Midas lənəti

Demokratik dövlətlərdə araşdırma işlərinin müstəsna əhəmiyyəti

Source:

Uzağa getməyək, ABŞ-ın prezidenti Riçard Niksonu “Uotergeyt” mehmanxanasında Demokrat partiyasının seçki qərargahına gizli girmiş adamların istintaq işi barəsində aparılmış araşdırma yazıları istefa verməyə məcbur etmədimi?

Yaxud, digər klassik nümunəni yada salaq: Federal Almaniyada Günter Valraf adlı sarışın və göygöz bir jurnalist saçını qara rəngə boyadı, gözünə qara linzalar taxdı, öz ana dilini türk miqrantı kimi sındırdı, zavoda və tikintiyə işə düzəlib, orada uzun müddət işləyəndən sonra bütün əldə etdiyi məlumatı Almaniyada miqrantların üzləşdiyi ifrat istismar və ayrı-seçkilik barədə yazdığı kitabla bütün alman xalqına xəbər verdi.

Dedi ki, “bizim dövlətdə miqrantların insan hüquqları biabırçı tərzdə pozulur!” Bu araşdırma əsasında neçə cinayət işinin başlanmasını, bundestaqın neçə yeni qanun qəbul etdiyini bütün jurnalistika fakültələrində tədris edib Valrafın bu işini araşdırma jurnalistikasının tarixində ən parlaq səhifə sayırlar.

Müstəqil Azərbaycanda da araşdırmaçı jurnalistika inkişaf etməyə çalışırdı. Fəqət zalım fələk qoymadı.

2011-ci ildə Soros Fondunun təşkil etdiyi araşdırmaçıların müsabiqəsində münsif heyətinin üzvü kimi xeyli sevinmişdim.Bizim azəri jurnalist xanımların və bəylərin müsabiqəyə təqdim etdikləri işlərlə tanış olduqca fərəhlənirdim. Təbii ki, onlardan Valraf səviyyəsini gözləmək hələ tez idi, lakin “Azərbaycan da Almaniya deyil” düşünərək bu başlanğıcı çox uğurlu sayırdım.

Jurnalistlərdən yalnız Nicat Dağlar Valrafsayağı işləmişdi. Özünü fermer qələmə verərək “Aqrolizinq”dən kənd təsərrüfatı maşınları götürmək üçün danışıqlara başlamış və bu birliyin müştəriləri və dövləti necə talan etməsinin mexanizmini açmışdı. Başqa bir araşdırmasında Nicat Dağlar “Sokar”ın izi ilə gedib yüz milyonların talan olunduğu xarici ölkə layihələrinə gedib çıxmışdı.

Müsabiqədə iştirak etmiş hər bir jurnalist öz araşdırması ilə sübut etmişdi ki, ölkəmizdə oğurluq və rüşvətə bulaşmamış bir sahə belə yoxdur. Ölkəni xaricdə tanıtdırmaqdan gözəl nə ola bilər? Fərəh Sabirqızı şanlı YAP quruluşunun bu iş üçün ayrılan 30 milyon manatdan çox vəsaitin necə gizli, qanunsuz və səmərəsiz xərcləməsinin üstünü açmışdı. Rəna Allahverdiyeva milli təhsil sisteminin böyük məsrəflərə rəğmən tam səmərəsiz işləməsini rəqəmlərlə ortaya qoymuşdu.

Arifə Kazımova Abşeronun su təchizatının yaxşılaşdırılması üçün ayrılmış böyük vəsaitin tarmar edilməsini təsvir edərkən yadıma Mirzə Cəlilin, Əziz Nesinin qəhrəmanları düşürdü. Nüşabə Fətullayeva Olimpiya komplekslərinin tikintisi üçün ayrılmış 200 milyon manatın müqabilində ölkəmizin gözə çarpan idman uğuru əldə etmədiyini xatırlatmışdı. Elxan Salahov araşdırmasının mahiyyətini “Bahalı diaqnostika mərkəzlərinin ucuz sonluğu” başlığı ilə sərrast ifadə etmişdi.

