“İstintaq dövründə davmlı basqı altında olub – jurnalist döyülüb, işgəncə, qeyri-insani, ləyaqəti alçaldan rəftara məruz qalıb”
Media Hüququ İnstitutu (MHİ) mayın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsinin jurnalist, “moderator.az” saytının redaktoru Pərviz Həşimlini 8 il azadlıqdan məhrum edən hökmü Azərbaycanda ifadə azadlığının boğulmasına yönəlik ən ağır basqı hesab edir.
MHİ yaydığı bəyanatda bildirir ki, məhkəmə araşdırması zamanı təsdiqini tapmamış doğruluğu şübhəli ittihamlar əsasında çıxarılan bu hökmü kəskin qınayır.
MHİ yada salır ki, Pərviz Həşimli 17 sentyabr 2013-cü il tarixdə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən saxlanılıb, istintaq dövründə məhkəmə qərarı ilə MTN-də həbsdə tutulub. Davamlı təqiblərə məruz qalmış jurnalistə silah qaçaqmalçılığı (Cinayət Məcəlləsi, Maddə 206.3.2) və qanunsuz silah gəzdirmə (Cinayət Məcəlləsi, Maddə 228.2.1) ittihamları irəli sürülüb. P.Həşimov və vəkilləri jurnalist həbs olunduğu gündən ittihamların saxta, sifarişli olduğunu bəyan ediblər. P.Həşimli istintaq dövründə davamlı basqı altında olub – jurnalist döyülüb, işgəncə, qeyri-insani, ləyaqəti alçaldan rəftara məruz qalıb.
MHİ Pərviz Həşimova qarşı ittihamların, məhkəmə hökmünün əsassız olduğunu, məhkəmə prosesinin gedişinin onun çıxaracağı son qərarın doğruluğuna inamı öncədən sarsıtdığını vurğulayır.
Media Hüququ İnstitutu Bakı Ağır Cinayətlər Məhkəməsinin Pərviz Həşimli barəsində çıxardığı ədalətsiz məhkəmə hökmünü pisləyir, onun tez bir zamanda ləğv olunmasını tələb edir.