Milli hörmət kriteriyalarımız…

Sokrat Azərbaycanda olsaydı…

Source:

Hər bir cəmiyyətin öz qaydaları var ki, onların, insanların nəyə inanıb-inanmamasını, özünü necə aparmalı olmasını, etik və qeyri-etik hərəkətlərini müəyyən edir. Azərbaycan da bu mənada istisna deyil. Bəzən cəmiyyətdəki qaydalar elə daşlaşıb möhkəmlənir ki, insanlar onu “sağlam ağıl” hesab edir və heç bir halda şübhə altına almırlar.

Həmin bu “sağlam ağıl” insanların pulnan necə davranmasından tutmuş, kimə hörmət edilməsinə qədərçox şeyi müəyyən edir. Kiminsə tərəfindən bunun şübhəyə alınması insanlara qəribə gəlir, ən yaxşı halda həmin adama şübhə ilə yanaşır, ən pis halda isə təhqir edirlər. “Sağlam ağıl” çoxluq tərəfindən heç zaman şübhə altına alınmır, çünki insanlar zənn edir ki, bu həddən artıq ağıllı davranışdır, bunun üzərində düşünməyə dəyməz. İnsanlar ümumi qəbuledilmiş qaydalara adət etdikərindən, onları düzgün sayırlar.

Amma Afina küçələrində varlısından tutmuş, ən kasıb insanlara qədər hamıyla ünsiyyətə girən Sokrat məhz bu formalaşmış “sağlam ağlı” şübhə altına alan və onun sorğulanmasının əhəmiyyətinin nə qədər vacib olduğunu bizə çatdıran filosoflardan biri olub.

Sokrat nə edirdi?

O, insanlara suallar verməklə onların düşüncələrini, anlayışlarını çək-cevir edir və məntiqi yolla, onların əslində nə qədər yanlış düşündüyünü ortaya çıxararırdı. Sokrat həm də, ümumi qəbul edilmiş qaydalarda mənanın olub-olmamasını, onların doğru dəyərlər üzərində qurulub-qurulmamasını müəyyən edirdi.

Azərbaycanda, cəmiyyətin “sağlam ağıl” dediyi, amma əslində məntiqə sığmayan çoxsaylı misallar çəkmək olar. Onların hamısını Sokrat metodundan istifadə edib, sual altına almaq, daxili ziddiyyətli məntiqini üzə çıxartmaq, dəyərsiz və hətta əxlaqsız davranışlar, düşüncələr olduğunu çox asanlıqla üzə çıxartmaq olar.

Misal olaraq, cəmiyyətdə ən əndirəbadi ümumi qəbul edilmiş qaydalardan biri budur ki, varlı insanlara hörmət olunmalıdır. Niyə? Ona görə ki, o varlıdır. Heç bir sual-sorğu olunmadan, bu, cəmiyyət tərəfindən belə qəbul edilib. Bu cür düşünən adamdan səbəbin soruşsan, deyir ki, fərasətlilikdir. Başqa izaha ehtiyac görmür.

Daha da pisi, cəmiyyət, onun pulunu acgözlükə basıb yeyən, gündəlik həyatında onu daimi təhqir edən, aşağılayan, təpik altına salan, döyən varlı-hallı dövlət işçilərinə, məmurlara, nazirlərə, deputatlara, prokurorlara, bir sözlə, əli hakimiyyətdə və pulda olan hər bir adama dərin hörmət hissi bəsləyir.

Bunun ən açıq sübutu kimi, həmin bu yaramazların insanlar tərəfindən bəh-bəhlə, azərbaycanlı üçün xüsusi ictimai məna daşıyan toylara dəvət edilməsi, onların ən hörmətli qonaq kimi şadlıq evlərinin giriş qapısında gəlin və bəyin ata-anası tərəfindən qarşılanması, ən yaxşı masada oturdulması, toy boyu pərvanə kimi başına fırlanılması və daha nələr və nələri misal göstərmək olar. İnsanlar, bu yaramazlara təkcə toylarında deyil, yas yerlərində də, küçədə də, marketdə də, bir sözlə, gördükləri hər yerdə dərin hörmət bəsləyirlər.