Fərman Nəbiyev öz araşdırması ilə “Son üç ildə “Azərenerji” ASC və onun yerli qurumları smart-kart tipli sayğacların alınması və quraşdırılması prosesində ictimaiyyətdən nəyi gizlədiblər” sualının cavabını vermişdi. Hicran Həmidova “Milyonlar su kimi içilir” yazarkən rayonlarda, el-obalarda xalqın keyfiyyətsiz su və ya susuzluq ilə üz-üzə qalmasını, bu dərdə çarə qılmaq üçün ayrılan vəsaitin naşı və əliəyri məmurlar tərəfindən səmərəsiz xərclənməsini təsvir və təhlil etmişdi.

Zülfüqar Hüseynzadə sanki həmkarının ürəyini oxuyub öz araşdırmasını “Su kimi sovrulan pullar” qoyub, məzmunu da sərlövhəyə uyğun yazmışdı. Əfsun Sucayev istilik təchizatı sistemində inhisarçı şirkətin israfçılığı və özbaşınalığı barəsində yazı təqdim etmişdi. Xalid Vahidoğlu kənd yollarını büdcə vəsaitini mənimsəmək üçün növbəti tələ adlandırdığını sübut etməkdən ötrü bu yolları addımlamış, öz gözü ilə müşahidə və təsvir etmişdi.

Həmin müsabiqəyə təqdim edilmiş araşdırmaların hamısını xatılatmaq mənim məqsədim deyil. Sadəcə yada salmaq istəyirəm ki, Azərbaycan jurnalistikasında çox canlı və çevik bir araşdırma janrı yaranırdı. Bu araşdırmalar səmərəli və həqiqətən xalqına xidmət etmək istəyən hakimiyyət üçün böyük fayda gətirə bilərdi. Lakin onu böyüməyə qoymadılar. Niyə?

Çünki bu araşdırmaların hamısınin ortaq məxrəci var idi. Azərbaycan jurnalisti nədən olur-olsun yazırsa, qaçılmaz bir tərzdə müstəqil dövlətimizin danılmaz cövhəri olan oğurluq və rüşvətə gəlib dirənir. İstər ekologiya, istər su və kanalizasiya, istər Avrovizion müsabiqəsi, istər idman stadionlarının tikintisi, istər yol hərəkətinin intellektual idarə edilməsi sisteminin qurulması, istər kənd təsərrüfatı məhsullarının saxlanması üçün soyuducuların tikilməsi, istər xərçənf xəstələrinin müalicəsi üçün ayrılan büdcə vəsaitinin xərclənməsi, hamısı, hamısı… oğurluq və rüşvət mənbəyidir.

Qədim yunan əsatirində tamahkarlığına görə lənətlənmiş şah Midas əlini nəyə vururdusa, həmin əşya qızıla dönürdü və qızıl içində üzən Midas acından ölmüşdü. İndi də bizim hakimiyyət hansı işin qulpundan yapışırsa, həmin iş mütləq oğurluq və rüşvət mənbəyinə çevrilir və xalqa heç bir xeyir gətirmir. Qalmaq və yaşamaq istəyən hakimiyyət nə etməlidir? Qüsuru əhalinin, ilk növbədə jurnalistlərin köməyi ilə açmaq və sonra oğrular barədə cinayət işi qaldırıb onları cəzalandırmaq yolu ilə vəziyyəti islah etmək…

Bizdə nə baş verdi? Bu yazılar dərc olundu, müsabiqə keçdi, ən yaxşı araşdırmalara mükafat verildi, hökumətin heç tükü tərpənmədi, həmin oğurluq və talan sonrakı illərdə də təkrar olundu. Təbii ki, düz sözü deyən ağızları qapatmaq lazım idi, buna görə vətəndaş cəmiyyəti özəklərinə dövlətin təzyiqi gücləndi, xarici donor təşkilatları bir sinif kimi ləğv edildi.

Bunun xeyri oldumu? Neft ucuzlaşdı, müftə pullar hesabına şişmiş büdcə kiçildi, bacarıqsız və tüfeyli hakim zümrə ölkəyə heç bir çıxış yolu göstərə bilməyərək səmərəsiz və mənasız təmrinlərə baş vurdu.

Hakimiyyətin sinfi mahiyyəti onu sinfi həmrəyliyə sövq edir, fəqət bu həmrəyliyin axırı mütləq “Eldar Mahmudov işi” tipli sonluqla nəticələnəcək. Ölkə sağalmaq və sağ qalmaq istəyirsə, danışan ağızları, görən gözləri qapatmamalıdır.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Meydan.Tv-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəMidas lənəti