri vətən naminə başında Stalin duran Dövlət Müdafiə Komitəsinin informasiya siyasətinin ana xəttini ifadə etməyə qalxdılar. Unutmayaq ki, müharibəyəqədərki 20 il ərzində SSRİ-də oturuşmuş mətin ideologiya, xalqda sovet quruluşu və dünya barəsində vahid təsəvvür formalaşmışdı. Müharibə başlayanda milyonlarla sovet vətəndaşı orduya könüllü yazıldılar, onların çoxu felən cəbhəyə yollandılar. Sovet jurnalistləri, yazıçılar və şairlər, o cümlədən Azərbaycan ədibləri, cəbhəyə gedib faşizmlə müharibəni öz qələmləri və sözləri, əsərləri ilə aparmağa başladılar.

Müharibə dövründə böyük istedadla yazılmış şeirlər, hekayələr, povestlər, illər keçəndən sonra isə romanlar işıq üzü gördü.

Bizim Vətən müharibəsi, xoşbəxtlikdən, dörd il deyil, 44 gün çəkdi.

İkinci xoşbəxtlik o oldu ki, hökumət müharibə dövründə medianı qapadı. Öz ağılları ilə, yoxsa türk arkadaşların məsləhəti ilə, bilmirəm, amma cox düzgün etdilər.

Qapamasaydı, mediamızın içalatı bayıra tökülüb vətənə böyük ziyan gətirəcəkdi. Jurnalistlərimizin qeyri-peşəkarlığı, teleekranlarda reportaj aparanların əksəriyyətinin naşılığı acı təəssüf doğururdu.

Müharibədən əvvəlki Azərbaycan mediasının mənəvi atası da, əxlaqi babası da hörmətli akademikimiz Ramiz Mehdiyev olduğundan, bu media tam zay idi.

Azərbaycanın Ermənistanla informasiya müharibəsini tək İlham Əliyev apardı və uddu. Qələbədə yarı pay onun, yarı payı erməni jurnalistikasının müstəsna kütlüyünün xidməti oldu.

Müharibə qurtarandan sonra medianı açdılar. Buxovlardan qurtulmuş jurnalistikamız başladı “gül vurmağa”.

Azadlığa çıxmış jurnalistikamızı erməni tərəfi idarə etməyə başladı.

Görünür, onlar bizim jurnalistikamızın ümumi bilik və mədəniyyət səviyyəsini yaxşı öyrəniblər, odur ki, bizim naşı jurnalistlərin qana və qavraya biləcəkləri xəbər horralarını informasiya məkanına süzdürüb baxırdılar, görürdülər ki, bəli, Azərbaycan jurnalistləri bu horranı qaşıqlayıb acgözlüklə içəri ötürür, sonra isə bizi bədnam edən hay-küy qoparır, əttökən məqalələr yazır, xalqımızı biabır edən şərhlər verir. Müxtəsər desək, əgər əvvəllər bizim medianı Ramiz Mehdiyev yönləndirirdisə, indi bizim KİV-i bəzi erməni media kapitanları yönəldir.

Mediamızın gerçək vəziyyətə naşı baxışını sübut edən üç misal çəkmək kifayətdir.

  1. Haradasa 2020-ci lin dekabr ayında mediamızda şivən qopdu: “Ay aman, erməni mediası xəbər verir ki, ruslar və ermənilər Xocalı hava limanını açır! Açırlar!

Ə bə bizim suverenliyimiz?! Şəhidlərimiz niyə şirin canlarından keçirdi ki, ruslar və ermənilər Xocalı hava limanını açsınlar?”

Mən bu şıvənə tamaşa edib, heç nə anlamırdım. Bu insanlar hansı əsrdə yaşayır? Aviasiyanın ümumdünya qanunları ilə idarə edilməsindən xəbərsizdirlər? Bilmirlərsə, öyrənsinlər. İnternetə girib sorğu versinlər ki, hər hansı hava limanının fəaliyyətə başlaması üçün hansı şərtlər ödənilməlidir? İlk növbədə milli dövlətin rəsmi qərarı və razılığı olmalıdır. Milli media məgər şübhə edirmi ki, Xocalı hava limanı Azərbaycanın dünya tərəfindən tanınan ərazisində yerləşir? Bilmir ki, Azərbaycan dövlətinin razılığı olmadan Xocalı hava limanı işə salına bilməz?

Nə isə, bu mövzu ətrafında cəmiyyətin əsəbləri ilə oynayan şivən azı on gün çəkdi. Sonra erməni tərəfi bizim media marallarına çeynəməyə başqa saqqız verdilər.