Platonun “Menon” dialoqunda Sokrat, “sağlam ağılın” ədalətli olmasına heç bir şübhə etmədən inanan varlı bir adamla söhbət edərkən təsvir olunur. Menon, pulun fəzilətlə birbaşa əlaqəsi olduğuna dərindən inanan, Fesalliyadan Attikaya gəlmiş yekəxana bir aristokratdır. O, Sokrata deyir ki, fəzilətli olmaq üçün mütləq varlı olmalısan. Menona görə, kasıblıq təsadüf sayılamamalı, insanın şəxsi çatışmazlığı kimi qəbul edilməlidir.

Menon deyir: Fəzilətli o insandır ki, onun çoxlu varı var və o, yaxşılıq etməyi özünə rəva görə bilir.

Buna cavab olaraq Sokrat suallar verməyə başlayır:

Sokrat: Sən, fəzilətlilik deyəndə, yalnız varlı olmağı nəzərdə tutursan, ya başqa şeyləri də ora əlavə edirsən?”

Menon: Əlbətdə ki, qızıl yığmaq və dövlətdə vəzifəyə sahib olmaq, hörmət nail olmaq, fəzilətlilik sayılmalıdır.

Sokrat: Sən başqa heç nə yox, məhz bunları fəzilət sayırsan, elədir?

Menon: Bəli, məhz bu kimi şeyləri sayıram…

Sokrat: Bəs, Meon, sən bu kimi fəzilətlərdən danışanda, ora “ədalətli” və “vicdanlı” sözünü əlavə etmək istəmirsən? Bəlkə, var-dövlətin vicdansız yolla əldə edilməsində sən heç bir fərq görmürsən? Bunudamı fəzilətlilik hesab edirsən?

Menon: Heç bir halda. Sokrat!

Sokrat: Demək ki, sən bunu pozğunluq sayırsan?

Menon: Əlbətdə!

Sokrat: Özün də gördüyün kimi, istənilən gəlir hər zaman və hər yerdə, gərək ədalətlə, vicdanla, düşüncə və ya fəzilətin digər bir hissəsi ilə bərabər yürüsün. Ədalətsiz, vicdansız yolla özün və ya digərləri üçün əldə edilən gümüş, qızıldan imtina etmək – səncə, bu da fəzilət deyilmi?

Menon: Elədir, yəqin ki.

Sokrat: Demək ki, belə fəzilətlərdən imtina, onun əldə edilməsindən heç də az fəzilətlilik sayılmamalıdır. Fəzilətlilik, belə aydın oldu ki, ədalətlə ediləndə sayılır. Ona zidd olacaq istənilən şey isə pozğunluq sayılmalıdır.

Menon: Məncə, əksini idda etmək mümkünsüzdür!

Bu kiçik dialoqdan göründüyü kimi, fəzilətli olmaq üçün varlı olmaq kifayət etmir. Varlı inanlar hörmətə layiq ola bilər, amma bu onların varı necə qazandıqlarından asılıdır.

Sokrat metodunu və onu izah edən dialoqu niyə misal çəkirəm? Ona görə ki, çoxumuz əslində kimin vicdansız, nadürüstlüklə pul qazandığını bilirik. Amma bunun pozğunluq olduğunu sübut etməkdə çətinlik çəkirik. Məsələn, toy məclisində gedib toy sahibinə desən ki, sizin dəvət etdiyiniz filankəs oğraşlıqla, dələduzluqla, pozğunluqla pul qazanıb, amma siz onu toya dəvət etmisiniz… Həmin toy sahibi sərsəmlədiyini düşünəcək və ikrahla sənə baxacaq. Nə qədər çalışsan da, o adama bunun yanlış olduğunu, bu kimi yaramazların bütün məclislərdən qovulmalı olduğunu, onların səma altında yaşamağa hüquqları olmadığını sübut edə bilməyəcəksən.

