Ərəstun Oruclu: “Bu qətnamə Ağ Evin siyasi xətti deyil”
ABŞ-ın Miçiqan ştatının senatı Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində yaradılmış “Dağlıq Qarabağ Respublikası”nın tanımasına dair qətnamə qəbul edib. Miçiqan dırnaqarasl respublikanı dövlət adına tanıyan 8-ci ştatdır.
Qətnamə ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, ABŞ-ın xarici siyasəti federal hökumət tərəfindən müəyyən olunur. ABŞ hökuməti üzərinə götürdüyü beynəlxalq öhdəliklərinə uyğun olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini tanıyır və dəstəkləyir:
“ABŞ-ın bu mövqeyi bir daha 22 sentyabr tarixində BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində keçirilmiş GUAM Xarici İşlər Nazirləri Şurası və ABŞ arasında keçirilmiş görüşdə qəbul edilmiş yekun bəyanatda öz təsdiqini tapıb. Bəyanatda ABŞ-ın Helsinki Yekun Aktına uyğun olaraq GUAM üzv dövlətlərinin suverenliyi və ərazi bütövlüyünə sadiqliyi bir daha bəyan edilir. Həmçinin, GUAM-a üzv dövlətlərinin məruz qaldığı gücdən istifadə təhdidinə münasibətdə narahatlıq ifadə olunur”.
H.Hacıyev deyib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə substantiv danışıqlar yolu ilə həllinə və regionda davamlı sülhün təmin olunmasına töhfə vermək əvəzinə Ermənistan və ABŞ-dakı erməni lobbisi və onun təsiri altında olan bəzi şəxslər özlərini gülünc vəziyyətinə qoyan bu kimi lüzumsuz fəaliyyətlə məşğul olurlar”.
ABŞ-da mühacir həyatı yaşayan siyasi icmalçı Ərəstun Oruclu Miçiqan ştatının qətnaməsini şərh edərkən Meydan TV-yə bildirib ki, ABŞ xarici siyasəti Konqresin qəbul etdiyi qanunlar əsasında Ağ Ev və Dövlət Departamenti tərəfindən müəyyənləşdririlir. Ona görə də hər hansı ştatın qətnaməsi çox mənasız və əhəmiyyətsizdir:
“Bu ştat orta səviyyəli olsa da, hər halda yerli qanunverici orqanının belə bir qətnamə qəbul etməsi yalnız deklarativ xarakter daşıya bilər. Bu mənada qətnamənin Amerikanın xarici siyasətinə təsiri, yaxud istiqamətləndirici tövsiyəsi olmayacaq”.
Amma Ərəstun Oruclu bu cür sənədlərə qarşı bütün resurslardan istifadə etməklə birmənalı mübarizə aparmağın lazım olduğunu deyir.
O, qətnamənin gündəmə gəlməsində erməni lobbisinin rolunu çox şişirtməyin əleyhinədir:
“Miçiqan ştatında erməni lobbisinin təsiri sıfırdan aşağıdır. Ötən bir ildə ABŞ-da yaşadığım zamanda erməni lobbisinin Azərbaycanda yaradılmış mifini görmədim. Məncə, qətnamənin qəbulu Konqresə təqdim edilmiş layihəni gücləndirmək xarakteri daşıya bilər. Bilirsiniz ki, 3 konqresmen Kürdüstana dəstək qanun layihəsi təqdim edib. Amerika hər zaman kürd müstəqilliyi məsələsindən məsafə edib, bu, üzdə olandır. Elə təsəvvür yaranıb ki, Kürdüstanın müstəqilliyini dəstəkləyən yalnız İsraildir. Amma İsrail o miqyasda oyunçu deyil ki, belə qlobal məsələlərə qatılsın, bu dövlətin özünün kifayət qədər problemləri var. Sadəcə, separatçı qüvvələri dəstəkləyib, bölgə dövlətlərini daha sərt xətt tutmağa sövq etmək üçün İsraili önə veriblər. İndi də Amerika məsələni gündəmə gətirməklə kürd dövlətinin yaradılması üçün baza qururlar. Qarabağ məsələsinin gündəmə gəlməsi də birmənalı olaraq bununla bağlıdır. Bir daha deyirəm, bu qətnamə Ağ Evin və ya departamentin siyasi xətti deyil”.