”Məzənnənin dəyişməsi qiymətlərə təsir edəcək”

Rövşən Ağayev: “İnsanların zəruri qida məhsulları ala bilməməsi yoxsulluq riski yaradır”

Source:


Rövşən Ağayev: “İnsanların zəruri qida məhsulları ala bilməməsi yoxsulluq riski yaradır”

Əvvəlki aylarla müqayisədə Mərkəzi Bank hər həftə 3 dəfə hərrac keçirəcək. Yanvarın 16-da keçirilən hərracda 1 dollar 1.8045 manat olub, əvvəlki hərracda məzənnə 178,67 səviyyəsində müəyyənləşmişdi.

Bu durumun qiymət artımına təsirinin olub-olmamasını şərh edən iqtisadçı Rövşən Ağayev Meydan TV-yə deyib ki, Azərbaycan bazarı idxaldan asılıdır:

“Rəsmi statistikada daxili bazarın idxaldan asılılığı mənzərəsi tam açılmır. Amma idxal statistikası əsasında aparılan müqayisələr göstərir ki, bazar asılıdır. Bir halda ki, yerli bazarın idxaldan asılılığı yüksəkdir, o zaman milli valyutanın dəyərdən düşməsi məhsulların dəyərinə birbaşa təsirini göstərir”.

Rövşən Ağayev deyir ki, son 2 ildə manatın iki dəfədən çox dəyər itirməsi ciddi şəkildə inflyasiyaya səbəb olub:

“İndiki ərzaq səbətini 2015-ci ilin fevralın 21-dən əvvəlki ayların ərzaq səbətilə müqayisə etdikdə vacib məhsullarda 50 faizə qədər artım görərsiniz. Şübhəsiz ki, qeyri-ərzaq və xidmətlərdə də bu artım özünü göstərir. Əsas səbəb də manatın dəyərdən düşməsidir”,-deyə o, söyləyib.

Rövşən Ağayev hesab edir ki, dəyişən məzənnə qiymətlərə təsir edəcək:

“Şübhəsiz ki, hər hərrac öz təsirini göstərmir. Amma nə əhəmiyyəti var, hər gün olmasa da, 10-15 gündən sonra təsir edəcək. Yəni nə qədər manat ucuzlaşacaqsa, malların, məhsulların qiymətinin artımında bu təsirin şahidi olacağıq. Bu baxımdan inflyasiya qaçılmazdır, əslində, inflyasiya idxal inflyasiyasıdır. Düzdür, iqtisadiyyatın daxili strukturu, istehsal xərclərinin bahalanması da inflyasiya yaradıb. Problem ondadır ki, Azərbaycanın yerli istehsalının komponentləri idxaldan əhəmiyyətli dərəcədə asılı olduğuna görə qiymətlərə təsir edir. Ona görə nə qədər manatın məzənnəsi sabitləşməyib inflyasiya riski yüksək olaraq qalacaq”.

İqtisadçı deyir ki, gəlirlərin indeksasiya mexanizminin effektiv işləməməsi təəssüfləndiricidir:

“Yaşayış minimumunun dəyərinə yenidən baxılması mexanizmi müntəzəm işləməlidir. Qanunvericiliyə görə, hökumət ildə bir dəfə yaşayış minimumunun dəyərinə baxır. Xüsusilə inflyasiyanın həssas dövründə yaşayış minimumuna rüblük baxılmalıdır. Tutaq ki, bir rübdə 10 faiz, yarım ildə 40 faiz ola bilər. Bu dəyərlər düşdükcə, hökumət növbəti biri ili gözləməməlidir. Həmin vaxt inflyasiya nəticəsində ciddi gəlir itkisinə məruz qalmış yoxsul insanların taleyi necə olmalıdır? Ona görə indeksasiyaya mütləq olmalıdır və bu, insanların inflyasiya zamanı itirdiklərini kompensasiya etməyə imkan verməlidir. Əks halda bu gedişat ciddi yoxsulluq yaradacaq. Məsələn, bir nəfər 100 manata minimum ərzaq tələbatını ödəyə bilirsə, ay ərazində onun dəyəri 20 manat artırsa, deməli, həmin insan istahlakını ciddi şəkildə ixtisar etməli olacaq. Əsasən də insanların zəruri qida məhsulları ala bilməməsi yoxsulluq riski yaradır və bunun miqyasını əhəmiyyətli dərəcədə genişləndirir”.

Ana səhifəXəbərlər”Məzənnənin dəyişməsi qiymətlərə təsir edəcək”