Sokrat bu düşüncənin doğur təsəvvür saysa da, onun rasional olaraq izah edə bilməməyi əksiklik sayır. Sokrata görə, bilmək əslində odur ki, yalnız nəyinsə doğru olduğunu sübut etmirsən, həm də alternativlərin də yanlış olduğunu göstərirsən. Sokrat bu iki yanaşmanı, məşhur heykəltaraş olan Dedalanın heykəlləri ilə müqayisə edir.

İntuitiv şəkildə əldə olunan həqiqət, açıq səma altında dayaqsız duran heykələ bənzəyir. Bir az sərt külək onu dərhal aşırda bilər. Amma sübutlarla, məntiqlə yüklənmiş həqiqət üç tərəfdən iplə yerə bərkidilmiş heykələ bənzəyir. Tufan vaxtı belə o, möhkəm şəkildə yerində qalacaqdır.

Ona görə də, təkcə insanların yanlış etdiyini deməklə iş bitməyəcək, gərək ki, insanlar fikirlərini məntiqlə də izah etsin. Çünki əks halda, həmin bu yaramaz insanlar, bizi öz nüfuzlarından istifadə edib daima susduracaqdır. Cəmiyyətə haqlı olduqlarını, etdikləri şeyin tərifli və qəbul edilən olmasını təbliğ edəcəklər.

Bu işdə ictimai qınağı formalaşdırmaq çox vacibdir. İnsanlar onları çapıb-talayan adamları uğur modeli, bacarıqlılıq, fərasətlilik, fəzilətlilik kimi görməməlidir. İnsanlar, vicdansız və ədalətsiz yolla millyonlara sahib olanlara hörmət etməməyi öyənməlidir.

Bəlamızın səbəbi, həm də bu yaramaz canilərin xalq tərəfindən hörmətlə qarşılanmasıdır. Doqquz milyonluq ölkədə bu insanların cinayətlərini dilə gətirən, onlara hörmət etməyən insanların sayı barmaqla sayılacaq qədərdir. Bu, bizim cəmiyyət olaraq faciəmizdir. Bu, bizim cəmiyyət olaraq nə qədər pozğun dəyərlər üzərində həyatımızı davam etdirdiyimizi göstərir.

Utanmalı olduğumuz şeyə sırtıqcasına baxıb gülür, quyruğumuzu bulayır, gözlərimizə məzlumluq ifadəsi verib, tərifin “t” hərifinə layiq olmayan insanlara tərif deyirik. Xalq olaraq, hazırkı vəziyyətin davam etməsində müstəsna rolumuz var. Ona görə ki, ölkədə yaşayan doxsan beş faiz insan, Azərbaycandakı nəyinki istənilən əxlaqsız deputatın, ən xırda yaramaz JEK məmurunun belə yerində olmaq istərdi.

Cəmiyyət olaraq dəyərlərə bu qədər cani-könüldən tüpürməyimizdən möhkəm utanmalıyıq. Təklif edilən yaramazlıqdan imtina etməyi bacarmalıyıq, “yox” deməyi öyənməliyik. Milli-mənəvi dəyərlər deyəndə ağlımıza məhz bu fəzilətlər gəlməlidir, əksinin pozğunluq olduğunu anlamalıyıq.

Bütün bunları bilmək üçün isə Sokrat olmağa ehtiyac yoxdur, bir az düşünmək və bir az da hiss etmək yetir.


Yazıda Platonun “Menon” dialoqu və Alen De Battonun “Fəlsəfə ilə Təsəlli Tapmaq” kitabından istifadə edilib.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Meydan.Tv-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəXəbərlərMilli hörmət kriteriyalarımız…