“Məzunların 42-67 faizi məktəb proqramını mənimsəmir”

Onun fikrincə, DİM tədris proqramının mənimsənilməsini doğrudan da öyrənmək və yoxlamaq istəyirsə, hər tədris ilinin sonunda bu mexanizmi həyata keçirməlidir.

Source:


Kamran Əsədli: ''Orta ümumtəhsil proqramının mənimsənilməsini qəbul imtahanları ilə ölçmək doğru deyil''

“Orta statistik abituriyent fənlər üzrə məktəb proqramının 33-58 faizini mənimsəyir”.

“APA” agentliyinin xəbərinə görə, bu, Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi “Abituriyent” jurnalının 12-ci nömrəsində öz əksini tapıb.

Jurnalda ali təhsil müəssisələrinə imtahan vermiş abituriyentlərin Azərbaycan və rus bölmələri üzrə ayrılıqda orta statistik portreti müəyyənləşdirilib. Belə ki, Azərbaycan bölməsində orta statistik abituriyent ana dili fənnindən test tapşırıqlarının 51.52, ədəbiyyatdan 44.38, riyaziyyatdan I, II qruplarda 33.39, III, IV qruplarda 36.27, fizikadan 40.05, kimyadan 36.49, biologiyadan 57.61, tarixdən 44.23, Azərbaycan tarixindən 41.45, coğrafiyadan 44.90, ingilis dilindən I qrupda 34.66, II, III qruplarda 40.33 faizinə düzgün cavab verib.

Rus bölməsində orta statistik abituriyent isə rus dili fənnindən test tapşırıqlarının 52.49, ədəbiyyatdan 47.55, riyaziyyatdan I, II qruplarda 37.49, III, IV qruplarda 37.09, fizikadan 44.24, kimyadan 41.68, biologiyadan 56.37, tarixdən 35.58, Azərbaycan tarixindən 35.74, coğrafiyadan 42.67, ingilis dilindən I qrupda 51.48, II, III qruplarda 53.23 faizini düzgün cavablandırıb.

“Abituriyentlərin cavab göstəricilərindən aydın olur ki, hər iki bölmədə orta statistik abituriyent fənlər üzrə testlərin yalnız 33-58 faizinə düzgün cavab verib. Test tapşırıqlarının məktəb proqramını tam əhatə etdiyini və qəbul imtahanında iştirak edənlərin məktəbin seçilən şagirdləri olduğunu nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, orta statistik məzun məktəb proqramının 42–67 %-ni mənimsəmir. Bu isə ümumi təhsil müəssisələrimizin böyük qismində tədris prosesinin normal aparılmamasından, tələbkarlığın zəifliyindən, ən başlıcası isə müəllimlərin çoxunun peşəkarlıq səviyyəsinin aşağı olmasından və tədris prosesində yeni təlim üsulları və texnologiyalarından istifadə edə bilməməsindən irəli gəlir”, – jurnalda yazılıb.

Təhsil üzrə ekspert Kamran Əsədli Meydan TV-ə şərhində bildirib ki, DİM-in açıqlamasını bölüşmür.

Ekspertin fikrincə, mərkəz ona görə statistik göstəriciləri açıqlayıb ki, qəbul və buraxılış imtahanında iştirak edənlərin müvəfəqiyyət göstəricisi bu göstəricidən aşağıdır.

“Orta ümumtəhsil tədris proqramının mənimsənilməsini buraxılış və qəbul imtahanları ilə ölçmək doğru deyil. Çünki hər bir tədris proqramının mənimsənilməsi ilin yekunu əsasında müəyyənləşdirilə bilər. Amma DİM-in keçirdiyi imtahanlar tədris ilinin sonunda yox, orta ümumtəhsil məktəblərinin sonunda yoxlanılır. Əlbəttə ki, bilik daimi yaddaş deyil. Mərkəzin keçirdiyi imtahanlar da şagirdlərin biliyini yox, yaddaşını yoxlamağa meyllənmiş test tapşırıqlarıdır. Bu tapşırıqlar onların bacarığını yoxlamır. Hər hansı şəxsin əldə etdiyi bilik, informasiya uzunmüddətli yaddaşda qalmır. Bizim 5, 10 il əvvəl öyrəndiyimiz informasiya təbii ki, yaddaşımızda qalmayacaq”.

Kamran Əsədov
Kamran Əsədli

Onun fikrincə, DİM tədris proqramının mənimsənilməsini doğrudan da öyrənmək və yoxlamaq istəyirsə, hər tədris ilinin sonunda bu mexanizmi həyata keçirməlidir.

“Yəni şagird 6, 7, yaxud 9-cu sinifi bitirəndə imtahan keçirilməlidir. O zaman şagirdlərin proqramı necə mənimsədikləri məlum olar. Qəbul imtahanlarında isə 10-cu sinifdə oxuyandan 6-cı sinifdəki biliyi yoxlanılır. Ancaq o yaddaş qalıcı deyil, üzərinə yeni informasiya gəlir və nəticədə əvvəlkilər yaddan çıxır. Bütün dünyada belədir ki, heç kimdən 5 il əvvəlki biliyi yoxlayıb, ortaya statistika çıxartmırlar. Biz bunu insanların qabiliyyətlərində yoxlaya bilərik, xarici dil bilməsində, yaxud rəssamlığında, rəqs bacarığında. Mən də mərkəz işçilərinin universitetdə keçdiyi fənləri yoxlasam, ikiyə cavab verə bilməyəcəklər. Bu, o demək deyil ki, onlar ikiyə oxuyublar. Hər bir şagird mövzunun mənimsənilməsi ilə bağlı gündəlik dərsdə iştirak edib qiymət alır, tədris ilinin yarım illiyində yarım illik, ilin sonunda isə illik qiymət alır. İndi 5 il sonra onu yoxlayıb demək olmaz ki, yaxşı mənimsəməyib”.

Ana səhifəXəbərlər“Məzunların 42-67 faizi məktəb proqramını mənimsəmir”