2.Hava limanı mövzusu unuduldu. İndi Xocalı aeroportu barəsində başqa münasibətlə şivən qopur. Bu, nə şivəndir? Erməni mediası xəbər verib ki, rus sülhməranlıları mayın 9-da Xocalı hava limanında qələbə paradı keçirmək üçün məşq aparır.

Paho-o! “Xandostu, amandır, qoyma gəldi, didarı yamandır, qoyma gəldi...”

Rus əsgər və zabitləri əllərində silah Xocalı hava limanında parada hazırlaşır!

Bəs bizim suverenliyimiz? Bəs bizim ərazi bütövlüyümüz? Bu paraddan sonra kim inanar ki, Azərbaycan Qarabağ müharibəsində qələbə çalıb?

Yaxşı, bizdə yüz səviyyəsiz, kitab oxumamış, dünyadan bixəbər jurnalist varsa, əl-həmdu lil-lah, İnternetdə senzura yoxdursa, bu o deməkdir ki, istənilən cahil ağzına və ağlına gələni efirə töküb milləti rüsvay edəcək?

Möhtərəm xanımlar və cənablar, məlumunuz olsun ki, 9 May Qələbə bayramında bizim xalqımızın cox mühüm payı var. Bu qələbə həm rəşadətli əsgər və zabitlərimizin canı və qanı bahasına, həm də qələbəyə şəksiz şir payı vermiş Bakı neftinin hesabına əldə edilib. Bu, bizim qələbəmizdir!

İndi bizim qələbəmizin şərəfinə, bizim və bütün sovet xalqlarının, ilk növbədə hamıdan cox qələbə naminə qan tökmüş rus xalqının qələbəsi naminə rus qoşunu parad keçirirsə, burada hansı qəbahət var? Nəyə görə həm də xalqımızın qələbəsi naminə keçirilən hərbi parad bizim şənimizə toxunmalıdır?

Axı yubiley paradlarında bizim ordu hissəsi Qırmızı Meydanda, Moskvada paradda iştirak edirdi. O paradla bu parad arasında hansı fərqi tapdınız?

3.Müharibə qurtarıb, insanlar yaralara məlhəm qoyur. İndi əsas məqsəd müharibəni geridə qoyub dayanıqlı sülh barədə fikirləşməkdir. Sülh, sülh müqaviləsi əsasdır, erməni tərəfinə acıq vermək, erməniləri aşağılamaq əsas deyil. Bu sadə həqiqəti anlamaq üçün nə Şarl Moris de Taleyran Periqor, nə də Henri Kissincer olmaq lazımdır. Azca dərrakə kifayətdir.

Lakin bu dərrakə bizim jurnalistlərin bir hissəsində hələlik yoxdur. Dərrakədən savayı, dünya jurnalistikasının yazılmış peşə əxlaqı qaydaları var. Heç kəsi milli mənsubiyyətinə görə tərifləmək, və ya aşağılamaq olmaz.

Bizim jurnalistlər isə bu sadə və təməl qaydanı bilmirlər.

Məsələn, idman xəbəri yayırlar: “Azərbaycan güləşçisi erməni güləşçini məğlub edərək çempion oldu”.

A kişi, qalıb güləşçi azərbaycanlı olduğuna görə qalib gəldi? Yəni görüşdən əvvəl pasportunu göstərdi və orada yazılmış “Azərbaycan” sözünə görə qələbəni ona verdilər? Yoxsa gərgin məşqlər keçirib yüksək məharət əldə etdiyinə, cəsarətlə və fədakarlıqla güləşdiyinə görə qələbə qazandı? Onun azərbaycanlı olmasının qələbə qazanmasında nə rolu var?

“N” qədər misal çəkilə bilər ki, erməni idmançılar azərbaycanlı idmançıları yarışda məğlub ediblər. İnandırıram ki, bəzi səviyyəsiz erməni jurnalistləri də sevinclə yazıblar ki, “Aşot Mamedi məğlub etdi”, cahil erməni oxucuları da oxuyub xoşhal olublar ki, əhsən Aşot, Mamedi nokauta salıb!

Cox nigaran gözləyirəm ki, bizim jurnalist xanımlar və cənablar nə zaman peşəkar yanaşma meyarlarını dərk edəcəklər. Belə olmasa, biz elə əyalət düşüncəsi qəliblərindən heç zaman qurtula bilməyəcəyik, informasiya savaşlarını uduzacağıq.

Nə isə, Məhəmməd peyğəmbər də, Vladimir Lenin də məsləhət görüb ki, oxumaq lazımdır. Bu məsləhət xalqımızın ünlü jurnalistlərinə nə vaxt çatacaq, bilinmir. Hə halda, ümidlə yaşayaq.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/ie8coc

Ən çox baxılan