Məhkəmə Əli Kərimlinin şikayətinə baxmaqdan imtina etdi

Amma Ə.Kərimli telefon rabitəsi və internet xidmətindən istifadə hüququnun məhdudlaşdırılmasıyla əlaqədar başqa hüquqi addımlar da atmaq niyyətindədir.

Source: Foto: arxiv


“Hakim qərardadda göstərib ki, guya iddia qanunvericiliyə uyğun hazırlanmayıb”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli internet xidməti və telefon rabitəsinin məhdudlaşdırılmasıyla əlaqədar məhkəməyə şikayət etsə də, onun iddiasına baxmaqdan imtina olunub. Bu barədə Meydan TV-yə AXCP-nin mətbuat xidmətindən məlumat verilib.

Ə.Kərimli ilə yanaşı, həyat yoldaşı Samara Seyidova da şikayətçi idi. Çünki Ə.Kərimlinin mobil telefonuyla yanaşı, ümumilikdə mənzildə və həyat yoldaşının telefonunda da rabitə və internet xidmətinin məhdudlaşdırılmasından söhbət gedir. Onlar birgə iddia qaldıraraq, mobil rabitədə istifadə etdikləri “Azercell Telekom”u və “SAZZ” provayderinin daxil olduğu “AzQTel” şirkətlərini məhkəməyə vermişdi. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin adı isə bu işdə üçüncü şəxs qismində keçirdi.

Nəsimi Rayon Məhkəməsinin hakimi Natəvan Tağıyeva iddianın baxılmadan geri qaytarılması barədə qərardad çıxarıb.

“Hakim qərardadda göstərib ki, guya iddia qanunvericiliyə uyğun hazırlanmayıb, iddia tələbi əsaslandırılmayıb, pozuntu faktını təsdiqləyən sənəd-sübutlar əlavə olunmayıb. Bu, şikayətə baxmamaq üçün uydurulmuş bəhanədən başqa bir şey deyil. Azərbaycan məhkəmələrindən fərqli nəticə də gözləmirik. Son vaxtlar yerli məhkəmələr süründürməçilik yoluyla işlərin Avropa Məhkəməsinə getməsinin qarşısını almaq üsulundan istifadə edirlər. Çünki Avropa Məhkəməsinə getmək üçün mütləq yerli məhkəmə instansiyalarını keçmək lazımdır. Görünür, bu da həmin məqsədə xidmət edən addımdır”, – deyə AXCP-dən bildirilib.

Amma Ə.Kərimli telefon rabitəsi və internet xidmətindən istifadə hüququnun məhdudlaşdırılmasıyla əlaqədar başqa hüquqi addımlar da atmaq niyyətindədir.

Ə.Kərimlinin sözlərinə görə, aprelin 13-dən axşam saat 22.00 radələrindən həm özünün, həm də onunla eyni mənzildə yaşayan ailə üzvlərinin rabitə və internet imkanları məhdudlaşdırılıb. AXCP sədri o vaxtdan davam edən bu məhdudiyyətin texniki məsələ və ya tə təsadüf olmadığını, siyasi məqsədlərdən qaynaqlandığını düşünür. Məhkəməyə təqdim etdiyi iddia ərizəsində də bunu vurğulayıb, son 20 gündə köməkçiləri və rəhbərlik etdiyi partiyanın fəallarının həbsinin də eyni dövrə təsadüf etməsini xatırladıb.

Ə.Kərimli iddia ərizəsində qeyd edib ki, xüsusi karantin rejimi dövründə özü və ailə üzvlərinin rabitə, internet imkanlarını məhdudlaşdırmaqda, onları faktiki ev dustağı vəziyyətinə salıblar.

AXCP sədri və xanımının iddia tələbi budur ki, məhkəmə baş verənlərin İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasının 3, 8, 10, 14 və 18-ci maddələri ilə təminat verilən pis rəftara məruz qalmamaq, özəl həyata hörmət, ifadə azadlığı, bərabərlik, siyasi motivlərlə təqiblərə məruz qalmamaq hüquqlarının pozuntusu olduğunu təsdiqləsin.

“Azercell Telekom” MMC-nin Korporativ Ünsiyyət şöbəsinin rəhbəri Nigar Şıxlinskaya isə Meydan TV-yə bildirib ki, şirkət siyasi mövqeyinə görə abunəçilər arasında fərq qoymur: “Abunəçilərin hamısına eyni münasibət göstəririk. Bizim üçün nə irqi, nə milli, nə də dini mənsubiyyətin fərqi var. Hamısına eyni səviyyədə xidmət göstəririk. Əgər abunəçinin nömrəsində hər hansı məhkəmə çəkişməsi və ya nömrənin fəaliyyətinə çətinlik yaradan faktorlar yoxdursa, “Azercell”in nömrəni bağlamaq üçün heç bir səbəbi yoxdur”.

Ana səhifəSiyasətMəhkəmə Əli Kərimlinin şikayətinə baxmaqdan imtina etdi