Millət necə təltif edir

Bakı. Foto: Meydan TV

Zərdüşt Əlizadə

Azərbaycan cəmiyyəti müharibədən sonrakı gerçəkliyi dərk etməyə qadirdirmi?

On doqquzuncu əsrin ikinci yarısında rus kəndliləri zülm içində, kölə kimi yaşayırdılar. Xalqsevər gənclər kəndliləri oyatmaq, onlara hüquqlarını anlatmaq, torpaq sahibliyini onlara qaytarmaq niyyəti ilə kəndlərə gedib kəndliləri torpaq naminə mübarizəyə səsləyirlər. Onların kəndlilərə çatdırmaq istədikləri fikir çox sadə idi: torpaq onu əkənin, becərənin olmalıdır.

Zərdüşt Əlizadə
Foto: Meydan TV

Rus kəndliləri bu fikirləri səsləndirən gənc oğlan və qızları dinləyəndən sonra onları tutub döyür, qollarını bağlayıb mülkədarların hüzuruna gətirir və ağalarına şikayətlənirdilər ki, “bu yaramazlar bizi sizin üstünüzə qaldırmaq istəyirlər və deyirlər ki, sizin torpaq əslində bizim olmalıdır”.

Təbii ki, mülkədarlar tutulub döyülmüş xalqsevərləri jandarmalara təhvil verirdilər, onları dübarə döyüb məhkəməyə ötürürdülər, hakimlər də onlara çar Rusiyasında layıq olduqları cəzanı verirdi.

Rus xalqı bu sahədə yeganə deyildi. İranda XX əsrdə şah zamanında bəzi azadixah insanlar kəndlərə gedib kəndliləri torpaq uğrunda mübarizəyə səsləyirdilər. İran kəndliləri bu xalqsevər gəncləri tutub döyürdü, sonra aparıb mülkədara təhvil verirdi ki, “ağa, bu pedər suxtə bizi sizin üstünüzə qaldırır, deyir ki, bizim əkib-becərdiyimiz torpaq sizin yox, bizim olmalıdır”.  Mülkədar da bu xalqsevər gənci təhvil verirdi jandarmalara… sonrası məlum.

Kuba inqilabının qəhrəman rəhbərlərindən biri, ölkənin iqtisad naziri Ernesto Çe Gevara təğyiri-libas olub gizlincə Boliviyaya gedir və orada torpağın latifundistlərdən alınıb kəndlilərə verilməsi uğrunda partizan müharibəsinə başlayır. Qəziyyədən xəbər tutan ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi Boliviyaya öz agentlərini və xüsusi təyinatlılarını göndərir. Əfsanəvi Çenin nəcib məqsədlər naminə başladığı mübarizə xəbəri kəndlilər arasında yayılır. Bir kəndli Çenin partizan dəstəsinin gizləndiyi yeri hökumətə xəbər verir, böyük hərbi qüvvə Çenin kiçik dəstəsini mühasirəyə alır, döyüşdə Çeni əsir götürür. Boliviya prezidenti onun qətlinə fərman verir, Çeyə doqquz güllə vurub həqiqətən Çe Gevaranı öldürdüklərinin sübut etmək üçün onun iki əlini kəsib götürürlər.

Çe dünyanın əfsanəvi qəhrəmanına, ədalət naminə mübarizənin rəmzinə çevrilir, onun haqqında mahnılar qoşurlar, filmlər çəkirlər.

Onun yerini bildirmiş Boliviya kəndlisinə hakimiyyət səxavətlə mükafat verir və onu xeyli sevindirir.

Xalqsevərlərin Azərbaycanda eyni aqibəti bizim xalqın analoqsuz olmadığını, başqa xalqlara bənzədiyini sübut edir. Lap uzaqdan deyil, yaxın keçmişdən başlayaq.

 Mirzə Fətəli Axundzadə, müasir ədəbiyyatımızın banisi, ömrünü xalqın maariflənməsinə həsr etmiş görkəmli ictimai xadim. İndi onun adı mədəniyyətimizin fəxri sayılır.

Sağlığında xalq ona nifrət edirdi, öləndə onun nəşini Tiflisin müsəlman qəbristanlığında basdırmağa icazə vermədi, odur ki, meyid iki gün sonra beş adamım müşayiəti ilə Botanika bağında dəfn edildi. Yolunuz Tiflisə düşsə, xalqsevər ədibin məzarına məhz Botanika bağında baş çəkə bilərsiniz.

Həsən bəy Zərdabi, milli mətbuatın banisi.  Ömrünü-gününü xalqın maariflənməsinə həsr etmiş görkəmli ziyalımız daima geniş xalq kütləsi tərəfindən istehza və rişxənd hədəfi olmuş, ona həqarətlə “papaqlı urus” demişlər.

Azərbaycan cəmiyyəti müharibədən sonrakı gerçəkliyi dərk etməyə qadirdirmi? Böyük dövlətlərin Qarabağın rusların nəzarət etdiyi hissəsinin ətrafında apardıqları oyunu anlayırmı?

Mirzə Ələkbər Sabir, XX əsrdə yazıb-yaratmış üç dahi şairimizdən biri. Canını xalqına fəda etmiş şairin ömrünün sonunda bircə arzusu olur: sağlığında çap olunmuş kitabını görmək. Kitabı çap etməyə pulu olmur, ona məsləhət verirlər ki,  kömək üçün xalqa müraciət etsin. Hesab açıb müsəlmanlara deyirlər ki, şairə kitab nəşri üçün ianə versinlər. Heç bir müsəlman pul  vermir, bir erməni taciri hesaba iki yüz manat köçürür.

