Mikayıl Müşfiqin abidəsi təkrar həmin ərazidə quraşdırılacaq

Əraziyə baxış keçirilib

Source:
fotolar report.az
fotolar report.az


Əraziyə baxış keçirilib

Şair Mikayıl Müşfiqin abidəsi həmin ərazidə, əvvəlki görkəminə heç bir xələl gətirilmədən quraşdırılacaq.

Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumatda deyilir ki, Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni irsin mühafizəsi, inkişafı və bərpası üzrə Dövlət Xidmətinin rəhbəri Zakir Sultanov, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbəy Qasımzadə, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, həmçinin mütəxəssislər heykəlin olduğu əraziyə baxış keçiriblər.

Zakir Sultanov tarixi əhəmiyyət kəsb edən tikililərin, mədəniyyət abidələrinin qanunvericiliyə uyğun şəkildə aidiyyəti dövlət orqanları ilə razılaşdırmadan, icazəsiz sökülməsinin yolverilməz olduğunu bildirib:

“Göründüyü kimi, heykəl olduğu ərazidən götürülüb. Ərazidə tikinti işləri gedir. Bu gün bura toplaşmağımızın da əsas məqsədi heykəlin yenidən bu ərazidə bərpa olunmasının ən qısa zamanda həyata keçirilməsini təmin etməkdir. Görkəmli şairimizin heykəli elə bu ərazidə, yaşayış binasına yaxın yerdə qoyulacaq. Ərazidə yaşıllaşdırma və abadlıq işləri də aparılacaq. Artıq bu istiqamətdə işlərə başlanılıb. Düşünürəm ki, təxminən bir ay müddətində heykəl yenidən burada ucaldılacaq”.

Elbəy Qasımzadə də bildirib ki, şairin heykəli aidiyyəti dövlət orqanına məlumat verilmədən götürülüb: “Burada icra olunan iş üçün yalnız yolun lahiyəsi var. Amma layihədə abadlıq işlərinin görülməsi, heykəlin harada yerləşməsi, necə olacağı müəyyənləşməyib. Bizə təklif edirlər ki, qarşıda böyük meydan yaranıb, heykəl həmin meydanın ortasında qoyulsun. Bu, ola bilməz. Heykəlin miqyası böyük olmadığına görə kiçik bağçada yerləşməlidir. Mən məsləhət gördüm ki, heykəl həmin ərazidə, bir qədər geridə, binanın qarşısında bərpa olunsun”.

Elbəy Qasımzadə bu gündən başlayaraq heykəlin bərpa olunması işlərinə başlandığını diqqətə çatdırıb.

Nazirlikdən bildirilib ki, baş vermiş hadisə ciddi nəzarətdədir. Nazirlik tərəfindən abidənin yenidən qısa zamanda bərpa olunması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir.

M.Müşfiqin 1970-ci ildə qırmızı qranitdən hazırlanan heykəlinin müəllifi əməkdar rəssam Münəvvər Rzayevadır.

Fevralın 27-də şairin heykəli ərazidən götürülüb və bu, geniş narazılığa səbəb olub. Prezidentin məsələyə iradından sonra “Azəravtoyol” ASC 3 əməkdaşını cəzalandırdığına dair məlumat yayıb

Ana səhifəXəbərlərMikayıl Müşfiqin abidəsi təkrar həmin ərazidə quraşdırılacaq