Sabir çap olunmuş kitabını görmədən dünyadan köçür.

Və sair və ilaxır. Bütün bunları gözəl bildiyimdən və gəncliyimdən həyatımı xalqa həsr etməyi qət etdiyimdən hər bir xalqa verdiyim faydalı məsləhətin, etdiyim xidmətin əvəzində tənə, söyüş  və yumruq gördüyümə əsla təəccüblənmirdim. Bu, xalqın məni sanki təltif etməsidir. Mən xalqımdan belə münasibəti tam təbii sayıram. Belə münasibətlə xalq məni sanki Mirzə Fətəlinin, Həsən bəyin, Mirzə Ələkbər Sabirin yüksəkliyinə qaldırır, hərçənd ki, bilirəm: mən onlarıa tay ola bilmərəm, onların ucalıqlarına çatammaram.

Buz soyuqdur, deyilmi? Od yandırır, deyilmi?  Su yaşdır, isladır, deyilmi? Xalqa sözün düzünü desən, söyüləcəksən, döyüləcəksən, deyilmi?

1990-cı ilin yanvar ayının 7-də Xalq Cəbhəsinin Akademiyada keçirilən konfransında AXC İdarə Heyətinin 15 üzvündən yeganə mən oldum ki, cəbhədaşlarımı zorakılıqdan çəkinib dinc qanuni üsullarla seçkilərə hazırlaşmağa səslədim. Əvəzində zalın əksəriyyəti ayağa qalxıb mənə “qorxaq, satqın” bağırdı. Qana və zora səsləyən Əbülfəz Əliyevə alqış dedi.

Mafiyaların hakimiyyət savaşında qurbanlıq quzu olan xalq hələ də 20 Yanvar hadisəsinin əsl mahiyyətini anlamayıb, onu qəhrəmanlıq dastanı sayır, elə bilir ki, SSRİ-ni 20 Yanvar dağıdıb, bizi müstəqilliyə çıxarıb.

27 il dostlarımla birlikdə Ermənistanla Azərbaycan arasında münaqişənin dinc həllini aradıq, tapdıq və təşviq etdik. Erməni xalqını təmsil edən insanlar bizim bütün təkliflərimizi rədd edib “biz qalibik və geri çəkilmərik” dedilər.

Mən onlara “sonunuz məğlubiyyət və fəlakət olacaq, özünüzü saxta qələbə ilə aldatmayın” dedim.  Cavabında üzümə güldülər, rişxəndlə üzümə azərbaycanca “Qarabağ bizimdir” dedilər.

44 günlük müharibənin nəticəsi erməni cəmiyyətini sındırdı və çaşdırdı. Bu cəmiyyət hələlik gerçəkliyi dərk etməyə qadir deyil.

Azərbaycan cəmiyyəti müharibədən sonrakı gerçəkliyi dərk etməyə qadirdirmi? Böyük dövlətlərin Qarabağın rusların nəzarət etdiyi hissəsinin ətrafında apardıqları oyunu anlayırmı?

Bu yaxınlarda məqalə yazıb dedim ki, ermənilərə şərəfli barış şərtlərini açıqlamaq lazımdır. Bizim diplomatlar 1988-ci ildə qovulmuş azərbaycanlıların Ermənistana qayıtmasını təklif edirlər. “Yerazlar” təşkilat yaradıb elan edirlər ki, qayıdacaqları halda Ermənistan qanunlarını tanımağa hazırdırlar. Mən də yazdım ki, Qarabağın erməni əhalisinə təklif etmək lazımdır: Şuşaya və Hadruta qayıtmaq istəyən insanlar bu istəyi Azərbaycan hökumətinə bildirsinlər.

Açığı, medianı və sosial şəbəkələri izləmirəm, zira xalqımın qabiliyyətinə bələdəm. Fəqət bu dəfə bir dostum xəbər verdi ki, mənim bu təklifim bəzi Qarabağ azərbaycanlılarını qəzəbləndirib və onlar mənim çoxdan vətən xaini olduğumu yada salıblar.

Mən bu xəbəri çox biganə qarşıladım. Məni qınayanlara deyə bilərəm ki, Tövratda da, İncildə də, Quranda da Allah buyurub:  “Özünə rəva qılmadığını özgəsinə rəva qılma”. Yəni əgər biz istəyirik ki, ermənilər adam olub bizim yerazların öz vətənində yaşamaq hüququnu tanısınlar, gərək biz də Qarabağ ermənilərinin öz vətənlərində yaşamaq hüququnu tanıyaq.

Deyə bilərəm, ancaq demirəm. Xeyri yoxdur. Anlamazlar. Bu sözü qəti hökm şəklində hakimiyyət desə, dinməz-söyləməz tabe olub qəbul edəcəklər. Tək bizim deyil, demək olar ki, dünyanın bütün xalqları belədir, onları yaxşı tanıyıram.

Belə-belə işlər. Qəm yeməyin, nə vaxtsa, ola bilsin, iki yüz il sonra, bizim xalq da inkişaf edib Skandinaviya xalqlarının səviyyəsinə çatacaq, onda öz xeyri ilə şərini ayırd etməyi hissiyyatla deyil, şüurla öyrənəcək.

Hələliksə “hər bir xalq layiq olduğu hakimiyyətə malikdir”.   

Ana səhifəMənim FikrimcəMillət necə təltif edir